MÜSTƏQİL FƏRDLƏRİN BİRLİYİNDƏN YARANAN MÜSTƏQİL XALQ QÜDRƏTLİDİR

Müsahibimiz Azərbaycan Kommunist Partiyası MK-nın katibi Ədalət Abdinovdur

-Ədalət müəllim, Ukraynadı son hadisələrə münasibətiniz necədir?
-Ukrayna, ABŞ və NATO-nun Ukraynanın cənub-şərqində fəaliyyət göstərən  federallaşma tərəfdarlarının rus ordusuna məxsus olmalarına dair iddiaları əsassızdır. Ukraynanın Slavyansk vilayətində ukraynalılara qarşı silah tətbiq etmiş şəxslər guya Rusiya vətəndaşlarıdır, onların hər biri Rusiya ərazizində hərbi xidmət keçməsi və Rusiyanın hərbi mükəlləfiyyətində olması iddia olunur. Əslində isə həmin şəxslər Qərbin imperialist dairələrinin göndərdiyi muzdlu əsgərlərdən, peşəkar qatil və quldur dəstələrindən ibarətdir. ABŞ Ukraynada rusiyayönümlü siyasətçiləri gözdən salmaq məqsədi ilə cürbəcür saxta rəy sorğuları təşkil etdirir. Bu rəy sorğuları guya  Ukraynada Qərbyönlü siyasətçilərin ümumi səs faizinin xeyli yüksəldiyini ortaya qoyur. Əslində isə insanlar rusiyayönümlü siyasətçiləri və partiyaları dəstəkləyirlər. 
Rusiya xarici işlər naziri Sergey Lavrovun sözləri ilə desək, Ukraynadakı “şou” ABŞ tərəfindən idarə edilir. Və öz çirkin maraqları naminə Ukraynanın şərqində də gərginliyi bu ölkə yaradır. İrtica yuvası Amerikanın Ukraynada qanlı oyunu bu gün də davam edir.Ölkənin şərqində heç bir silahlı terrorçu qrupu olmadığı halda, antiterror əməliyyatı adı ilə insanlar qorxu içində saxlanılır. Ukrayna daxili işlər naziri Arsen Avakov deyir ki, antiterror əməliyyatının əsas prinsiplərindən biri dinc əhali üçün riskləri minimuma endirməkdir. Əslində isə bu, regionda ABŞ-ın iyrənc planlarının həyata keçirilməsinə xidmət edir. ABŞ-dakı ağalarına sədaqət nümayiş etdirmək üçün   Ukraynanın baş naziri Arseni Yasenyuk  hökumətin iclasında çıxış edərkən Rusiyanın üçüncü dünya müharibəsi başlamaq istədiyini deyib. Bu üzdəniraq baş nazir ABŞ-ın de-fakto Ukraynanı siyasi və hərbi cəhətdən işğalının üstündən isə sükutla keçir.Çünki xalqı “qan çanağına” sürükləyən yasenyuklara belə təlimat verilib. Bundan əvvəl də, o, Amerikanın NBC teleşirkətinin “Mətbuatla görüş” proqramında prezident Putinin himayəsi ilə Sovet İttifaqının bərpa edilməsindən qorxu dolu həyəcanla danışmış və bununla da bu faktoru daim gündəliyə gətirən qərb imperialist dairələrinə yarınmışdır.  Əgər Sovet İttifaqının vətəndaşları həmin dövlətin bərpasını istəyirləsə və Putin və ya hər hansi başqa birisi xalqın bu iradəsini yerinə yetirmək istəyirsə bunun nəyi pisdir ki? Xalqın iradəsinin ziddinə gedənləri ittham etmək lazımdır. Demokratiya dövlətin xalq tərəfindən seçilmiş şəxslər tərəfindən idarə olunmasıdır. Ancaq dövlət quruluşu xalq tərəfindən müəyyən olunmasa, xalq tərəfindən seçilmiş şəxslərin fəaliyyətləri səmərəli nəticə verə bilməz.
Ukraynanın faşizm tör-töküntülü hakimiyyət rəhbərləri Rusiyanı gözdən salmaq üçün hər yola əl atırlar.  Məsələn, Ukrayna hakimiyyətinin nəzarətində olan mətbuatda belə bir məlimat yayılıb ki, Donetsk vilayətində fəaliyyət göstərən ATƏT-in hərbi müşahidəçiləri ilə əlaqə kəsilib. Bu faktın hələ nə qədər doğru olub-olmamağı təsdiqlənməyib.  Ukrayna Xarici İşlər Nazirliyinin informasiya siyasəti departamentinin rəhbəri Yevgeni Perebiynis ATƏT müşahidəçilərinin “separatçılar”, yəni ruslar  tərəfindən girov götürülməsi ehtimalının yüksək olduğunu deyir. Əlbəttə, məqsədləri aydındır.
Indi də Beynəlxalq Cinayətlər üzrə Haaqa Məhkəməsi (Haaqa Tribunalı) Kiyevdəki Maydan hadisələri zamanı baş vermiş  hadisələrin istintaqına başlayıb. Bəs, niyə həmin Haaqa Tribunalı Bakıda 20 Yanvar qırğınının, Qarabağda azərbaycanlıların tökülən qanlarının istintaqını aparmır, Ermənistandan zorla qovulan, öldürulən soydaşlarımızın acınacaqlı vəziyyətini araşdırmır? Çünki yırtıcı imperializm Azərbaycandan nə lazımdır qopardıb, Ukraynada isə istədiyinə nail olmayıb, necə deyərlər, daş qayaya rast gəlib.

-Müxalifət düşərgəsində yenə də antirusiya təbliğatı gündəmdədir. Bu düşüncə bizə nə verir?
-Bu düşüncə xalqımıza ancaq ziyan gətirir. "Rusiyanın Azərbaycana qarşı təcavüzkarlığığı artır",- deyən müxalifət ortaya konkret fakt qoya bilmir, çünki belə bir fakt yoxdur. "Şimal qonşumuz ölkəmizə, onun suverenliyinə qarşı təhdid sayıla biləcək əməllər törədir" – iddiası da cəfəngiyyatdan başqa bir şey deyildir. Təbii ki, olmayan şeyə hakimiyyət institutları da haqlı olaraq, əhəmiyyət vermirlər. Rusiyanın Azərbaycandakı səfirliyinin paytaxtımızdakı tərəfdarlarına azadlıq və qəhrəmanlıq rəmzi olan ”Georgiyev lenti" təqdim etməsində – Azərbaycan Kommunist Partiyası MK-nin üzvlərinin heç birinə, o cümlədən sıravi kommunistlərə bu lent verilməmişdir – heç bir qanun pozuntusu yoxdur və bunu ölkəmizə qarşı təxribat adlandırmaq gülüncdür. Diplomatik normalar pozulmadığına və  əsas olmadığına görə səfirliyə qarşı hər hansı hüquqi ittiham irəli sürmək mümkün deyil. Vətənşüvənlərdən soruşmaq istərdim, daha nə sözünüz var?.. Rusiyasevərlərin qarşısına milli “demokratlar” müstəqilliyin əlehdarları adlı çürük kötük diyirləndirirlər. Şimal qonşumuzla mehriban münasibətin müqabilində müstəqilliyimizə şübhə toxumu səpmək nadanlıqdır.Əvvəla, fərdi, xəlqi və dövləti müstəqilliyə tam çatmaq mümkün deyil. Təssüf ki, keçmiş İttifaq respublikalarında  Qərb imperializminin təzyiqi ilə ağalıq-nökərçilik, təbəqəçilik dairəsini qoruyan siyasət hökm sürür və bunun nəticəsində də “müstəqillik” adlı müqəddəs istəyin nisbi gerçəkliyi mövcuddur.

-Bəs, kommunistlər Azərbaycanın müstəqilliyini necə görmək istəyirlər?
-Əsil müstəqillər kommunistlərdir, qeyri-müstəqillər isə antikommunistlərdir. Kommunistlərin məqsədi Azərbaycanda sosializm cəmiyyəti qurmaqdır və bu nəcib iş uğrunda yorulmadan mübarizə aparırlar. Gələcək Azərbaycan Sovet Sosialist Respublikasında müstəqil fərdlər olacaq və bunların birliyindən da müstəqil xalq yaranacaqdır. Müstəqil fərdlərin birliyindən yaranan müstəqil xalq qüdrətli olacaqdır. Sovet dövlətinin və fərdlərin müstəqilliyi bir-birini tamamlayacaqdır. Biz gələcək sovet Azərbaycanının siyasi müstəqilliyini heç bir dövlətdən asılı olmamaqda, iqtisadi müstəqilliyini heç bir dövlətin iqtisadiyyatından asılı olmamamqda, mədəni müstəqilliyini heç bir dövlətin mədəniyyətindən asılı olmamaqda görürük. Bu günkü Azərbaycanda mənfur kapitalizm ruhumuza, mənəviyyatımıza, əxlaqımıza qarşı açıq təcavüzü davam etdirir. Azərbaycan sovet dövləti isə əxlaqın, milli dəyərlərin qoruyucusu olacaq, milli simanı müstəqilliyin başlıca rəmzinə çevirəcəkdir. Marksizm- leninizm təliminə sadiq qalan kommunistlərin Azərbaycan sovet dövlətinin müstəqillik qazanmasında böyük, danılmaz yeri olacaqdır. “Müstəqillk” sözünün, ideyasının, müqəddəs istəyinin nüfuzu bax, onda bərqərar olacaqdır. Kommunistlər gələcək Sovet Azərbaycanının  İstiqlal Bəyannaməsi qəbul etməklə  sosializm qurluşu arzulayan xalqın  dövlət quruluşunun çoxəsrlik ənənələrini marksizm-leninizm təlimi əsasında bərpa edəcək. Biz arzulayırıq ki, Azərbaycan Respublikası öz ərazisində tam sovet dövlət hakimiyyətinə malik olmaqla müstəqil xarici və daxili siyasət yeritsin. Sovet Azərbaycan Respublikasının müstəqil dövlətə xas olan təsisatları – Ali Soveti, hökuməti, ordusu, maliyyə sistemi dəqiq mexanizmlə fəaliyyət göstərsin. Sovetləşən müstəqil Azərbaycanın Rusiya tərəfindən ilhaq ediləcəyi iddiası nadanlıqdır. Yeri gəlmişkən, Qərb imperializminin uydurmalarına baxmayaraq, qüdrətli SSRİ-nin tərkibində olduğu 70 il ərzində Azərbaycana qarşı heç bir müstəmləkəçilik siyasəti yeridilmədi, respublikamızın təbii ehtiyatları, milli sərvətləri xalqımıza xidmət etdi. İmperializm canavarları Sovet Azərbaycanı zəiflətməkdən ötrü: "Azərbaycan xalqı təqiblərə və kütləvi cəza tədbirlərinə məruz qalır, onun milli ləyaqəti tapdalanır" cəfəngiyyatını gənclərin beyninə yeridirdi. Kapitalizmin vəhşi caynağına düşən həmin gənclər indi anlayırlar ki, bunların hamısı yalan imiş...

29-04-2014 20:25 Baxılıb: 10640    
Şərh bildir