Vadiyi-eşq icrə buldum...

Sevda Karahanlı
 
Vadiyi-eşq icrə buldum Xosrovi-xubanı mən,
Sübhədək gözlər gözüm, könlüm sevən sultanı mən.
 
Aşiqi-dilxəstədən öyrəndim hicran cəkməyi,
Gözlərimdən qovmuşam cismim yaxan röyanı mən.
 
Hüsnünün nuri günəş tək zülməti nurlandirar,
Bulmuşam Məcnunə nisbət bir dəli sevdanı mən.
 
Vəslini dərman bilib üz qoymuşam dərgahına,
Sevmişəm evlər yıxan bir gözləri şəhlanı mən.
 
Surətin görmək nə xoşdur vəslini görmək qədər,
Qəbul etdim, istərəm könlüm verən fərmanı mən.
 
Tanrının bir lütfüdür, həm lütfi-yarımdir mənim,
Ey xudam, dərk etmişəm bu sirr dolu mənanı mən.
 
Firqəti faş eylədi aləmlərə sirrim mənim,
Vəslini lütf eyləsə tərk etmərəm dunyanı mən.
 
Eşqinə qurban gedər, vallahi Sevda inciməz,
Qadir Allah aşkar etdi gizlini, pünhanı mən.
24-06-2017 18:39 Baxılıb: 1600    
Şərh bildir