İmarət Cəlilqızı - Esselər

FİLTR

İnsanlar var ki, xislətən güclü sutəmizləyici filtr kimidirlər: onlarla nə qədər qaba, haqsız, laqeyd rəftar edilsə də, nə qədər layiq olmadıqları tənələrə, acılara, bəzən hətta qəsdən pərdələndirilmis ironik atmacalara məruz qalsalar da, içərilərinə atılmış bu bulanıqlığı heç vaxt durultmadan geri püskürməzlər. Bu bulanıqlıgın baş alıb gəldiyi ünvanların çoxunun heç ağlına da gəlməz ki, qarşılarındakı bu insanların içərisində qeyri-adi bir təmizləyici var və o, İlahidən gələn bir lütfdür. Həm də bu lütf o təmizləyicini içərisində daşıyan hər kimdirsə, təkcə ona deyil, onunla təmasda, ünsiyyətdə olan hər kəsə göndərilmiş bir bəxşişdir.

CIR ARI
  
Məzuniyyət günləridən biri idi. Məni çay süfrəsinə dəvət etmişdilər. Yay olduğundan ev sahibəsi süfrəni həyətdə - ətrafına səliqə ilə gül-çiçək əkilmiş köşkdə açmışdı. Köşkdəki masanın üstündə cürbəcür şirniyyatlar vardı. Biz bağçanın al-əlvan güllərinə tamaşa edir, çay içir, söhbətləşirdik.
Bir azdan masadakı mürəbbə vazalarının ətrafına cır arılar yığışmağa basladı. Evin xanımı onları  dəsmalla bir-iki dəfə qovdusa da, arılar bir az aralanıb yenidən geri qayıtdılar. Xanım gördü ki, qovmağın bir xeyri yoxdur, başladı arıları əzməyə. 
Birdən qonaqların biri növbəti arını nişan almış ev sahibəsinin əlini tutub həyəcanla səsləndi: "Bunu öldürmə, bunu öldürmə!.. Bu, bal arısıdır". Qadın əl saxladı və qonaq bal arısını qovub vazanın yanından uzaqlaşdırdı...
Bu əhvalat məni çox düşündürdü. Bal arısına olunan bu güzəştin məlum səbəbi haqqında düşündüm və cır arıya yazığım gəldi: zavallı cır arı haqsızlığın qurbanı olmusdu...
İki arının da "təqsiri" eyni olduğu halda, birini basıb məhv edirdilər, o birini isə qoruyurdular. Niyə? Səbəb , əlbəttə, aydın idi: təmənna!... Cır arı bal vermir axı. Bal vermirsə, deməli, vazaya yaxın düşə bilməz və düşərsə, məhv edilməlidir. Niyə axı? Bal vermir, bəlkə, başqa bir xeyri var, Allah onu həşəratlar icində bir cır arı da olsun deyə yaratmayib ki hər halda. Tutaq ki, lap belə – hec xeyri-filani da yoxdur, xeyri olanı başa keçirib xeyri olmayanı məhv etmək ixtiyarı varmı kiminsə?!
Məsələnin həlli yolu başqa idi əslində. Biz – əqli, şüuru olan adamlar rahatlıqla istirahət etmək istəyirdiksə, gərək ya mürəbbə vazalarını götürəydik ortalıqdan,  ya da çay sufrəsini arıların girə bilməyəcəyi başqa bir yerdə hazırlayaydıq. Belə etsəydik, nə  özümüz narahat olardıq, nə əqilsiz arılara haqsız yerə fərq qoyulardı, nə də təqsirsiz cır arılar ədalətsizliyin qurbanı  olardı (və nə də mən bu cür filosofluq etmək iddiasına düşərdim)...

İLDIRIM: ATƏŞ VƏ SƏS

Uşaq ikən hələ anlamırdım ki, niyə ildırım çaxanda əvvəlcə işığı görünür, sonra səsi eşidilir. Belə başa düşürdüm ki, yəqin, işıq işarədir, deyir bir azdan ildırım çaxacaq, qulaqlarınızı tutun. Qulaqlarımı çox vaxt tutmurdum, işıq-səs əvəzlənməsini müşahidə etmək mənə maraqlı gəlirdi...
Bəzən adamlar arasında dinməz oturanda istər-istəməz maraqlı şeylər aşkar edirsən. Bütün duyğu üzvlərin sənin iradəndən asılı olmayaraq ətrafı hiss etməyə köklənir. 
Bir gün, içərisində xeyli adam olan bir otaqda beləcə oturmuşdum. Yığıncaq olmalı idi, hələ başlanmasına xeyli vardı. İki-bir, üç-bir söhbətləşənlər vardı, nəsə yazan vardı, mənim kimi sakitcə oturub gözləyən vardı. Qarşı tərəfdə bir xanım sol tərəfi mənə sarı dayanıb digər bir xanımla söhbət edirdi. Sözünü bitirib üzünü bəri çevirdi və sifəti mənim müşahidəm altında qaldı. Elə bil mənə əmr verilibmiş kimi bu sifəti izləməyə başladım. İlk bir neçə an donuq bir sifət. Sonra gözlər qıyıldı, içində qığılcımlar sürətlə ora-bura qaçdı, dodaqları əcaib bir təbəssümlə büzüldü. Elə o andaca beynimdə fikir yarandı ki, indicə o, filankəsə yaxınlaşacaq və ona filan məzmunda söz deyəcək. Bu fikrimin doğruluğunu yoxlamaq üçün deyil, baş verəcəyinə əmin olduğum bir hadisənin təfərrüatını görmək üçün qadını izləməyə başladım. Ağlıma necə gəlmişdisə, eləcə də oldu: qadın mənim ağlıma gələn məhz həmin xanıma yaxınlaşdı və məhz düşündüyüm məzmunda da (xoş olmayan bir mövzuda) onunla söhbətə başladı... 
İldırımdan elə buna görə söz salmışdım – adamların üz ifadəsi ildırım atəşi (“işığı” yaza bilmərəm, çünki “işıq” sözü mənim üçün həmişə müsbət anlamdadır, “nur” anlamında) kimidir: görən kimi anlayırsan ki, bir azdan səsi də gələcək – ya güclü, ya zəif, ya xatalı, ya xatasız...

09-12-2018 13:44 Baxılıb: 1150    
Şərh bildir