İstəmərəm

Asəf Baba Nüsrət
 
Əgər olmazsa o dilbərdə vəfa, istəmərəm,
Əzəlin istəmiş olsam da daha istəmərəm.
 
Çəkərəm layiq olan dilbərin hər möhnətini,
Mən ona layiqin uğrunda cəfa istəmərəm.
 
Niyə bazari-məhəbbətdə adım çıxsın hərif,
Mən ucuz bir malı alverdə baha istəmərəm.
 
Ölərəm bilsəm əgər çarəm o biganədədir,
Mən o biganədən illah ki şəfa istəmərəm.
 
İki sevdalı arasında səbəb ayrılığa,
Bir əcəldən savayı özgə vida istəmərəm. 
 
Baba qanuni-məhəbbətdə deyib öz sözünü,
İki kəlməylə məhəbbətdə xəta istəmərəm.
13-06-2018 06:48 Baxılıb: 370    
Şərh bildir