Beş qardaşın bir bacısı

Rəfail Agah Xaçmazlı
 
İşimlə əlaqədar tez-tez Rusiya ilə sərhəddə olan Yalama kəndinə gedirəm. Bu yolun tən ortasında məftillər ilə toxunmuş hasarla qorunan Xan çinarları var. Hər bu yoldan keçən adamlar avtomabillərini saxlayaraq bu ağacları pir sanaraq beşdən-üçdən nəzir qoyurlar.
Pir demişkən. Pir sözünün mənası qoca deməkdir. Nurani ağsaqqalların, imanlı qocaların sözlərində hikmət, əllərində bərəkət olduğundan onlara sağlığında olduğu kimi dünyasını dəyişəndən sonra da hörmət olunub ziyarət edilmişdir.
Övliya Allahın dostu deməkdir. Peyğəmbərlərdən sonra  Allaha yaxın bəndələrdən sayılır.
Bu Xan çinarları Dədə Qorqud zamanında ətəyində qurban kəsilərək dua edilən ağaclardan idi. Basatın Xan çinara etdiyi müraciət Kitabi-Dədə Qorqudda açıq şəkildə yazılmışdır. Bu ağaclar və Dədə Qorqud haqqında alman səyyahı Adam və türk səyyahı Övliya Çələbi öz əsərlərində yazmışlar.
Babalarımız deyərdi ki, guya bu ağacların kökü kəsildikcə qorumaq məqsədilə onların ətrafını hasarlamışdilar. Adamların cahilliyindən zaman keçdikcə bu ağaclar bütə, övliyaya, pirə çevrilmişdir. Bu Xançinarı həmin pirlərdındir ki, ona "Beş qardaş" adını belə vermişlər.
Hər zaman yolum burdan düşdükdə ağacların yanında bir qadının oturduğunu görürdüm və yol boyu bir çox suallara cavab axtarırdım. Amma bir gün bu suallara qadının özü cavab versə gözəl olar deyib, avtomabili saxlayıb qadına yaxınlaşdım. Ona salam verdikdən sonra: "Anam, sizdən bir neçə söz soruşa bilərəm?"- deyib, söhbətin məqsədə gəlməsi üçün icazə istədim. Hər dayanan avtomabildən pul gözləyən bu qadın heç də sual-cavab marağında deyildi. Buna baxmayaraq "Buyurun"- dedi. Mən: "Bura pirdir?" Qadın: "Bəli".
Qadını söhbətə həvəsləndirmək və buranı pir hesab etdiyimə inandırmaq üçün ağacın dibindəki qutuya pul qoydum və "Siz baxırsınızmı bu qardaşlara?"- dedim. Qadın: "Yox. Onlar mənə baxır. Onlar məni qoruyur. Onlar məni saxlayır". 
Mən: "Necə yəni ? Onlar axı sadəcə ağacdırlar. Sizi necə saxlaya, qoruya bilər ki?" Qadın: "Gördüyün kimi"-deyib əllərini ovuşdurmağa başladı. Bəli, hava bir az soyuq idi. Mən də əllərimi ovuşdura-ovuşdura: "Sizin əriniz, oğlunuz, qardaşınız var?- deyərək əllərimi nəfəslə istiləndirməyə başladım. Qadın: " Əslində ərim də, oğlum da, qardaşlarım da var idi. Ərim rəhmətə getdikdən sonra oğlum Rusiyaya getdi, gəlmədi. Qardaşlarım isə arvadlarının sözünə, fitnəsinə uyub məndən aralaşdılar. Onlar yalnız bir ana bətnindən gəldikdə qardaş oldular mənimlə. Amma sonra yad insanlardan fərqləri olmadı. Əsil qardaşlarım bu ağaclardır. Onların hesabına çörəkpulum olur və bu "kişilər" ismətimi ləkələmək niyyətindən kənardırlar. İnsanlar pir inancı altında dustaqdırlar və bu pirə hörmət olaraq mənə də heç bir söz demirlər. İlk insan sizsiniz ki, mənə suallar verir, dərdimi təzələyir, əslində ürəyimi boşaltmağa vasitəçi olursunuz".
Qadın əllərini yenə də ovuşdurub nəfəsi ilə isindirməyə çalışdı. O söhbətinə davam edərək: "Siz elə bilirsiniz ki, hər kişi olan kəs bacısına qardaş ola bilirmi? Əsla yox! İndi zəmanə çox pisdir. Çox bacılara qardaş əvəzi belə ağaclar lazımdır" -deyib, gözlərinin yaşını soyuq əlləri ilə silməyə başladı.
Qadın başını astaca 4-5 dəfə tərpətərək daha danışmadı. Mən ona: "Allah razı olsun. Allah köməyin olsun"- deyib avtomabilimə əyləşdim. Hər sualıma cavab tapmış kimi ordan astaca uzaqlaşdım.
Yol boyu düşündükcə ancaq bunu deyirdim: "Bəli, çox bacıya belə qardaşlardan lazımdır".
21-10-2017 15:16 Baxılıb: 2640    
Şərh bildir