Misralarda səsləndim

Etibar Həsənzadə
 
DEDİN AHƏSTƏ
 
Gördüm qızlar içində, ay boyu bəstə,
O gündən oldum, ay qız, dərdindən xəstə.
İstədim verəm sənə güllərdən dəstə,
Yox, yox olmaz söyləyib, güldün ahəstə.
 
Düşündüm ki, neyləsəm xoşuna gələr,
Bəlkə elə xoşbəxtlik başıma gələr.
Dayandım yol üstə ki qarşıma gələr,
Görüb yolun dəyişdin, güldün ahəstə.
 
Misralarda səsləndim bütün qəlbimlə,
Şeirdən gül bağladım sənə təbimlə.
Verdim dəstə-dəstə üstə qəlbimlə,
Oxudun, razıyam mən, dedin ahəstə.
 
Sevincdən hisslərim tüğyana gəldi, 
Axdı gözəl duyğular dilimə gəldi.
Söylədikcə incilər gözünə gəldi,
Etibar, davam et sən, dedin ahəstə.
 
MƏNİM DÜNYAM
 
Dünya dönür, başım dönür,
Dünya Günəş sevdasında,
Mən bir qızın sevdasında.
Dünya çatmaz ki, Günəşə,
Çünki yeri, yurdu bəlli.
Mən də çatmaram bu qıza,
Çünki halım, yerim bəlli.
Dünya dönür hey Günəşin çevrəsində,
Günlər, fəsillər öz ahəngində.
Başım dönür, qəlbim dünya misalında,
Gecələri, gündüzləri, fəsilləri ahəngində.
Dünya dönür, ömür gedir ahəngində,
Bədən fəsillərtək şəklin dəyişir.
Amma qəlbim heç qocalmaz,
Çünki bir gözəlin sevdasında.
Etibar var olar öz sevdasında.
 
OLAR
 
Hər gəlişin qəlbimdə bir bahar olar,
Susmuş ürəyimə sevgilər dolar.
Çiçəklər açılar, bülbül oxuyar,
Hisslərim güllərdən çələng toxuyar.
 
Sən getmə könlümdə güllərim solar,
İçimdə çox dərin yaralar qoyar.
Sənsiz cənnət dünya cəhənnəm olar,
Atəşlər içində yanıb kül olar.
  
Nədir bu naz-qəmzə, etməsən nolar,
Ürəyim nazından bil, talan olar.
Hər nazın, gözəlim, can alan olar,
Aldığın canımdan qalan nə olar?
 
Etibar səninlə bəxtəvər olar,
Sən gələn yollara bələdçi olar.
Gəlməsən həyatım çəkilməz olar,
Sənsiz keçən ömrün adı nə olar?
 
SƏNDƏN ÖTƏRİ
 
Bu gün duyğuluyam səhərdən bəri,
Hisslərim çağlayır qəlbimdən bəri.
Nola bir baxasan mənə ötəri,
Ürəyim ağlayır səndən ötəri.
 
Gəlmirsən mən tərəfə o gündən bəri,
Bilsən, deməmişəm sənə nələri.
Qəlbimdən tökülən odlu sözləri,
Nola deyə biləm sənə ötəri.
 
Yaşaya bilmirəm acı günləri,
Sənə verəmmirəm gözəl gülləri.
Bir yada salsaydın ötən günləri,
Axtarardın məni, hərdən ötəri.
 
Etibar unutmaz sənli günləri,
Gözlərinin söylədiyi sözləri.
Gözləyirəm dönəcəyin günləri,
Yazaram yenə də səndən ötəri.
 
SON NÖQTƏLƏR
 
Getdin, səndən nə bir səs, nə səda,
Gedərkən etmədin belə vida.
Sanma ki, darıxıram arada,
Sənlə olan hər günə, saata,
Sevgiyə son,- deyə qoydum nida.
İçimdə bir sakitlik, rahatlıq,
Sanki, Günəş daha parlaq, fərah,
Quşlar daha nəğməkar və şaqraq,
Baxıram təbiət daha füsunkar.
Yenidən gəlmiş kimi həyata
Qəlbimdə bir təzəlik, saf hisslər
Yeni sevgiyə bəslər ümidlər.
Başlanğıca yol verər son nöqtələr...
 
ŞEİR BAĞÇASI
 
Qəlb evimə şeirdən gözəl bir bağça saldım,
Hər şeiri bağçada ətirli çiçək sandım.
Şeirli çiçəklərdən sənə bir dəstə sardım,
Hər şeirdə, gözəlim, inan ki, mən də vardım.
 
Sevginlə coşan təbim bağçanın bağbanıdır,
Gülən gözəl gözlərin sevgimin qaynağıdır.
Aç qəlbinin qapısın, qəlbdə bahar çağıdır.
Sənsiz bağçam quruyar, gəlməyin zamanıdır.
 
Gəl, gəz könül bağçamda, güllər çoxdan açıbdır,
Hər gül öz ləçəyində sənə dastan açıbdır.
Yazılan dastanların sənsən ilham pərisi,
Etibar bu bağçada sənə qəlbin açıbdır.
15-11-2017 06:52 Baxılıb: 1330    
Şərh bildir