İki qol arasında vətəndaşam, ustad!

Ümid Nəccari
 
(Müəllimim Professor Ədalət Tahirzadəyə məktub)
 
Gözümüz aydın, ustad!
Universitetdəki pillələrlə sevgili olduq.
Qırx beş milyon ayağımdır bu pillələrdə,
Düşündükcə qırx beş yaş qocalıram...
Biləklərimdəki bilərziklərin cavabını soruşmağa gəldim.
...kürəyimdəki yaralar yenə ağrıdır, ustad.
Qamçıları kəs ki, keçməsin insanıq fənnini,
keçməsin yuxularımdan işigəncə qatarı...
Neçənci kursda keçəcəyik ağrı fənnini,
görəcəyik Təbrizin Ərkini...?!
...daha kəsilməyə canım da yoxdur
Dilim kəsik-kəsikdir, ustad!
De, getsin yuxularımdan
Yenə o kişi məni gözü bağlı soraqlayır.
Onun çiyninə taxılan ulduzlar gecələrimi qaraldır...
Yuxularımda qaranlıq otaq,
qaranlıq otaqdasa yenə özümü görürəm,
yenə pəncərələr daralır divarların qucağında...
 
Daha dilim danışmır gərçəkləri,
biləklərim sıxılır.
Utanıram dilimdən...
Adım Ümiddir, yoxsa Umud ?!
Öyrətsən də
içimdə Umud məzarlığı var.
Tələbə biletimin gözlərini bağlayıb güllələdilər,
asdılar bioqrafiyamı,
bəlkə yorulsun ayaqlarım,
söz tapa bilməyəm yazmağa...
Səməd əminin məzarı üstə kitabım necə kəpənəyə döndüyünü soruşma!
Özüm burda olsam da, kölgəmi basdırdim İmamiyyə qəbristanında.
 
Gözümüz aydın, ustad!
Universitetdeki pillələrlə sevgili olduq...
Gündə danışıram əzablarımı pillələrə.
Pillələri çıxarkən özümdən çıxıram,
Axı ağırlığım boyda daşam bu yaşımda.
İki qol arasında vətəndaşam, ustad!
Sözlərim zindanda qocalır...
Anama görə bütün şeirlərimin qanadları bağlıdı...
01-09-2017 20:29 Baxılıb: 1490    
Şərh bildir