Məşədi İbad mənfi yox, müsbət personajdır

Məşədi İbad bütün süjet boyu yeganə adamdır ki, heç kəsi aldatmaq istəmir. O, hamıyla son dərəcə səmimidir, nə istədiyini və istəklərini gerçəkləşdirmək üçün vasitələri gizlətmir. Ətrafda hamı bir-birinə kələk gəlir, oyunbazlıq edir. O cümlədən başqasına nişanlandığı halda, öz evində Sərvərlə gizli görüşən “başıaşağı” Gülnaz da. Və onlardan heç biri cəmiyyətdə qıcıq yaratmır. Bütün bu kütləvi yalançılıq və kəfgəlmə atmosferində təkcə Məşədi İbad axıracan ancaq düz danışır. O, sadəlövhlük dərəcəsində doğruçuldur, hamıya inanır və tərəf müqabillərindən də eyni münasibət gözləyir.
Elə odur ki, onu aldatmaq da çox asan başa gəlir və filmdə hamı da bundan istifadə edir. 
Bu yalançıların “bacarığı”ndan və düzgünlüyə səmimi olaraq inanan Məşədinin “primitivliyi”ndən ləzzət alıb heyrətlənmək neçə illərdir tamaşaçılarda bir səbəbə çevrilib.
Ümumi mənafebazlıq fonunda Məşədi İbad yeganə əliaçıq adamdır. Hər halda ondan başqa heç kim heç kimə pul vermir. Hamı nə mümkündürsə, qamarlamağa çalışır. Düzdür, Məşədi də pulu şadyanlıqla paylamır. Amma bunun səbəbi simicliyi yox, hər addımbaşı aldadılmasını dərk etməsi və ondan doğan incikliyidir. Bununla belə, yenə də ödəyir və bunu özxoşuna edir, çünki heç kim onu məcbur edə bilməz.
Uzun illər boyu dəyişən tamaşaçılar nəsli isə əliaçıq “axmağ”a gülməklə yanaşı, hətta hamamda da əllərini ciblərinə salmayan dələduz simiclərin hərəkətlərindən zövq alırlar.

Rauf Talişinski

11-04-2014 20:52 Baxılıb: 25020    
Şərh bildir