Tahir Fikri - Belə

Aman Allah, bu nə dövran, nə müsibətdi belə,
Haqqı həzm eyləməyir çoxları- dəhşətdi belə.

Sən bizi xəlq elədin təslim olub səcdə edək,
İndi bu dövran içində nə xəyanətdi belə.

Şeytana səcdə edənlər günü-gündən çoxalır,
Hərə bir alim olub- sanki üfunətdi belə.

Zalim iman nədir bilməz ikən məmur olub,
Zülm edir möminə bu, guya "cəsarət"di belə.

Alimim ac yalavac möhtac olub bişərəfə,
Elminin yox dəyəri, çünki cəhalətdi belə.

Var kasıb, möhtac olub bir tikə ətsiz çörəyə,
Yazdığım haqdı inan, amma müsibətdi belə.

Varlının hər şeyi var, bir də inanmır ki ölə,
Qul olub nəfsinə zalım- bu əsarətdi belə.

Yoxsulun yox işi ki övladı hərdən sevinə,
Ala bir pay evə, Vallah bu xəcalətdi belə.

"Kişi" var yox əyalından xəbəri, dil də qısa,
Çünki yoxdur təpəri, sanki qiyamətdi belə!

Necə də namusunu hifz edənə zordu bu gün,
Amma üryan olanın əhvalı "cənnətdi" belə.

Çataraq mən bu yaşa çoxlu riyakar gördüm,
Bunların əksərinin tanrısı dövlətdi belə.

Soyu imansız olan dinimə əl atdı gəda,
Hicaba düşmən əl atmazdı- zəlalətdi belə.

Fikri haqq aşiqidir, haqqı müdam nəzmə çəkər,
Susmaz ol dəstək olar haqqa, həqiqətdi belə.

19-05-2018 05:53 Baxılıb: 2480    
Şərh bildir