Kasıb Biznesmen

Tələbə vaxtı yataqxanada qalırdım. Astaradan bir qrup və otaq yoldaşım var idi. Tarix fakültəsində oxumamıza baxmayaraq tarixə nifrət edir, dünya tarixinin başdan ayağa yalan olduğunu deyirdi. Bir də ona görə nifrət edirdi ki, insanlıq tarixinin yalnız müharibə və qırğından ibarət olduğunu görürdü. Həm rus, həm alman, həm ərəb dilini bilirdi. Bu dillərdə xeyli kitabı vardı, xaricə gedib gələnlərə pul verib aldırmışdı. Özü köhnə ucuz paltarda gəzirdi, düz-əməlli yemək yemirdi, bütün pulunu kitablara verirdi. Müəllimlərdən güclü idi tarixdə, onların o qədər səhvini tuturdu ki. Elə qədim orijinal mənbələrdən sitat gətirirdi ki, müəllimlərin ağzı açıq qalırdı.
Universiteti bitirdikdən sonra bütün kitabları yandırdı, nə qədər elədim mənə də vermədi. Dedi yalan yazılan kitablar bir qəpiyə dəyməz. Deyirdi ki eyni hadisəni 3 ölkənin tarix elmi hərəsi bir cür təqdim edir, amma üçü də yalandır. Elmə-zada tüpürüb köçdü Rusiyaya. Eşitdiyimə görə fəhləlikdən başlayıb indi tikinti şirkətinin rəhbəridir. Amma çox sadə kənd evində yaşayır, bir də "Niva"sı var. Bütün gəlirini yoxsullara xərcləyir.
İmkanlı olandan sonra evlənmək qərarına gəlib. Bir neçə azərbaycanlı qız məsləhət görüblər, hamısını aparıb evini şəraitini göstərib, deyib ki belə yaşayacağıq, bütün pulumu yoxsullara verəcəm, ancaq minimal xərcimizə bəs edən qədər götürəcəm. Heç biri razı olmayıb. Axırda bir rus qızla tanış olub. Qız elə bilirmiş bu fəhlədi. Evlənmə təklif edib, deyib ki bir balaca həyət evim var, belə yaşamaq istəyirsənsə evlənək. Qız deyib mənə var-dövlət yox, həyat yoldaşı, ailə vacibdir. İndi bu qazanıb gətirir, o da araşdırıb yoxsul, əlil, xəstə adamları tapır, birlikdə gedib kömək edirlər onlara. Beləcə yaşayırlar. Bir neçə dəfə TV-dən gəliblər çəksinlər, hamısını qovub ki reklam olunan kömək günahdır.
Bunu yanında uzun illər işləmiş bir azərbaycanlı danışıb mənə. Özü boynuna alır ki, bir az material oğurlayıb satdığına görə onu qovub yanından. Qovanda da 10 min avro pul verib ki, get özünə balaca bir iş qur, halallıqla yaşa.

"Kasıb Biznesmen" facebook səhifəsi

14-04-2018 10:07 Baxılıb: 2220    
Şərh bildir