Üzünə

Mirzə Ələkbər Sabir

Baxdı çün Əkbərinin nizədə Leyla üzünə,
Gördü zülfü tökülüb, çün şəbi-yelda üzünə.

Gəldi şurə dedi: Ey şəmi-şəbistanım oğul,
Yetmədi kami muradə məhi-təbanım oğul,
Həşrətək dildə qalıb çıxmadı bu canım, oğul,
Gəlməyəydi anan, ey kaş, bu dünya üzünə.

Ey səba! Bircə əs, ol zülfi-pərişanı dağıt,
Xanimani-dili-viraneyi-Leylanı dağıt,
Dili-viraneyi-Leyla kimi dünyanı dağıt,
Qoyma düşsün dəxi ol zülfi-səmənsa üzünə.

Çün kənar etdi səba zülfi-şikən pürşikəni,
Görünüb Haşimi xalilə xətu vəlhəsəni,
Məhv olub cümləsi, tökdülə dəfi-dairəni,
Bir baxıb Əkbərə, bir baxdıla Leyla üzünə.

Qaşların tağı, oğul sureyi-"Yasin" oxuyur,
Baxsa hər kim üzünə ayeyi-"Təhsin" oxuyur,
Əhli-Qur'andu bular cümləsi "Ta Sin" oxuyur,
Necə çəkdilər qılınc məzhəri-"Ta Ha" üzünə?

Dedilər: Kimdi bu övrət bizi nalan eləyən,
Yoxsa Leyladı bu Məcnun kimi əfqan eləyən,
Səni, ey tazə cavan, qanına qəltan eləyən,
Necə Məhşərdə baxar Həzrəti-Zəhra üzünə?

Etdilər çahi-zənəxdanına həsrətlə nəzər,
Zər xirid olmaq üçün bir-birinə verdi xəbər,
Tökdülər Şam Züleyxaları çün əşki-bəsər,
Baxdılar həsrət ilə Yusifi-Bədha üzünə.

Arizin səfheyi-İncili-Xudavəndi-vədud,
Nizə başında başın, həm oxuyur süreyi-Hud,
Deyəsən nizə ayağında durub qövmi-Yəhud,
Darın üstündə baxırlar hamı İsa üzünə.

Məzhəri-hüsni-peyəmbər rüxi-xalındu sənin,
Ayeyi-"Şəmsü Züha" mehri cəmalındı sənin,
Süreyi-"Nunü Qələm" Həşimi xalındı sənin,
Kakilin pərdə çəkib "Leylətül-Əsra" üzünə.

Başdakı şuri-şəhadətdi sənin tacın, oğul,
Arizin Kə'bə, hərəmlər hamı hüccacın, oğul,
Rəfrəfin nizə, mübarəkdü bu Me'racın, oğul,
Qaşların qiblədü "Qövseyni-ov-ədna" üzünə.

Gəh üzün ayineyi-Müshəfü Tövratü Zəbur,
Atəşi-Turi-təcəlladı cəmalında zühur,
Misridür Şam bu qibtilərə, ya vadiyi-Tur,
Ali-Fir'on gəlib baxmağa Musa üzünə.

Sabira, hər il əza saxla Əli Əkbərə sən,
Kərbəladə gedib ağla o şəhi-davərə sən,
Gəl qiyamətdə bu cəm ilə səfi-Məhşərə sən,
Qalma həsrət iki dünyadə bu Mövla üzünə.

18-09-2018 13:23 Baxılıb: 1410    
Şərh bildir