Elə bilirdim insan ateist oldusa, vəssalam, dahidir!

Ziya Balıyev
 
Hərdən çox adam məndən soruşur ki, necə oldu iman gətirdin? Ateizmdən İslama keçməm çox insan üçün maraqlıdır.
Səbəbin nə olduğunu soruşanlara, həmişə Allah deyə cavab verirəm. Bəs vasitə kim oldu deyənlərə isə, cavabım standartdır: Həzrəti Əli.
Bu prosesi tam olaraq ilk dəfə yazıram. Deməli, əvvəl ateist olanda çox güclü dahilik sindromu yaşayırdım, indiki yeni ateistlər kimi. Elə bilirdim insan ateist oldusa, vəssalam dahidir və hər şeyi bilir. Din kitablarını oxumadan, ancaq xüsusi çıxarışlarla tənqid edirdim.
Məsələn, ateistlərdə məşhur Quran tənqidi var. Ya Turan Dursun saytına girərlər, ya da quran.az saytına girib axtarış bölməsinə "öldürün" yazaraq o ayələri çıxararlar. Başdan oturub oxuyan yoxdur.
Mən də eynən bu metodla gedirdim, çünki artıq Quranı yalançı kitab kimi alqılamışdım və tam oxumağa lüzum görmürdüm, çıxarışlarla kifayətlənirdim.
Lakin bu xətalı yanaşmam və ateist tabularım qırılmağa başladı. Quranı daha geniş oxuduqca əslində nə qədər xətalar etdiyimi anladım. Quranın radikal kitab olduğu, elmə düşmən olduğu kimi anlayışlarım zaman içində məhv olurdu, çünki daha ciddi araşdırır, bir-iki kontekstlə kifayətlənmirdim.
Bir dönəmdən sonra artıq gördüm ki, Quranda xəta var dediyim heç bir ayə qalmayıb ortada. Çünki vicdanla araşdırırdım və həqiqətləri kənara ata bilmirdim.
Amma Quranla problemim qalmasa da, ona fəlsəfi kitab kimi baxırdım. Çünki hələ də bir tanrıya inana bilmirdim. Əslində bütün fəlsəfi, məntiqi və əqli dəlillər Allahı göstərirdi, lakin təkəbbür və ya başqa səbəb mənə mane olurdu. Ürəyimdə hansısa səs mənə həqiqət budur desə də, özümü aldadır və durmadan ortaya əcaib təxminlər atırdlm. Eynən Qurandakı bir ayədə deyilən kimi: "Onlara de, sizin bir elminiz varmı ki, qarşımıza qoyasınız? Siz təxmindən başqa bir şey demirsiniz".
Bəli, bir ateistin də iddiaları təxmini keçə bilmir. Bəlkə elə yox belədir. İnsan içində olduğu zaman bunu anlaya bilmir. Heç cür bundan qurtula bilmirdim mən də.
Lakin mənim üçün bir vacib dəyər qalmışdı (bəlkə də xilas): Həzrəti Əli. Ən radikal ateist olduğum zamanlarda belə hər zaman Həzrəti Əliyə xüsusi sevgim var idi. Bəhs etdiyim insanlar çox zaman çıxılmazda qalanda mənə bu iddianı deyirdilər: Həzrəti Əli də səhv edirdi? Zəif nöqtəmi bilirdilər). Bu iddiaya çox zaman susurdum.
Zaman gəldi yetişdi ki, Allah mənə Həzrəti Əlinin məzarını ziyarət üçün Nəcəf səfəri nəsib etdi. Olduqca sevincli və həyəcanlı idim. İlk dəfə hərəmə girəndə nələr yaşadımı izah edə bilmirəm. Ən sevdiyim şəxsiyyətin hüzuruna gəlmişdim. Ateist olsam belə özümdən asılı olmadan ağladım məzarın yanında.
O anda yanımda bircə nəfər vardı: El Lobo. Ondan xahiş etdim ki, heç kimə deməsin bu barədə. Utanırdım.
O gün hərəmdə oturub dedim: "Ey Əli ibni Əbu Talib, Sənin haqqında çox şeylər danışırlar və yazırlar. Əgər bütün hər şey doğrudursa, mənə həqiqəti göstər". Bunu o qədər səmimi və içdən demişdim ki...
O anda heç nə olmadı, səfər boyu da qeyri-adi nələrsə hiss etmədim və beləcə Bakıya qayıtdım. Artıq düşünürdüm ki, möcüzəvi heç nə yoxdur, hər şey təbiidir.
Bir neçə gündən sonra gecə 1-2 radələrində evdə uzandığım zaman anidən özümü itirdim. İlahi, o nə hiss idi! Allaha and olsun ki, bunu yaşamayan insana izah etmək çox çətindir. Sanki kimsə sinəm üstündə oturub dur namaz qıl deyirdi. Yaxamdan kiminsə yapışdığını hiss edirdim və ürəyimdən başqa heç nəyin səsini eşitmirdim.
Durub hamama qaçdım ki, qüsl alım, gördüm su kəsilib. O evdə su vaxtla gəlirdi. Qayıdıb uzandım və o hiss getdi. Dedim yəqin emosiyalarım idi və boş saydım.
Az sonra xəstələnib xəstəxanaya düşdüm. Xəstəxananın 4-5-ci günündə axşam 10-11 radələrində əvvəlkindən daha güclü bir şey gəldi. Əvvəlki kimiydi amma ondan daha güclü. Yataqda sözün həqiqi mənasında qıvrılırdım. Nə olduğunu bilmirdim, tək hiss etdiyim nəyinsə bir başa beynimə təsiri və mənə "dur namaz qıl" deməsiydi. Sanki beynimdəki hər şey silinib tək şey qalmışdı: namaz qıl.
Özümü yataqdan qaldırıb hamama qaçdım. Yuyunmaq səhhətim üçün təhlükəli olsa da, heç nəyi düşünmədim yuyundum və qüsl aldım. Ondan sonra isə Kəlmeyi şəhadət verib, İslamla şərəfləndim.
Bu çox insana fantastik gələ bilər, lakin bəzi şeylər var ki, kim nə deyir desin, dəyişməz həqiqətdir.
6 illik ateist təcrübəmdən sonra bir şeyə əmin oldum: Ağıl Allahı tapmaqda acizdir, o yalnız sənin inancını əsaslandırır. Allahı ancaq qəlb tapa bilər.
Bunun üçün də, bütün səmimiyyətinlə həqiqəti tapmağı istəməlisən.
Kosmosdan istə bunu, amma istə. Belə olduqda hökmən tapacaqsan.
28-07-2018 15:11 Baxılıb: 910    
Şərh bildir