ALARLARIN MƏNŞƏYİ HAQQINDA

Tofiq Əzizov

Alarların yaşadığı ərazi. Alar tayfası Azərbaycan Respublikasının Cənub – Şərq və İran İslam Respublikasının Muğan adlanan hissəsində, əsasən də Arazboyunda ( Bax: ,,Elat, əşirət və tayfalar” jurnalı, Tehran – 2006, № 281, s.10) yaşayan ən böyük tayfalardan biridir. İsmayıl Əmirxizi yazır ki, Arallu və ya Alarlu rəvayətlərə görə, Şahsevən tayfalarından olan elin adıdır. Öz aralarında Arallu, amma yazıda Alarlu və ya Alari yazırlar ( Bax: İsmayıl Əmirxizi. Azərbaycan qiyamı və Səttarxan. Tehran, 1379 (1980), s. 379 ; Teymur Bünyadov, Kərim Şükürov. Alarlar: Gündoğandan başlayan yol. Bakı – 2005, s. 44). Maraqlı burasıdır ki, bizim kənddə (Masallı rayonunun Tatyanoba k. - T. Ə.) yaşayan qocalar da yaxın keçmişdə Cəlilabadın Alar kəndinə Arallı deyərdilər. Bu da onların Azərbaycan ərazisinə Aral gölü ətrafından gəlməsinə bir işarədir.
Alar tayfasından olan və Cəlilabad rayonunun Alar kəndində yaşayan filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı apardığı tədqiqatlar əsasında müəyyən etmişdir ki, alarlar hazırda Çində Aksu və Tarım çayları arasında, Monqolustanda Kobdo çayı sahillərində, Rusiya Federasiyasının İrkutsk vilayəti və Altay ölkəsində, Qırğızıstanda İssık-kul gölündən şərq tərəfdə, Özbəkistan, Türkmənistan və Qazaxıstanda Amudərya və Sırdərya çaylarının mənsəbində sıx şəkildə, həmçinin Əfqanıstan, İran, Türkiyə, Suriya və Azərbaycan ərazisində yaşayırlar (Bax: Bilal Alarlı . Alar və alarlar. Bakı – 2003).
Azərbaycan Respublikasında yaşayan alarlar özlərini Alar tayfasından olan Alı xanın oğlanları Həsən, Qulam, Nurpaşa və qızı Nigarın törəmələri hesab edirlər. Rəvayətə görə, Alı xan Yardımlının Alar kəndinə Mir Mustafa xanın ( 1787 – 1814 ) dövründə İranın Kirmanşah şəhəri yaxınlığındakı Şahi kəndindən gəlmişdir (Bax: Misir Alarlı. Alar dastanı. Bakı – 1993, s. 24, 114 ). Köçəri həyat tərzi keçirmiş alarların bir hissəsi təxminən 19-cu əsrin ortalarında indiki Cəlilabad rayonunun ərazisində də məskunlaşaraq burada Alar, Sərhədabad və Abışabad kəndlərinin əsasını qoymuşlar (Bax: Teymur Bünyadov, Kərim Şükürov. Alarlar:... s. 71).
Şahi kəndi harada olmuşdur? Xatirələrdə yaşayan rəvayətə görə, Alı xanın elatı Şahi kəndindən Yardımlının Çiçəkli yaylağına bir neçə, daha doğrusu üç günə gəlmişdir. Arxadan gəlib burada elata çatan Alı xana və adamlarına söhbət edərkən, onu təqib edən düşmənləri Germi tərəfdən onlara güllə atmışdır (M. Alarlı. Alar... s. 15 - 16). Ən adi hesablamalar göstərir ki, Şahi kəndi Kirmanşah şəhəri yaxınlığında olsaydı, elat bu məsafəni heç bir aya da gələ bilməzdi. Digər tərəfdən rəvayətə görə, düşmən sonralar Şahi kəndinə hücum edəndə, Mir Mustafa xan Alı xanın başçılığı altında ora kömək göndərmişdir (Yenə orada. s. 48- 49). Şahi kəndi Kirmanşah şəhəri yaxınlığında olsaydı, Mir Mustafa xan bundan dərhal necə xəbər tuta bilərdi və ora kömək göndərərdimi? Bu kömək gedib ora çıxa bilərdimi? Təbii ki, yox. Deməli, Alı xanın Alar kəndinə gəldiyi vaxt Şahi kəndi ondan ən çoxu 100 km. uzaqlıqda, bəlkə də elə Germinin yaxınlığında olmuşdur. Hazırda alarların yaşadığı ən məşhur kəndlərdən olan Beldaşı və Məcidli Germidən 6 km. qərbdə və cənubda yerləşir. Əhalisi türkdilli və şiə məzhəblidir (Bax: İran coğrafiya ensiklopediyası. Tehran – 1951, səh. 104).
Alar tayfasının etnik mənsubiyyəti rəsmi sənədlərdə. Alar tayfasının etnik mənsubiyyəti ilə bağlı rəsmi sənədlərdə verilmiş məlumatlar ziddiyətlidir. Belə ki, Bakı quberniyasının məskunlaşma yerlərinin 1859-1864-cü illərə dair materiallarında alarlar dörd hissəyə bölünmüş və indiki Cəlilabad rayonunun Alar kəndi I hissəyə, Sərhədabad kəndi II hissəyə, Abışabad kəndi III hissəyə, Yardımlı rayonunun Alar kəndi isə IV hissəyə aid edilmişdir. Bu materialda kəndlərin dördünün də, sakinlərinin mənşəcə Talış olduğu göstərilmişdir (Bax: Teymur Bünyadov, Kərim Şükürov. Alarlar: ... s. 66 – 67). XIX əsrin 80 – cı illərində Talışda olmuş dövlət komissiyasının üzvü D. A. Kistenyev də alarların Talış olduğunu bildirmişdir ( Bax: Qəmərşah Cavadov. Talışlar. Bakı – 2004, s. 43).
1886-cı ildə tərtib edilmiş ailə siyahılarında Bakı quberniyasının Lənkəran qəzasındakı Alar kəndlərinin əhalisinin Talış, Sərhədabad və Abışabad kəndlərinin əhalisinin isə Tatar (Türk) olduğu göstərilmişdir (Bax: Teymur Bünyadov, Kərim Şükürov. Alarlar: ... s. 79).
Ən nəhayət 1936 – cı ildə tərtib olunmuş Azərbaycanın yaşayış məskənlərinin siyahısında Cəlilabad rayonunun Alar, Abışabad və Sərhədabad kəndlərinin əhalisinin Türk, Yardımlının Alar kəndinin əhalisinin isə türk və talışlardan ibarət olduğu bildirilmişdir (Yenə orada. s. 120 – 121).
Göründüyü kimi, rəsmi sənədlərdəki məlumatlar ziddiyətlidir. Buna alarlar haqqında məlumat verən və sənədləri tərtib edən şəxslərin məsələyə qeyri-ciddi münasıbətinin nəticəsi kimi baxılmalıdır. Belə olmasaydı, eyni tayfanın bir hissəsi Türk, digər hissəsi isə Talış kimi qeydə alınmazdı.
Tədqiqatçılar Alar tayfasının etnik mənsubiyyəti haqqında. Bu məsələdə yazılı mənbələrdəki məlumatlara və yaddaşlarda yaşayan rəvayətlərə əsaslanan tədqiqatçılar 2 qrupa bölünürlər. Birinci qrupa daxil olanların fikrincə Alar tayfası mənşəcə Türkdür. Alar tayfasından olan Alar kənd məktəbinin ədəbiyyat müəllimi, şair Misir Alarlı yazır: “Alar qədim türkdilli tayfadır”(Alar dastanı... s. 2). Bilal Alarlı da apardığı tədqiqatlar əsasında Alar tayfasının Oyrat tayfa birliyinə daxil olan qədim Türk tayfalarından biri olması nəticəsinə gəlmişdir (Bax: Bilal Alarlı. Alar və alarlar. Bakı – 2003). Son vaxtlar Alar tayfası haqqında daha bir tədqiqat əsəri akademik Teymur Bünyadov və t. e. n. Kərim Şükürov tərəfindən yazılmışdır. Onlar da alarların mənşəcə Türk olması nəticəsinə gəlmişlər (Teymur Bünyadov Kərim Şükürov. Alarlar:... s. 25). Kitaba ön söz yazan t. e. d. Cəmil Həsənli də, alarların mənşəcə Türk olduğunu bildirmişdir (Yenə orada. s. 4).
T. Bünyadov və K. Şükürov isə alarların Talış hesab edilməsinə Rus qafqazşünaslığının buraxdığı səhvin nəticəsi kimi baxırlar (Yenə orada. s. 78).
İkinci qurupa daxil olan tədqiqatçıların fikrincə isə, ana dili Azərbaycan türkcəsi olan alarlar dilini unutmuş talışlardir (Bax: TolishPress . orq. – Азербайджанцы: этнос или территориальная принадлежность?). A. A. İzmayılova yazır ki, alarların doğma talış dilini unutması hadisəsi XX əsrin ortalarında baş vermişdir (Yenə orada). Doğurdan da, alarların bir hissəsi A. A. İzmayılovanın göstərdiyi vaxtadək Talış dilini də bilmiş, orandlılar və zuvandlılarla müəyyən qohumluq əlaqələri də olmuşdur. Lakin bunlar alarları Talış hesab etməyə əsas vermir. Niyə ? Çünki həmin vaxt onlarla qonşu olan İrandilli orandlı və zuvandlılar da Azərbaycan türkcəsini bilmiş və ,,tırk” dedikləri Azərbaycan türkləri ilə də müəyyən qohumluq əlaqələri olmuşdur. Belə olan halda alarların talış olduğunu iddia edənlərdən soruşmaq lazımdır: Elə isə bəs siz Zuvandlıları və orandlıları niyə türk hesab etmirsiniz? Şəxsən mən indiyədək alarlar kimi, Cəlilabad və Biləsuvar rayonlarında onlarla eyni vəziyyətdə yaşayan bircə nəfər də olsa, ana dilini unutmuş orandlı və zuvandlıya rast gəlməmişəm. Üstəlik də, bu məqaləni yazarkən Yardımlının Alar kəndində yaşayan alar tayfasından olan ziyalıların da rəyini bir daha öyrənmişəm. Onlar birmənalı şəkildə bildiriblər ki, biz türkük. Üzümü alarları Talış hesab edənlərə tuturam: belə alarlara rast gəlibinizsə, konkret adlarını və ünvanlarını göstərin!
Beləliklə, Alarların Talış dilini unutmasının əsasında onların Türk olması faktı dayanır.
Alarlar kimdir? Yazılı mənbələrdəki məlumatlar və indiyədək aparılmış tədqiqatların nəticələrinin təhlili göstərir ki, alarlar Massaget tayfalarından olan qədim Alan tayfasının bir hissəsidir. Xəzər dənizinin Şimal sahilləri ilə qərbə doğru hərəkət edən massagetlər sarmatların əvvəlcə Volqa çayı sahillərində, sonra Volqa və Don çayları arasında yaşayan hissəsini əsarət altına aldılar. Alan tayfa adı da yazılı mənbələrdə belə bir vəziyyətdə - I əsrdə meydana çıxdı. Rus və Qərbi Avropa alimlərinin əksəriyyəti sarmatlarla alanları eyniləşdirir və onları irandilli osetinlərin əcdadı hesab edirlər. Lakin bu alimlər nəzərə almırlar ki, sarmatlar və alanlar mənşəcə tamamilə başqa-başqa tayfalardır. Osetinlərın soykökündə alanlar iştirak etsələr də, onların birbaşa əcdadları Şimali Qafqazda yaşamış Skif və Sarmat tayfalarının irandilli hissəsi olmuşdur. Antropoloji tədqiqatların nəticələri də bunu təsdiq edir. Belə ki, sarmatlar girdəbaş və enlisifət olduqları halda, alanlar uzunbaş və ensizsifət olmuşdur (Bax: Сарматы - Википедия) . Alanların antropoloji quruluşu Şimali Qafqazda yaşayan Qaraçay – Balkarların antropoloji quruluşuna uyğundur. Türkdilli qaraçay-balkarlar bu gün də özlərini ,,As” və ,,Alan” adlandırırlar (Bax: Dünya xalqları. Bakı – 1998, s. 32; Alanlar – Vikipediya). Osetinlərin isə bir hissəsi özlərini İron, digər hissəsi Diqoron adlandırırlar (Dünya xaqları... s. 237).
Beləliklə, alarların əcdadı bir hissəsi eramızın I əsrindən Alan adı almış, II Kirin başını kəsən massagetlərdir. Massagetlərin Mərkəzi Asiyada qalmış hissəsi Erkən Orta əsrlərin başlanğıcında tarix səhnəsinə Ağ Hun adı ilə çıxmış, daha sonra Oğuz – Qıpçaq adı ilə daha da məşhur olmuşlar.
Əl Biruni alarların dili haqqında. Çin qaynaqlarına görə, Alanlar Tieli – Türk tayfalarındandır. Əbu Reyhan əl Biruni (973 – 1048) yazırdı ki, Alanların dili Xarəzmşahların və Kumanların dilinə bənzəyir. Sonralar Alanların bir hissəsi Qıpçaqların (Qaraçay-Balkarların əcdadı), digər hissəsı Oğuzların tərkibinə daxil olmuşdur (Bax: Alanlar - Vikipediya).
Alar sözünün mənası. Tədqiqatçılar göstərirlər ki, Alar sözünün Alan variantı da vardır (Bax: Alarlar – Vikipediya). Alar sözü indiyədək ,,ulu, uca, ər (igid)”, ,,qırmızı rəngli (dərili) ərənlər”, ,,hündür yer” və ,,Kutsal Günəş tanrısı” kimi mənalandırılmışdır. Dil faktlarını (,,al” sözünün Türkmən dilində qüdrətli, güclü, əzəmətli mənasında işlədilməsi, digər türk dillərində həm də, aliliyi, ucalığı bildirməsi) və alanların tarıxdəki rolunu əsas götürdükdə, Alar etnonimini məncə, ,,Ərənlər ərəni”, “ Alilər”, “Şahlılar” və ,,Fatehlər” kimi mənalandırmaq daha doğrudur. Alar etnoniminə bu tayfanın əcdadlarının digər etnoslar üzərindəki hökmranlığının nəticəsi kimi baxılmalıdır. Görünür Şahi (Şahlı) kəndinin və Şahnişin yerinin (Şah nişanələrinin yeri) adı da bununla bağlıdır.
Alar kəndinin adı haqqındakı yozumlar. Bu yozumlar aşağıdakılardır:
1. Alar kəndinin adı Alı xanın əsəbləşərək ölmüş atının leşinə qonmuş qarğaların üstünə qışqıraraq dediyi ,,Ə lo” (talışca ,,ay qarğa” deməkdir) sözlərindən yaranmışdır (Bax: M. Alarlı. Alar... s. 23).
2. Alı xanın adından yaranmışdır və Allar deməkdir. Bu yozumun müəllifi Misir Alarlı yazır ki, az sonra başa düşdüm ki, səhvə yol vermişəm. Belə olsaydı, kəndin adı Allar yox, Alılılar və yaxud Alıxanlılar olardı. Yəni kəndin adının Alı xanla bağlılığı yoxdur (Yenə orada. s. 25 – 26).
3. Alı xanın mənsub olduğu Alar türk tayfasının Alı xandan əvvəl kəndin yerləşdiyi ərazidə yaşaması ilə bağlıdır (Yenə orada. s. 26). Germi şəhərinin yaxnlığında Alar tayfasının da yaşaması və Cənub bölgəsində yaşayan alarların sayının B. Alarlının verdiyi məlumata görə, təxminən 70 minə yaxın olması (Bilal Alarlının məlumatına görə) faktlarını birlikdə götürdükdə, bu yozumun həqiqətə daha yaxın olduğu nəticəsınə gəlmək mümkündür.
Sonda bu məqaləni yazmaqda mənə kömək etmiş Alar tayfasından olan Sərhədabad kənd sakini, rəssam dostum Elçinə və Urmiyalı tədqiqatçı Fərhad Cavadiyə dərin minnətdarlığimı bildirirəm. /bao.az/

01-03-2015 23:16 Baxılıb: 31110    
Şərh bildir