Əfrahim Hüseynli - Sözümü küləyə verdin

MƏNİM BU PAYIZDAN GÖZÜM SU İÇMİR
 
Mənim bu payızdan gözüm su içmir,
Bir üzü deyəsən qışa dönübdü.
Yollar qayalardan, daşlardan keçir,
Günlərin ürəyi daşa dönübdü.
 
Gecəylə gündüzün yeri qarışıb
Nöqtəsiz, vergülsüz cümlələr kimi.
Payız nəfəsi var kəlmələrimdə,
Kövrəldər yazdığım cümlələr kimi.
 
Günlər ürəkdən də tikan çıxarmır
Yerinə düşməyən misralar kimi.
Payızın çənində görünmür yollar
İlğıma bürünən səhralar kimi.
 
Sözümü küləyə verdin, ay adam, 
Demişdim qarşıda payız var, qış var.
Günaha bürünüb uzanan yolu
İndi yuya bilən hansı yağış var?
 
Mənim bu payızdan gözüm su içmir,
Yarpaqlar bu qədər saralmazdı heç.
Ulduzlar itibdi bulud köçündə,
Göylər də beləcə qaralmazdı heç.
 
DİLİMƏ SAHİB ÇIXMADIM...
 
Gündüzün üzünə ağıq,
Gələn günaha ortağıq.
Barı bir azca olmadıq
Beş-üç gün Hürrün yerində.
 
İlahi, ömür-gün verdin,-
Yolu haça, düyün-düyün.
Baharını yerin, göyün
İtirdik şirin yerində.
 
Payızı qışından bətər,-
Sazağı səhərə qədər...
Qaldı qurulan körpülər
Suların dərin yerində
 
Qalan ömür, boylan geri!-
Qayıdarmı günün biri?
Niyə bilmədim bu ömrü
Qızılın dürrün yerində?
 
Yolu kəsib qış nəfəsi,
Qapı göstər döyüləsi.
Söz qalmadı deyiləsi...
Nə qaldı sirrin yeində?
 
Dilimə sahib çıxmadım,-
Sınmadı söz-söz inadı.-
Oldum doğmaların yadı
Xeyirin, şərin yerində.
 
YAŞAMAQ
 
Evin-eşiyin ola, 
Çörəyin ola... 
Hələ yaşamaq deyil. 
Hər şeyi görmək də, 
Yaxşını-yamanı bilmək də, 
Bu ömrü sürmək də
Hələ yaşamaq deyil. ...
Kişilər
gözlərinin işığını, veriblər ki, 
Vətən zülmət olmasın. 
Kişilər qollarını veriblər ki, 
Vətən qolsuz qalmasın... 
Alışa-alışa 
Çırağa dönüblər. 
Bölünən torpağın 
dərdi azalsın deyə, 
Torpağa dönüblər. 
Boylarından Uzun olub əlləri, 
Daşıyıblar 
Dərddən belə 
Nələri, nələri... 
Kişilər belə yaşayıb, 
Çiynində, dərd daşıyıb, - 
Mərd daşıyıb.
01-11-2017 20:34 Baxılıb: 650    
Şərh bildir