Buzeyir kəndi

Lerik rayonu Zuvand bölgəsində külli miqdarda iri və xırda toponimlər - yer adları mövcuddur. Onlar özünəməxsusluğu ilə seçilir. Bu kəndin ərazisi əsasən 5 vahidlikdən ibarətdir: Niso, Çəkerə, Pedi-Hüləboğ, Mələton, Vişə.
“Niso” sözü kənd əhalisinin dilində “quzey” deməkdir. “Niso”, yəni ərazisi quzey olan torpaq sahəsidir. Bu ərazi vahidliyi özündə 30-a yaxın toponimi birləşdirir (Bu toponimlərin hamısının izahı “Buzeyir” adlı kitabda öz əksini tapıb). Məsələn, “Qıtitəpə”- Çiçəkli təpə, “İskanəhoni”- Stəkana oxşar bulaq, “Çaxmaxəhal”- çaxmaqlı dağ, “Məlohal”- Molla dağı, “Qərovidə”- Qoturlu bulağın olduğu yer, “Məjüəhi”- Mərci yeri və sair.
Çəkerə adlanan ərazi Buzeyir kəndindən şərq istiqamətdə yerləşir. “Çəkerə”, əsasən çılpaq dağlı əraziyə deyilir. Çəkerə Nicodan Bizzəyru- Bizzəyçay ilə ayrılır. Bu vahidlikdən Buzeyir avtomobil yolu keçir. Çəkerə özündə 49 toponimi birləşdirir: Pavəroton-Yolun döngəli olan hissəsi, Ovə koçon- Sulu kahalar, Hılıday koç- Dəlik olan ağac kahası, Kafteə koç- Göyərçin kahası, Voğbədül- Alov olan yer, Donəjən- Bəxtlərini sınayan təpə, Nemıkəsığon- Duzlu daşlar, Sipiəxok- Ağ torpaq, Piəjeni koç- Qoca arvadın kahası və digərləri.
“Pedi-Hüləbağ” - Yuxarı kənd-Armud bağı (“pe”- yuxarı, “di”- kənd, “hülə”- armud, “bağ”- bağ) deməkdir. Yaşlı kənd sakinlərinin deməyinə görə, bu ərazi kəndin köhnə yerlərindən biri olmuş, lakin burada su olmadığından əhali çox əzab çəkərmiş. Əhalinin ərazidən köçməsinə digər səbəb isə burada ilanların çox olmasıdır. Bu ərazidə kəndlərin olmasını və orada insanların yaşamalarını təsdiq edən köhnə tikili qalıqları və məişətdə istifadə olunan saxsı qab tullantıları var. Buralar aşağıdakı toponimləri özündə birləşdirir:
“Vankardəhal” - Səslənən dağ. Buzeyir kəndinin şimalındakı yüksəklikdə yerləşir. Kənd sakinləri hər hansı bir hadisəni həmkəndlilərinə çatdırmaq üçün bu dağın üstünə çıxarmışlar. “Çüqülüəkəykəm”- Ağac sürüşdürən evin yamacı, “Kubzə koç”- Vəhşi keçi kahası, “Kafteəbərə”- Göyərçin bərəsi, “Quləkuliş”- Qulaməlinin kolluğu deməkdir.
Mələton. “Moləton” - “mol” - heyvan, “ton” - yan tərəf deməkdir. Mələton ərazi vahidliyi kəndin heyvanlarının örüş yerlərindən ən başlıcasıdır. Burada kəndlilər qar əriyəndən qar düşənədək öz mal qarasını saxlayır və buranı örüş yeri kimi istifadə edirlər. Mələton aşağıdakı toponimləri özündə birləşdirir: “Avğon”- Buludlu yer, “Ziftiəli çol”- Ziftiəlinin çalasi, “Sığancədül”- Daşlıq, “Kumon”- Komalar, “Korəhoni”- Kar bulaq, “Bahari koç”- Baharın kahası, “Lüməpojon”- Lüt payalar, “Şinənozi morijəy”- Şinənazı ilan çalan yer, “Qomuşiqulibəy”- Camış diyirlənən yer, “Müzəlonə”- Milçək yuvası və başqaları.
Vişə. “Vişə” sözü meşə deməkdir. Bu ərazi Buzeyir kəndindən şimalda yerləşir. Ərazinin “Vişə” adlandırılmasına səbəb vaxtilə bu yerdə qalın meşəliyin olmasıdır. Lakin indi meşəlik yoxdur. Vişə 48 toponimi özündə birləşdirir: “Siosığ”- Qara daş, “Bilidə”- Ördək dərəsi, “Şonəsığidül”- Dağın darağa oxşar olan yeri. Əfsanəyə görə bu daşı Allah bir insanın (qadının) darağından yaratmışdır. Burada daşın üzərində «Lerik» sözünə oxşar “yazıya” bənzər izlər var. Bu təbii “yazı”, daşın eroziyaya uğraması nəticəsində yaranmışdur.
“Merdəhal” - Kişi dağı “Şonəsıdül”dədir. Əfsanəyə görə bir çoban Allaha yalvararaq ondan öz arzusunun çin olmasını diləyir. O Allaha bu ərazidə suyun, bulağın olmağını istədiyini söyləyir və ondan ötrü qurban kəsəcəyini bildirir. Allah da onu eşidərək bu yerlərdə bir neçə bulaq-çeşmə yaradır. Çoban qurban kəsməli qoyunun yerində bir neçə birə öldürərək Allahı lağa qoyur və deyir ki, mən sənə qoyunun yerində birə kəsirəm, lakin sən mənim arzularımı çin etdin. Nəticədə Allah-təala onu varı-dövləti ilə birgə daşa döndərir. “Vannəhal” - Vannaya oxşar dağ. “Amukulətirəğ”- Əminin abad etdiyi ərazinin təpəsi. “Hırsi tang”- Donuzun yeri, “Sükisıgivə”- Xoruzlu daşın qabağı və digərləri.
 
Habil Əliyev
31-10-2017 20:37 Baxılıb: 250    
Şərh bildir