Vüsal Həsənəli - Qoydu

Soydu məmur bu yetim xalqı tumançağ qoydu,
Talayıb, qarət edib zatını çılpaq qoydu.
 
Gəzir Avropanı məmur dayı neftin puluna,
Kasıb övladlarının boynuna torpaq qoydu.
 
Plana saldı neçə Şəhid bulağın sökdü,
Ağlayan doğmasının ovcuna bayraq qoydu.
 
Qazımız kilsə isindirsə də Allaha şükür,
Bizi öldürmədi, qışdan çıxarıb sağ qoydu.
 
Mənə "qanunla danış" deyildi, haqqım sordum,
Demoqoqsan deyibən adımı yaltaq qoydu.
 
Neçə Zəhra qanının istisi yandırdı məni,
Qarabağ dağlarını dağladı çıldağ qoydu.
 
Sus, Vüsal, çün üzü dönmüş fələyin fitnəsi var,
Çoxunun bardağına sirkə-sarımsağ qoydu.
12-07-2017 10:15 Baxılıb: 1380    
Şərh bildir