Müəllimin nüfuzunun artırılması müəllimin şəxsiyyətindən asılıdır

Anar Məhərrəmov

Valideynlərin təhsil ocağı ilə sıx əlaqə saxlaması, məktəbdə və təhsildə gedən proseslərdə bilavasitə iştirakı çox vacibdir. Hər bir valideyn övladının necə oxuduğunu, hansı vərdişlərə meyilli olduğunu, məktəbdə müəllim və sinif yoldaşları ilə münasibətlərini necə qurduğunu xüsusi diqqətdə saxlamalıdır. Valideyn təhsildə yaxından iştirak etməli, seyrçi rolu oynamamalıdır. Gündəliklər müəllimlə valideyn arasında körpü rolunu oynayır. Məktəbə gedə bilməyən valideynin gündəlik vasitəsilə tədris prosesini izləmək imkanı vardır.
Uşaqların təlim-tərbiyəsində, təhsilinin güclü olmasında məktəblə valideyn münasibətlərinin sıx qurulmasının rolu danılmazdır. Çünki valideyn pedaqoqla nə qədər çox maraqlansa, övladı da bir o qədər üzərində güclü nəzarət olduğunu hiss edər.
Lakin valideynlərin böyük hissəsi bu proseslərdə yaxından iştirak etmir. Məncə valideynlə müəllim arasında çox sıx əlaqə olmalıdır. Əgər valideyn məktəbə gəlmirsə, o nə məktəbin, nə də öz övladının problemlərini bilmir. Çox vaxt müşahidə edirik ki, valideyn dərsdə oturarkən evdə uşağının görmədiyi tərəfini görür.
Bəzən valideynlər müəllimin dəvəti ilə iclasa gəlir, lakin müəllim hamının içində deyir sənin uşağın oxumur, tərbiyəsizdir. Pedaqoq valideynlər arasında fərq qoyur və digər valideynlər içində onu pərt edir. Belə hallar yolverilməzdir və müəllim bütün uşaqlara eyni diqqətlə yanaşmalıdır.
Valideyni məktəbə cəlb etmək üçün pedaqoq xüsusi metodlar işləməlidir. O metodlardan biri də ailə ziyarətləridir. Kənd yerlərində şagirdlərin evlərinin məktəbə yaxın olduğu üçün valideynlərlə təmas qurmaq elə də çətin deyildir. Uşağın yaşadığı şəraitlə tanış olmaq onu tərbiyələndirmək və savadlandırmaq işinə yardımçı olur. Uşağın bir sıra şəxsi keyfiyyətləri var ki, onlar haqqında valideyn pedaqoqdan daha yaxşı məlumatlıdır. Valideynlə təmas zamanı pedaqoqun həmin keyfiyyətlər haqqında məlumat alması olduqca vacibdir.
Dövrümüz elədir ki, valideynlərin bir çoxu öz işləri ilə məşğul olurlar və məktəblə əlaqəyə vaxt ayıra bilmirlər. Odur ki, onlar uşaqlarının təhsilində yaranan çətinliklərlə yaxından tanış olmağa imkan tapmırlar. Düşünürəm pedaqoqun borcudur ki, yaranmış çətinliklər barədə valideyni vaxtında məlumatlandırsın. Belə olduqda pedaqoq vaxtında və asanlıqla həmin çətinliyi aradan qaldıra bilir. Belə çətinliklər və ya problemlər yarandıqda pedaqoq ilk əvvəl vəziyyətdən çıxış yolu kimi valideynin öz fikrini öyrənməli və onun təklifini diqqətlə dinləməlidir. Çünki valideyn öz övladının xarakterik cəhətlərini pedaqoqdan yaxşı bilir. Pedqaoq valideynin fikrini dinlədikdən sonra onunla məsləhətləşərək yekdil qərar qəbul etməyə çalışmalıdır. Yaranmış bütün konfliktli vəziyyətlərdə valideynlərlə daha sıx təmasa girmək, hörmətlə yanaşmaq, diqqətlə dinləmək və kompromis axtarmaq gərəkdir.
Həm də bu əlaqə zamanı valideynə siz deyə müraciət etmək, onun şəxsiyyətinə hörməti diqqətdə saxlamaq vacibdir. Valideyni diqqətlə və səbrlə dinləmək lazımdır. O cümlədən pedaqoq uşağın valideynlərinə gülərüz insan təəssüratı bağışlamalıdır. Valideynlə söhbət zamanı uşağın imkanlarını qabartmaq, təhsilə həvəsinin və əqli potensialının olduğunu bildirməklə valideynin də uşağın təhsilləndirilməsi işində yaxından iştirak etməsinə stimul yaratmaq gərəkdir.
Uşağının təhsil və tərbiyə ilə bağlı uğurlarına biganə yanaşan valideyn yoxdur- pedaqoq ona bu işdə həvəs yaratmaqla bir növ öz işini asanlaşdırır. Valideyn hiss etməlidir ki, pedaqoq onun uşağının düzgün tərbiyə və təhsil almasına çan atır.
Məktəb-valideyn əlaqəsi gücləndirilməlidir. Məktəbdə müəllimin nüfuzunun artırılması müəllimin şəxsiyyətindən asılıdır. İlk növbədə məktəblərimizdə müəllimlərin ciddiyyəti artırılmalıdır. Məktəbdə ciddi nizam-intizam olmalıdır. Müəllim başqasının övladına öz övladı kimi yanaşmalıdır. Həm də müəllim intellekti, bilik və təcrübəsi, mehriban davranışı, ünsiyyəti ilə şagirdin diqqətini və hörmətini qazanmağa çalışmalıdır.

30-07-2018 15:57 Baxılıb: 890    
Şərh bildir