Daşkəsənli şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbir keçirilmişdir

25 yanvar  2019-cu il tarixdə Daşkəsən rayon Mədəniyyət evində daşkəsənli gənc şair Etibar Həsənzadənin növbəti kitabının təqdimat mərasimi keçirilmişdir. Tədbirdə Daşkəsən rayon İcra hakimiyyətinin başçısı Əhəd Abıyev, rayon ziyalıları və ictimaiyyət nümayəndələri, gənc şairin qələm dostları, Azərbaycanın Xalq artisti, Prezident təqaüdçüsü Şahnaz Haşımova öz ansamblı ilə birlikdə tədbirdə iştirak etmişdir.
Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev tədbir iştirakçılarını salamladıqdan sonra gənc şairi təbrik etmiş, onun yaradıcılığı ilə bağlı nitq söyləmişdir:
– Bu gün biz buraya gənc şair Etibar Həsənzadənin yaradıcılığı ilə bağlı tədbirə toplaşmışıq. 2019-cu il yanvarın 11-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın yekununda dövlət başçısı 2019-cu ili “Nəsimi  ili” elan etmişdir. Həmin bu müvafiq sərəncam Azərbaycanda bütün şair və yazıçılara verilən yüksək dəyərin göstəricisi olmaqla ədəbiyyatımızın və mədəniyyətimızın tarixinin nə qədər zəngin olduğunu bir daha dünyaya göstərmək məqsədi daşımışdır. Belə ki, Azərbaycandakı bütün sahələr üzrə olan inkişaf, tərəqqi və sabitlik imkan verir ki, şeir və yaradıcılıqla məşğul olan yazarlar öz istedadlarını nümayiş etdirsinlər. Etibarın əsərlərini oxuduqca insanın təsəvvüründə maarifçi, ziyalı, xalqını və millətini  çox sevən vətənpərvər şair obrazı canlanır. Fiziki qüsurlu, əlil arabasında oturmasına baxmayaraq onun həyata, vətəninə bağlılığı bütün gənclərə nümunədir. Həmyerlimiz öz ədəbi fəaliyyəti ilə yanaşı sosial şəbəkələrdə, internet resurslarında da gənc ziyalı kimi çox fəallıq göstərir. Bu Etibarın bir daşkəsənli olaraq rayonumuza, onun təbiətinə olan məhəbbətindən, istəyindən irəli  gəlir. Etibar Həsənzadə “Könlümlə söhbət”, “Duyğular dinsin”, “Gecikmiş etiraf”, “Bir həyat romanı”, “Sevgi bəstəsi”, “Nurla gəldi, nurla yaşadı, nurla getdi” adlı kitabların müəllifidir. O, bir çox nüfuzlu təşkilatların mükafat və diplomları ilə təltif olunub. Bu gün müasir ədəbiyyatımızın istedadlı bir nümayəndəsi olan gənc şairimiz Etibar Həsənzadənin şeirlərinə mahnılar bəstələnir, tanınmış müğənnilər tərəfindən sevilə-sevilə ifa olunur. Şairin şeirlərinə nəzər salanda görürsən ki, burada qəlbi təmiz, saf bir gəncin dərin fəlsəfi  düşüncələri, fikirləri əks olunub. Bu gün fəxri qonaq kimi Azərbaycanın Xalq artisti Şahnaz xanım Haşımovanı, Daşkəsənə qonşu olan bölgələrdən onun qələm dostlarını tədbirə dəvət etmişik. Etibar xoşbəxt gəncdir ki, öz fitri istedadı, qabiliyyəti ilə qısa vaxt ərzində geniş oxucu rəğbəti qazanmış, həmyaşıdlarından fərqlənməyi bacarmışdır. Arzu edirəm ki, Etibar özünəməxsus əsərləri və dəsti-xətti ilə Azərbaycan ədəbiyyatı tarixinə öz adını yaza bilsin. Bu yolda Etibar Həsənzadəyə zəngin yaradıcılıq uğurları, möhkəm can sağlığı arzulayır, ondan yeni-yeni əsərlər gözləyirik.
Sonra rayon ziyalıları və yazıçılar Etibar Həsənzadənin yaradıcılığı haqqında xoş sözlər söyləmiş və tədbir musiqi nömrələri davam etmişdir. /ustac.az/

04-02-2019 13:05 Baxılıb: 680    
Şərh bildir