Onsuz da sən məni tapmayacaqsan

Əfrahim Hüseynli
 
ƏTƏK DEYİL DAŞIN YERİ...
 
Dərdi-səri duyan yazıq
Gülüb-sevinməyə yasaq...
Günahkarsan, baş açmasaq
Bu dünyanın kələyindən.
 
Günah olur təlaş, qorxu,
Günahlardan keçməz çoxu. 
Günahını su kimi yu,
Kəsən olsa çörəyindən.
 
Göz yaşına şahiddi üz,
Göz yaşıdı bu çay, dəniz.
Ölüm doğmadı üzbəüz,
Yaddır gəlsə kürəyindən.
 
Yerin üstündə vəlisən,
Ağıllısan, ya dəlisən.
Dərd sənindi, çəkməlisən
Dəlib keçsə ürəyindən.
 
Daş olmaqdan daşın, yeri! 
Ovuc deyil yaşın yeri,
Ətək deyil daşın yeri,
Gəl daşı tək ətəyindən.
 
ŞAIRLƏR DILINƏ YIYƏLIK ETMIR
 
Biri deyirdi: «Şairlər dilinə yiyəlik etmir.
Gərək zamanın nəbzini tutasan».
 
Gedirik, arzular, ümidlər sual,
Günaha, gümana bürünüb bu yol.
Ay günahı olan, ehtiyatlı ol,
Şairlər dilinə yiyəlik etmir.
 
Bilir günahları mələkdən qabaq,
Şairlər dərd yeyir çörəkdən qabaq
Duyan ürəkdisə, ürəkdən qabaq
Şairlər dilinə yiyəlik etmir.
 
Varsa bu dünyada hələ taxt acı,
Əyriyə şirindir, düzə taxt acı.
Mərdi axtaran yox, mərddən taxt qaçır, 
Şairlər dilinə yiyəlik etmir.
 
Diliylə özünə qurub tələ də,
Dərisi soyulub bir vaxt Hələbdə.
Özü öz qəbrini qazır hələ də,
Şairlər dilinə yiyəlik etmir.
 
Şair hami deyilsən, o dərdi uda,
Şair həkim deyil, o, nəbz tuta.
Yaddaşsız ha deyil, dərdi unuda... 
Şairlər dilinə yiyəlik etmir.
 
Nadanlar bilmədi yerini, qardaş,
Oxuma hər kəsə şerini, qardaş!
Sən dərdə salıbsan birini, qardaş,
«Şairlər dilinə yiyəlik etmir».
 
Dünya, əgər haqsan, bu nahaqq nədir?
Günahkar qalıbdı, günahsız gedir.
Şairlər qəlbinə yiyəlik edir,
Şairlər dilinə yiyəlik etmir!
 
ONSUZ DA SƏN MƏNI TAPMAYACAQSAN
 
Mənə inanmırdın, mən deyən oldu,
Yollar duman döyən, çən döyən oldu.
Dönmədin, yollar da «dön» deyən oldu,
Onsuz da sən məni tapmayacaqsan.
 
Sənə yad kimidir doğma şəhər də,
Ürəyin sıxılır bu küçələrdə.
Məni gəzəcəksən axşam, səhər də,
Onsuz da sən məni tapmayacaqsan.
 
Baxan yox, neyləsin yazıq pəncərə,
Şaxtada, ayazda açıq pəncərə.
Sənə acıq verir, acıq pəncərə...
Onsuz da sən məni tapmayacaqsan. 
 
Xatirəm ömrünə yazılı qalıb,
Ürəyin gümandan asılı qalıb.
Çiçəklər kollara qısılı qalıb,
Onsuz da sən məni tapmayacaqsan.
 
Kimə deyəcəksən bu dərdi-səri?
Daha gəlin köçüb rəfiqələrin.
Beləcə oturub açsan səhəri,
Onsuz da sən məni tapmayacaqsan.
 
Bu necə taledi, bu necə yazı?
Çatıb ömrümüzün sarı payızı.
Döysən, qapımızı açacaq qızım,
Onsuz da sən məni tapmayacaqsan.
21-10-2017 23:30 Baxılıb: 1370    
Şərh bildir