Füzulinin hərəmdəki vəzifəsi

Natiq Rəhimov

...O zamanlar elektrik enerjisi olmadığı üçün binalar, o cümlədən, ziyarətgahlar çıraq və şamlarla işıqlandırılırdı. Xüsusi xidmətçilər vardı ki, hər səhər çıraqları yandırar, yanacağa nəzarət edər, axşamlar işığı söndürərdilər. Füzulinin hərəmdəki vəzifəsi bu idi.
Bu məlumatı mənbələr də təsdiq edir. Nümunə olaraq, “İmam Hüseyn (ə) ensiklopediyası” kitabında bu barədə yazılanları xatırlatmaq istərdik. Çoxcildilik layihə olan “İmam Hüseyn (ə) ensiklopediyası”nın cildlərindən birində - “Tarix əl-məraqid” (“İmam Hüseynin, ailə üzvlərinin və yardımçılarının məzarının tarixi”; London, 2003-cü il) kitabının 2-ci cildində, 74-cü səhifədə yazılıb: “Hicri 960-cı illər ətrafında şair Füzuli İmam Hüseyn (ə) məqbərəsinin işıqlandırılması üçün nəzarətçi vəzifəsini icra edirdi. Bu, onun ömrünün axırlarında baş vermişdir; belə ki, hicri 963-cü (miladi 1555-ci) ildə vəfat etmişdir”.
Bu məlumatı təsdiq edən mənbələrdən biri də görkəmli alim Mühəmməd Hirzəddin tərəfindən qələmə alınmış “Məraqid əl-məarif” (“Tanınmış şəxslərin məzarları”; Nəcəf, 1971-ci il) kitabıdır. Qeyd edək ki, M.Hirzəddin üçcildlik “Məarif əl-rical” (Məşhur şəxsləri tanıdan kitab) əsəri ilə də məşhurdur. Müəllif “Məraqid əl-məarif” kitabının ikinci cildində (səh. 175-179; 196-cı sıra sayı) Füzuliyə 5 səhifə yer ayırır. 179-cu səhifədə yazır: “(Füzulinin) həyatının sonlarında və ölümündən sonra məskəni müqəddəs Kərbəlada şəhidlər atası Hüseyn ibn Əlinin (ə) məzarının qonşuluğu oldu. O, Sultan Səlim tərəfindən müqəddəs hərəmdən asılmış lampaları, şamdan və çıraqları yandırmaq vəzifəsinə təyin olundu”. Zənnimizcə, burada Sultan Səlim əvəzinə Sultan Süleyman Qanuni olmalıdır və müəllif bu məsələdə kiçik yanlışlığa yol vermişdir. Çünki əvvəla, İraqi-ərəbi öz ixtiyarına alan Osmanlı hökmdarı Sultan Süleyman olub. Məhz o, 1534-sü ildə Səfəvilərlə apardığı müharibənin nəticəsində müqəddəs Nəcəf və Kərbəla şəhərlərini ələ keçirmişdi. İkincisi, Sultan Səlim 1520-ci ildə vəfat etmişdir. Füzulinin isə 1556-cı ildə yaxud daha sonra vəfat etməsi yazılır. Yuxarıda təqdim etdiyimiz mənbələrdən məlum olur ki, o, müqəddəs hərəmin xidmətinə vəfatından bir neçə il əvvəl daxil olmuşdur. Elə isə, bu vəzifəyə Sultan Süleyman tərəfindən təyin olunması da şübhə doğurmur.
“Məraqid əl-məarif” kitabında Füzuliyə həsr edilmiş səhifələrin axırında verilən məlumat insanı riqqətə gətirir. Müəllif yazır ki, hicri 14-cü əsrin əvvəllərinə, yəni 130 il bundan əvvələ kimi Kərbəlada belə bir ənənə mövcud olmuşdur: hər axşam İmam Hüseyn (ə) hərəminin işıqlarını yandırmaq vaxtı çatanda xidmətçilər Füzulinin məqbərəsinə gedər, oradakı çıraqları yandırar, həmin çıraqlardan od götürüb hərəmə gələr və hərəmin çıraqlarını həmin odla alışdırarmışlar. Yəni Füzulinin özü rəhmətə getsə də, onun İmam Hüseyn (ə) hərəmindəki xidmətləri 300 ildən artıq müddət boyunca unudulmamışdır. O, sanki yenə də öz müqəddəs vəzifəsini yerinə yetirməyə davam etmişdir. Bu fakt dahi şairimizə Kərbəlada nə qədər böyük ehtiram göstərildiyini nümayiş etdirir.

25-06-2018 22:29 Baxılıb: 2540    
Şərh bildir