Cənnət ayaqlarının altında olmasa belə...

Kərbəlayi Rəmzi Sabirabadlı

Yaşlı bir ata quzu ətindən hazırlanan yarpaq dönərini çox sevərmiş... Bir gün ürəyi yarpaq dönərini çox istəyir. Atasının istəyini hiss edən oğlu onu götürür və gözəl bir restorana aparır.
Ata əvvəl yeməyini özü yemək istəyir. Ancaq qocalığın verdiyi zəiflik səbəbilə əlləri titrədiyi üçün loxmaları ağzına aparmaq istədiyi hər dəfəsində üstünə tökür, yağı saqqalına damladır...
Restorandakı digər insanların baxışları və diqqətləri də onların üstündəymiş. Aşağılayıcı baxışlar, lağ edici hərəkətlər və üz turşutmalar ilə arada yaşlı ataya baxırlarmış..
Oğlu səbr və diqqətlə loxmaları atasının ağzına qoymağa başlayır… Nəhayət yemək bitir və oğlu atasını əl yuyana aparır, əl-üzünü gözəl şəkildə yuyur, üst-başını silib təmizləyir, saç-saqqalını düzəldib darayır, eynəyini silib gözünə keçirir, sonra da qoluna girib çölə çıxarır…
Restoranda olanlar hələ də həqarətli nəzərlərlə onlara baxırlar.
Heç bir baxışa əhəmiyyət verməyən oğulun isə üzündə təbəssüm varmış, atası çox sevdiyi yeməkdən yeyib ləzzət aldığı üçün…
Yemək pulunu ödəyib çıxacaqları vaxt arxadan yaşlı bir dayı səslənir:
-Ey oğul, burada bir şey qoyub getdiyini unutmadınmı?
Bir az düşündükdən sonra oğlan cavab verir:
-Xeyr, stolda nəsə unutduğumu zənn etmirəm.
Yaşlı dayı:
-Xeyr oğul, yanılırsan. Sən burada çox dəyərli bir şey qoyub gedirsən!
Oğlan təəccüblə soruşur:
-Nə qoymuşam ki, dayı?!
-Sən burada hər övlad üçün bir dərs və hər ata üçün bir ümid  qoyub gedirsən!
Tam bir səssizlik düşür salona…
Hər kəs etdiyindən və düşündüyündən utanır.
Unutmuşdular bir anlıq, hər çətinlikdə atalarına sığındıqlarını:
-Ata! Bunu istiyirəm.
-Ata! Mənə bunu al.
-Ata! Bu məktəbdə, bu üniversitetdə oxumaq istəyirəm, bu qədər xərc lazımdır.
-Ata! Məktəb, universitet  xərcləri üçün bu qədər pul lazımdır.
-Ata! Filan yerə gəzməyə getmək istəyirəm, pul ver.
-Ata! Ad günümdə mənə nə alacaqsan?
-Ata!..
-Ata!..
Amma bir dəfə olsun deməmişlərdi sanki:
-Ata, yanımdasan və bu mənim üçün hər şeyə dəyər və yetər!..
-Atam! Sənin yanında olmaq mənim üçün bir dünyadır…
Həmişə sahib olmaq istədiklərimə görə söyləndik, olmayan şeylərimizə görə inciyib şikayətçi olduq… Lakin heç soruşmadıq ondan:
-Ata! Sənin məndən istədiyin bir şey varmı?..
Uşaq vaxtı çoxumuzdan soruşardılar: “Ananı çox istəyirsən, yoxsa atanı?” deyə. İlk başda “hər ikisini” desək də bir az israr ediləndə utanaraq, sıxılaraq xəfif səslə “anamı” deyirdik. Buna rəğmən ata içindəki acını bizə hiss etdirmədən təbəssüm edirdi. Kim bilir, bəlkə də hər kəsin yanında utanırdı…
Amma bir gün gələr uçub gedərsə əlindən- ailə fərdlərinin gözəl yaşaması üçün nə cür  zəhmətlərə qatlandığını o zaman anlayarsan.
Cənnət ayaqlarının altında olmasa belə...
Bu yazıdan sonra bu duanı etmək gəldi içimdən...
"Allahım! Mən övladlarımdan razıyam. Sən də onlardan razı ol..."
Rəbbim hər kəsə ataya, qardaşa, qohuma, qonşusuna, kimsəsizə baxan, vətənə, millətə, hər kəsə  xeyirli övlad nəsib etsin inşallah.

02-12-2018 12:34 Baxılıb: 330    
Şərh bildir