Sevgim bu dünyanın özü boydadı

Zeynəb Cəfərli

“Dünyaya gələn insanların hər birinin taleyində dünyanı necə yaşamaq qisməti var. Kimisi bu həyatı duya-duya, kimisi adi qaydada laqeydcəsinə, duymadan, düşünmədən, kimisi də öz həyat eşqinin odunda alışa-alışa, yana-yana yaşayır. Belə insanlar isə hər kəsin görə bilmədiyini görür, duya bilmədiyini duyur”.
Qarşımdakı kitabdan bu fikirləri oxuduqca bir anlıq xəyal məni uzaqlara, uşaqlığımızı yaşadığımız dərdli Qarabağın gözəl günlərinə apardı. Və dünənin ağır itkisinə qaytardı, Xocalı bəlasına. Düşündüm ki, o bəlaları yaşayan, görən insanlar elə bu cür olmalıdı, kitabını vərəqlədiyim Nazim müəllim kimi. O dəhşətlərin içindən çıxan, o odu-alovu gözləriylə görən, duyan, yaşayan, bədbəxt Xocalının füsunkar Cəmilli kəndinin qəlbi qanlar ağlayan, bir oğlu kimi…

Bilsəydim həsrətin belə ağırdı 
Ömrümü səninlə bölərdim, vətən!
Qürbət acısını dadmamaq üçün
Elə qucağında ölərdim, vətən!..

Hərdən insanlar dərdin ağırlığına tab gətirməyib, ölmək istəyirlər, hərdən isə bu ağırlığı dəf etmək üçün mübarizə aparırlar, Nazim Yaquboğlu kimi... Nazim müəllim də bu ağır dərdlə mübarizəsini, şeirə, sözə, sənətə bağladı. Beləcə, ürəyindəki yükü şeirlərilə boşaltmağa başladı...

Qəlbimi yandıran acı həsrətin
Alovudur Laçın, közüdür Laçın.
Söz aça bilsəydim gözəlliyindən
Deyərdim dünyanın gözüdür, Laçın.

İndi fələk bizi bəndə salıbdı
Düşmənlər yurdumu bizdən alıbdı.
Nazim neçə ildi sizsiz qalıbdı
Sinəmin yaralı üzüdür, Laçın.

Çox sadə sözlərdən belə bir dağlayıcı şeirin yaranması üçün, əlbətdə yanan ürək lazımdı... Oxuduqca fikirləşirəm ki, necə olur ki, adi sözləri bu cür işlədib, heç bir normaları pozmadan belə axıcı misralar yaratmaq olar?! Sonra isə öz düşüncəmi özüm cavablandırıram ki, tarixən böyük şairlər elə adi anladığımız, ümumişlək sözlərlə dillər əzbəri olan şeirlərini yaratmayıblarmı. Səməd Vurğun, Süleyman Rüstəm, Cabir Novruz, Müşviq kimi... Bəlkə də müqayisəm sizə xoş olmadı, amma ürəkdən gələn hər misra, insanın içinin zənginliyi, yanğısıdı... Elə Nazim müəllim haqqında sözümü deməyə də onun internet saytında küskünlüklə dediyi bizlərdən məsləhət istədiyi fikri oldu. Hansısa özünü dahi bilən onun şeirlərini bəyənməmiş, ürəyi yurd həsrətiylə ağlayan, çırpınan bir el oğlunun, şairin qəlbini yenidən yaralamışdı. Məni onun yaradıcılığıyla tanışlığa bu anlayış vadar etdi və peşman olmadım. Kitablarını vərəqlədikcə həsrətli bir ürəyin yanğısına şahid oldum, sızıldadığını duydum. Həm də acizliyinin ağrısını çəkən insanın utandığını hiss elədim.

Bezib ah-naləmdən meşə, dağ, dərə
Göz yaşım çağlayır gündə min kərə.
Mənə bu əzabdan pay verə-verə
Qəlbimə min yara vurdu bu dünya.

Dünyaya sözünü deyənlər çoxdu, hərəsi də bir formada bir məzmunda... Nazim müəllim də özünəməxsus formada deyib dünyaya sözünü... Həm utancaqlıqla həm vüqarla...
1975-ci ilin avqustunda göz açıb, üz tutub, sözünü dediyi dünyamıza bu oğlan. “Şir ürəkli, şir biləkli olsun”, deyərdi babalarımız, oğlan uşağı doğulanda. Bu oğlan da elə şir bürcü altında, şir ürəkli doğuldu. Amma könlünü şeirə, poeziyaya verdi, lirik bir qəlbin sahibi oldu. Eşqinin, sevgisinin saflığına güvəndi. Vətən, torpaq sevgisi, valideyn sevgisi, övlad sevgisi yaşadır kiçik ürəyiin böyük tutumunda...

Siz böyük yaradanın
Bağında gül əkirsiz..
Dünyanın ağırlığın
Çiyninizdə çəkirsiz
Atalar, ay atalar!

Dünənimizi, keçmişimizi, bu günümüzü özündə yaşadan, gələcəyimizin həsrət yüküylə yaşayan atalar, analar... Nə qədər yazsaq da, desək də yenə azdır sizlərə... Hər şeyimizi sizdən alırıq, sizə güvənirik, sizinlə vüqarlı, qüvvətli oluruq, deyir şeirlərində Nazim müəllim... Təbii ki, bu ata dediklərimizin övladlarına da aid olur, axı onlar da ata-anadılar. Nazim müəllim də atadı… iki övlad böyüdür ocağında... iki inci, gələcəyin qapısı olan iki vətən həsrətli, vətənini görməyən iki vətən övladı yetişdirir... Və bütün şagirdlərini övladı kimi sevir, onları qoruyur bu müəllimləri... Bərdə rayonunda məskunlaşan Cəmilli kənd orta məktəbində Azərbaycan dili və ədəbiyyatı fənnini öyrədir gələcəyimizin qapılarına... Arada isə ürəyini oxucularıyla, şeir sevənərlə bölüşür, Nazim müəllim...

Bəxti kəm bəndəyəm, çətin günümdə
Yarım köməyimə gəlmədi, neynim.?!
Qəhərdən boğulub ağlayanda da
Gözümün yaşını silmədi, neynim!?

Eşq, nakam məhəbbət, sevgi hissləri bütün yazarlaraın ilham mənbəyidi... Dahi Füzulu sözü eşqə bənzədib... Elə eşqin qüdrətindən söz yaranıb... Nazim Yaquboğlu da eşqinin nakamlığını həzin misralara çevirməyi bacarıb...

Yarım özgəsinə yar olub indi,
Dünyaya sığışmır həsrətim mənim.
Eşqin çəmənindən bir gül dərmişdim,
Göz dağı olubdu, zəhmətim mənim.

Necə də sağ, sadə deyimdi... Həm də hələ deyilməmiş deyimdi... Bəlkə də heç müəllifin öz dərdi deyil, bəlkə də eşqində yarıyıb şair... Amma eşqin dərdini elə sadə, elə həsrətli, yanıqlı deyib ki, anlamamaq olmur... Elə Nazim müəllimin diqqətimi çəkən cəhəti, onun belə asan dildə yazması oldu... Kim oxuyur oxusun, istər uşaq, istər cavan, istər ahıl insanlar, fərq etmir, oxuyan eyni fikri həmin andaca anlayır və bu da oxuyan da rəğbət yaradır, müəllifə...
Onun kitablarını vərəqlədikcə sətirlərin arasından, sinif otağında şagirdlərə dilimizin incəliyinidən, təmizliyindən, müqəddəsliyindən danışan bir müəllim siması boylanır... Və bu müəllim hərdən üz tutub yaradanıyla da dərdləşir...

Bu necə dövrandı bu necə vaxtdır,
İnsan mənliyini satır, ilahi!?
Qardaş var, qardaşın üzünə durur,
Ana var balasın atır, ilahi!..

Hərdən belə də olur, şair zəmanənin kəmliyindən şikayətlənir... Başqa cür necə ola bilər ki?! Doğulduğu torpağı düşmən ayaqlarının altında sızlayan, şair ruhlu insan necə yazmaya bilər zəmanənin əskiklərini?! Nazim müəllim də yazır, tarixən yazmış şairlərimiz kimi. Onların yazdıqları bu günümüzün güzgüsüdü, bu günümüzün yazılanları isə gələcəyimizin güzgüsü olacaq və müəllifini yaşadacaq...

Vətən girov düşüb, el əldən gedib
Çəmən tapdaq olub, çöl əldən gedib.
Ömürdən gör neçə il əldən gedib,
Dünyanın qəmindən bezmişəm, daha.

El arasında belə bir deyim var, kimsə səhv edəndə, “hələ cavandı, səhvini düzəldər” deyirlər. Nazim müəllim də hələ cavandı, ömür yolu qarşıdadı... Amma poeziyanın bir çox növündə özünü sınayıb... Hamısı yaxşıdı deyə bilmərəm, təbii ki, yaşadıqca, yazdıqca insan püxtələşir, kamilləşir... Nazim müəllim də bu yolla özünü doğruldur, çətin də olsa, asan da olsa, gedir o yolla... Amma inadla, vüqarla, gedir... Qoşma, təcnis, qəzəl kimi formalarda yazır, sözünü deyir... Hərdən Sabirsayığı da addım atır... Qamçılamağı bacarır...

Haqq istəyən haqlı kəslər döyülürlər meydanlarda,
Mülkiyyəti bölüşənlər yoxsulları salmır yada. 
Sonsuz sayda dilənçi var küçələrdə, dalanlarda,
İndi aclıq hökm sürür qədim Odlar Diyarında.
İnsanlara hay da gəlmir, Bakının neft mədənindən,
Sabir baba, perik düşüb, haqq-ədalət vətənimdən...

Bu günümüzün dərdlərini bundan yaxşı kim ifadə edə bilər!? Əsl şair belə olur, həm ağladır, həm güldürür... Həm dərd verir, həm dərd alır... Və nəhayət, elinin, insanların sevimlisinə çevrilir... Nazim müəllim nə qədər sevilir, bilmirəm... Amma onun yazdıqlarını oxuyub, anlayanlar onu sevməyə bilməz... Təbii ki, o dahi deyil, günümüzün qəhramanı da deyil... Ürəyinin gözəlliyini, yanğısını şeirə çevirən sadə bir el oğludu, müəllimdi... Məni bu sətirləri yazmağa vadar edən də onun bu xüsusiyyətləri oldu, yuxarıda dediyim kimi... Mən də dahi deyiləm, amma insana, onun ürəyinə ruhuna, duyğusuna qiymət verməyi bacaran, onu anlayan və haqqında bildiklərimi beləcə misralara, ifadələrə çevirib, insanlara sevdirməyi bacaran sadə bir jurnalistəm... Yəqin ki, Nazim müəllim haqqında da bildiklərimi sadə dillə ifadə edib, oxucularıma nəsə deyə bildim. Çünki xoş niyyət həmişə yerini tapır. İnsan sevgisi isə insanlığın təməlini qoyur, insanı yaşatmağı bacarır. Nazim Yaquboğlu demişkən, “Sevgim bu dünyanın özü boydadı”...

03-03-2018 15:17 Baxılıb: 54370    
Şərh bildir