Az qaldı

Nurəddin Rəhimov

Əllərinin arxasıyla ruzigarı dəyişib
yerinə qaytarmaq olmaz,
gün batdıqca yeri də dəyişir qanunların.
Gün batdıqca kölgəyə çevrilmiş həyatın
əllərinin içiylə gözlərinə soxulacaq.
Çox olacaq yalan danışmağın imkansızlığını,
doğrunun imkanını heç edən təsadüflər!
Axar çay,
üzərində bayraqsız balaca gəmilər...
Sinirlərini gəmirər sərnişinlərin bayağı təbəssümü.
Bu hər dəfə təkrar olunduqca müqayisələri
kiminin sağ çiyninin aşağı,
kiminin sol çiyninin yuxarı olmağıyla aparacaqsan.
Bütün qapıları çırpıb,
göz qırpacaqsan tüstüsü düz çıxmayan evlərə!
Anlayacaqsan,
fərq qərb və şərqin eyniliyindədir,
Avrasiya bərabərliyindədir.
Çiyinlərin bərabərliyində fərq tapmazsan,
köç taparsan.
O köçdə əllərin küləklərlə gedəcək,
gözlərin yerlə, göylə...
Ağıllı ol.

17-03-2018 16:04 Baxılıb: 1920    
Şərh bildir