Rəfail Agah - Demə hər dərdə dözür...

Demə hər dərdə dözür, daşdı, poladdı bu ürək,
Daş, polad dözməyəcək dərdə- ürək dözdü demək.
 
Bu qədər haqq-hesabın qabağında nə durar?!
Ürəyin varsa əgər susma- cavabın de görək.
 
Cism ilə ruha salıb körpü vurur qan çayını,
Ah ilə qanlı cigər üfləyəcək odlu külək.
 
Ürəyin şadlığını hiss eləmək bunca asan,
Yaradıb incə təbəssüm- güləcək gözdə bəbək.
 
Bu ürəksizlərə baxdıqca ürək mənzilənə
Aparır xeyli müəmma- nə səbəb çərxi-fələk?
 
Çəkməsin dərd-ələm heç bir ürək dünyadə,
Qəm-kədər bilməz ürək- eyləsə Allahə dilək.
 
Uca Allahə dua eyləyərək, ey Agah,
Bir ürək yardımına cəm olunub xeyli ürək.
24-05-2017 23:03 Baxılıb: 1610    
Şərh bildir