Əlinin tənhalığı

Doktor Əli Şəriəti
 
Əslində insan yalnız bir varlıqdır. Bütün hekayələrdə, insanla əlaqədar bütün mifologiyalarda, bütün bəşəri dinlərdə, insanın yalnızlığı tarix boyunca müxtəlif şəkillərdə və dillərdə ifadə edilmişdir. "Bu aləmdə insana əziyyət verən onun yalnızlığıdır". Bu təklik, tənhalıq nədən irəli gəlir? Erix Fromm "Yalnızlıq eşqdən və yadlaşmaqdan doğular" deyir. Bu doğrudur. Bir sevgiliyə aşiq olan kimsə, digər bütün çöhrələr ilə yadlaşar və ondan başqa heç bir şeyi arzulamaz. O olmadığı zaman istər-istəməz tək qalar. Ətrafındakı fərdlərə, əşyalara və digər şeylərə yad olan kimsə, onlarla bütünlük qura bilməz, tək qalar və tənhalıq hiss edər. İnsan, insan olma mərhələsinə yaxınlaşdığı vaxtda daha çox tənhalıq hiss edər. Daha dərin olan, daha üstün və daha seçkin bir ruha sahib kəslərin, xalq yığıncaqlarının günlük həvəslərindən və ümumi zövqlərindən uzaqlaşdığı, hətta qaçdığını görərik. Və ya o kəslərin ruhları ucaldığı, yəni dərin düşüncələrə qapıldığı vaxtda cəmiyyətlə və zamanla aralarına məsafələrin girdiyini və zaman içərisində yalnız qaldıqlarını görərik. Dahilərin bioqrafiyalarını oxuduğumuzda onların ən diqqətə çarpan sifətlərindən birinin öz dövrlərindəki təklikləri olduğunu görərik. Öz dövrlərində məchuldur, qəribədir və öz evlərində yaddırlar.
Bütün fəlsəfi təlimlərdə insan yalnız bir varlıqdır və təkliinə görə dərd içindədir. İnsan, daha çox insan olduğu və təkamülə çatdığı ölçüdə ümumiyə hakim olan bir günlük sevgilərə, duyğulara və sadəliklərə iştirak etməkdən uzaq durur və getdikcə məchullaşır.
İnsanı öz cəmiyyətində yalnızlaşdıran səbəblərdən biri xalqın hamısının bələd olduqlarına onun yad olması, xalqın içib dad aldığı su bulağının kənarında onun susuz qalması, hər kəsin yeyib doyduğu süfrə başında onun ac qalmasıdır. Ruh, təkamülə çatdığı və Quranda Adəmin qissəsi deyə bəhs edilən eşqin insana çatdığı ölçüdə daha bir tək qalar.
Kim yalnız deyil?
Hər kəs ilə eyni səviyyədə olan, zamanın rəngini almış olan, hərənin rəngini öz rəngi edən, hər kəslə yola gedə bilən, hər şəkli və ölçüsüylə digər varlıqlara bərabər olan kimsə. Bu insan yalnız, tək və məchul olma hissinə qapılmaz. Çünki hər kəslə birdir. O birlik içindədir, birliklə iştirak edər, geyinər, zövq alar və hamı ilə eyni davranar. Boşluq hissi, bu cəmiyyətin, bu zamanın və bu günlük sadəliklərə doyura bilmədiyi ruhlarla bağlı bir şeydir. Qaçma hissi, təklik hissi və bu qaçışın səbəbi olan eşq hissi, onu ibadət etdiyi və razılaşdığı tərəflərə doğru çəkər. Yönəldiyi tərəf özünə layiq olan və şəxsiyyəti ilə uyğunluq kəsb edən yerdir.
Bir ruhda təklik və eşq hissi, bu ruhun təkamülü nisbətində daha güclü, şiddətli və daha iztirab verici olur. İnsanın dərdi, Mütəal insanın dərdi, təklik və eşqdir.
 
Tərcümə etdi: Sahil Qənbərli
27-06-2017 22:46 Baxılıb: 1690    
Şərh bildir