Silahsız erməni və azərbaycanlı əsgərlər üz-üzə

Xudavəngi qüssə içərisində tərk edirəm. Jurnalist üçün ən ağır hiss olan natamamlıq hissi məni bərk sıxır. Bu monastra yenidən dönə biləcəyimmi, buna istəyim olacaqmı? Şeytani sifətli keşişlərin dağıtdığı bu Allah evinə? Ermənilər monastrdan əllərinə keçəni, orta əsrlər qravürlərindən tutmuş zənglərə qədər hər şeyi daşıyıb Eçmiədzinə aparıblar. Xudavəngin əvvəlki şöhrətindən çılpaq divarlar, alban sivilizasiyasının silinib getməkdə olan izləri və dinməz erməni kahinlərinin donuq sifətləri qalıb. Hara və niyə qayıdasan? Yer üzündən silinmiş Kəlbəcərin üfüqündə təhqir olunmuş monastrın kölgəsi qalır. Mən daha bu kölgəyə baxmaq istəmirəm...
-Bu yol hara aparır,- ordunun siyasi işlər üzrə xidmətinin əməkdaşından, zabit-psixoloqdan soruşuram. Qanlı və qəddar müharibədən sonra orduda psixoloqların öz yeri var.
-Ağdərəyə.
-Gedək,- öz qərarımı yüksək səslə elan edirəm.
Ləğv edilmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin keçmiş Mardakert, indiki Ağdərə rayonunun girişində Azərbaycan ordusunun ilk blok-postu ilə qarşılaşırıq. 20 addımlıqda isə erməni əsgərləri dayanıb. Rusiya sülhməramlılarının nou-hau qaydalarına görə bizimkilər və ermənilər blok-postlara silahsız çıxırlar.
-Axı özünüzü postda silahsız necə hiss edirsiniz?,- sifətində narazı ifadə olan iricüssəli əsgərə yaxınlaşıb bu sualı verirəm.
-Diskomfort. Biz belə yola veririk,- və dərhal şikayət edir: onlar isə öz postlarının arxasında, bax o istehkamın arxasında silahla dolaşırlar. Və bizimkilər kazarmanın yanında avtomatla dayanıb. Bizə isə burada silahsız dayanmaq əmr edilib. Hmm...
Bir neçə dəqiqədən sonra yerli bölüyün komandiri bizə yaxınlaşır. Və o dayanmadan, amma emosional və ekspressiv şəkildə özünün müharibədəki şücaətlərindən danışır. Sonra dayanır və nəfəsini dərib deyir: “Bağışlayın, yəqin mənim danışdıqlarımdan yoruldunuz. Sadəcə olaraq burada danışmağa heç kim yoxdur. Bu dərənin arasında telefonlar işləmir. İnternet yoxdur. Qəzet yoxdur, televiziya, radio da yoxdur... Biz ünsiyyət sarıdan qıtlıq çəkirik. Və ümumiyyətlə biz həyatdan aralı düşmüşük, bilmirik dünyada nə baş verir. Ancaq bir xəbər eşitmişik- nəyə görəsə müharibə dayanıb. Bəs siz doğrudan jurnalistsiniz?”.
Zabitin bu birbaşa və bir qədər qəribə sualı təəcübləndirir: “Necə yəni, doğrudanmı jurnalistik?”
Gənc, bir az da arıq zabit öz şübhələrini gizlətmir: “Mən inanmıram ki, bura jurnalistləri buraxa bilərlər. Siz yəqin jurnalist adı altında gəlmisiniz. Çatdırın ki, burda bizdə hər şey yaxşıdır!”. Zabitin təsəvvüründə jurnalistika həm də müharibə çöllərini əhatə edə bilən hansısa hüdudsuz məkandır. Qarabağ uğrunda taleyüklü müharibə zamanı isə o bir nəfər də olsun hərbi jurnalist görməyib. Deməli jurnalistlərə cəbhəyə getmək qadağan idi. Biz isə, onun təsəvvüründə hansısa yuxarı komissiyanın nümayəndəsiyik və jurnalist adı altında yoxlamağa gəlmişik...
Daha bir gözlənilməz xəbər. Demilitarizə olunmuş Kəlbəcər-Ağdərə dəhlizi Azərbaycan hərbçiləri üçün də açıqdır. Bir neçə gün əvvəl minaya düşüb ağır yaralanmış Azərbaycan hərbçisini məhz bu dəhlizlə çıxarıblar. Qarşıduran qoşunlar arasında etimadsızlıq buzu yavaş da olsa əriməyə başlayır...
Avtomobilimiz yenidən dirilən Kəlbəcərin cansız məkanı ilə şütüyür. Ətrafda ancaq postsovet dövrünün zamansızlığından qaralan dağıntılarla çuğlaşan hündür dağlardır.
Bizi bu fantom şəhərdə daha nə saxlaya bilər? Planetimizin ən unikal yerlərindən birinə- tarixi 9-cu əsrə gedib çıxan və dünyada bir vaxtlar məşhur olan İstisu mineral bulağına gəlib çatırıq. Əfsanəvi sovet geoloqu, akademik Mirəli Qaşqay əmin edirdi ki, Kəlcəbər mineral su mədənləri unikaldır, onunla heç dünyada məşhur Karlovı Varı mineral suları da rəqabət apara bilməz. İstisunun bir litr suyunda 6.7 qram minerallar (fosfor, sink, litium, yod, brom, mis, magnium... və digər kimyəvi elementlər var).
1828-ci ildən İstisuda müalicə-sağlamlıq mərkəzi fəaliyyət göstərirdi, ötən əsrin 80-ci illərinin ortalarında isə bir neçə sanatoriya və mineral su zavodu tikilmişdi. Bundan əlavə İstisuda yaxşı inkişaf etmiş infrastruktura malik kurort rayonu yaradılmışdı.
Bəs keçmiş SSRİ-nin hər il 50 minə qədər turistin gəldiyi ən populyar kurort zonalarından birinin aqibəti necə oldu?! Erməni işğalçı hakimiyyəti və Qarabağın oliqarxik səhra komandirləri dünyanın ən yaxşı kurortlarından birini xüsusi amansızlıqla taladı, dağıtdı. Daşı daş üstündə qoymadılar! Unikal və qiyməti ölçülməyən mineral su isə axıb qumlara qarışır. Axı il ərzində hər bulaqdan 600 milyon litrdən çox müalicəvi su axıb gedir. İstisuda isə 12 mineral bulaq var.
Erməni işğal maşınının vandalizmi ağlabatan izaha yatmır və elementar rasionalizmə ziddir.
Sivlizasiyalı cəmiyyətin iradəsinə bu cür qarşı getmək, zərbələrə dözmək və öz dövlətini siyasi risklərə məruz qoymaq, uzun on illər ərzində bu nadir və qeyri-adi resurslar üzərində işğalçı rejimini qoruyub saxlamaq uğrunda mübarizə aparmaq nəyə lazım idi? Ancaq sivilizasiyalı dönüşün və infrastruktur inkişafının bütün nailiyyətlərini məhv etmək hərisliyindən irəli gələn barbarlıq? Nəyin naminə? Mifik “miatsum” ideyası və ya soyğunçuluq, talançılıq yolu ilə ilkin oliqarxik kapital əldə eləmək naminə? Bütün bunları ağılla dərk eləmək, proqressiv arşınla ölçmək mümkün deyil!
Bu gün isə İstisu müharibədə qalib gələn Azərbaycan əsgərinin istirahət məkanıdır. Müharibənin qəhrəmanları bu unikal mineral su mədənini azad edərək onu yuyunmaq üçün hovuza çeviriblər. Su bütün mənbələrdən fontan vurur və çuxura dolur. Dağın üstündən əsgərlərin bu mineral göllərdən birində necə çimdiyini müşahidə edirəm.
-Soyuq deyil? Baxın a, soyuqlayarsınız!,- dağın üstündən qışqırıram, gəncləri diksindirirəm.
-Nə danışırsınız? Çox istidir!,- əsgərlər xorla cavab verir.
İstisuda suyun temperaturu 60 dərəcəyə çatır! Birbaşa bulaqda yuyunmaq istəyrəm, amma qaynar su barmaqlarımı və sifətimi yandırır. Ağdərə haqda düşüncələr isə məni rahat buraxmır: “Deməli Kəlbəcərdən Ağdərəyə dəhlizlə ancaq hərbçilər gedə bilər?!”
Azərbaycan ordusunun polkovniki mənə məlum olan həqiqəti təkarlayır: “Nəyə görə ki? Bizim qoşunlar Madagizi (Suqovuşan) və Talışı da azad ediblər. Bunlar da Ağdərənin kəndləridir!”
Polkovnikin sözləri fəth edilmiş zirvələrə aparan yol barədə Vladimir Vısotkskinin ölməz sətirlərini yada salır: “Və fəth edilmiş zirvələrdən enirik, dağları tərk edərək, dağlardan ürəyimizi qoyaraq...”
Talışı görmək və ölmək! Ağdərənin Barambad meşələrində soyuq, çiskinli payızda azıb qalan hər bir Azərbaycan hərbçisi sizə etiraf edər. Uca göylər azərbaycanlılara ezotrik əlamətlər qoyub gedib- bizi Vətənin itirilmiş hissəsi isə simvolik xətlər həmişə ayırıb. Araz, Xudafərin, Ömərdağ, Xudavəng... Ziddiyətlidir, amma 30 ilə yaxın dövr ərzində Azərbaycan və Ermənistan döyüş sədlərini tarixmizdə kədərli taleyi ilə qalan Gülüstan qalası ayırırdı. Çar generalı Nikolay Fedoroviç Rtışev Gülüstan qalasında fars naziri Abdulhəsən Xanla Azərbaycanın Araz çayının ortası boyu ikiyə bölünməsi haqda müqaviləni imzalayıb.
İndi Gülüstan qalasının özü də bölünüb, eyni adlı kəndin özü kimi. Lakin bu dəfə Azərbaycan və Ermənistan qoşunları arasında. Qarabağdakı amansız müharibə illərində Qarabağ tarixinin bu mirvarisi də zədələnib, ziyan görüb.
Talış kəndini meşələrlə örtülü yastı dağlar əhatə edir, üzbəüzdə isə 19-cu əsrdə məşhur türk tayfası tərəfindən əsası qoyulmuş Tap Qaraqoyunlu kəndidir. Bura indiki Ermənistan ərazisindən, Dağ Qaraqoyunlu kəndindən türklər köçüb gəliblər. Buradan Gülüstan ətrafına misilsiz mənzərə açılır- keçəl dağlar və alp çəmənliklərinə.
Lakin müharibə gözəl təbiətə malik olan bu əsrarəngiz və kövrək diyarı baxımsız hərbi kazarmalara, istehkamlara, səngərlərə çevirib. Talış kəndini haqlı olaraq Qarabağın şimal qapısı adlandırırdılar. 2016-cı ilin aprelində Azərbaycan qoşunları bu qapını açdı, ikinci müharibədə isə bu qapıdan içəri girdi.
Kəndə çətinliklə qalxıram, leysan yağış torpağı lehməyə çevirib. Müharibələr dövründə dağıdılmış və uçmuş evlərin arasında Talış kəndinin məşhur sovet simvolunu- oraq və çəkicə qoyulmuş nəhəng heykəli axtarmağa çalışıram. Lakin ermənilərin kazarmalarında məskunlaşan Azərbaycan əsgərləri əmin edirlər ki, heykəli hücum edən ordunun şiddətli artilleriya atəşləri dağıdıb.
Kəndin mərkəzində isə qaçan ermənilər bura qayıtmağa hazırlaşan azərbaycanlı qaçqınlar üçün erməni diasporunun pulları hesabına tikilmiş abad təzə kvartal qoyub gediblər. Köhnə evlərin arasında tikilmiş eynitipli və simasız amerikan kottecləri Qafqaz individualizminin ruhuna ziddir. İşğalçı erməni mühitinin özü kimi yad, qondarma və yersiz mənzərə dərhal gözə çarpır. Talış hara, Texas kottecləri hara?
Meşə cığırına tərəf qalxıram və burada təxminən iki əsr bundan əvvələ aid olan, Talışdakı ilk erməni izlərindən xəbər verən kiçik qriqoryan kilsəsi var. Ermənistanın özündə, Azərbaycanın Şirvan hissəsində Talış adına oxşar kəndlərə rast gəlinir. Hərçənd ötən əsrin ortalarında erməni hakimiyyəti Talış kəndinin adını dəyişib Arus qoymuşdu. Cənubi Qafqaza bu toponim monqollar tərəfindən gətirilib.
Yağış isə yarıdağılmış kəndin kədərli mənzərəsini bir az da gücləndirir. “Yağış tarixin izlərini də yuyub aparır”,- kilsənin qarşısında istər-istəməz deyirəm.
“Suqovuşana getmək vaxtıdır”,- ermənilərdən azad edilmiş keçmiş Madagiz kəndinin yeni başçısı, əslən Qarabağın bu kəndindən olan Xalid Qurbanov deyir.
Tale 42 yaşlı Xalid Qurbanovla iki dəfə sərt davranıb. İlk dəfə 1989-cu ildə Qurbanovların evinə “Krunk” hərəkatının fəalları soxulublar və sərt şəkildə xəbərdarlıq ediblər: “Əşyalarınızı yığın və rədd olub gedin”. 11 yaşlı azərbaycanlı oğlan valideyinləri, qardaşları və bacıları ilə birlikdə öz əcdadlarının torpaqlarını piyada tərk etməli olublar. Lakin Azərbaycan ordusunun 1992-ci ildə Madagizi azad edən qalibiyyət yürüşündən sonra (kəndi azərbaycanlılar Pənahəli xanın dövründə olduğu kimi Suqovuşan adlandırmışdılar) Qurbanovlar öz əcdadlarının yurduna yenidən geri dönə bilmişdilər. Bir il sonra siyasi ziddiyətlər nəticəsində Azərbaycan qoşunları Bakıya geri çəkildi və hücum edən erməni ordusunun kəndə yolu açıldı. Qurbanovlar digər azərbaycanlılarla birlikdə doğma evlərindən ikinci dəfə qaçaraq yaxınlıqdakı Tərtərə sığınmalı oldular.
Xalid Qurbanov "Qarı körpüsü"nün üstündə keçmiş günləri xatırlayır...
Qarabağın ən iri çaylarından olan Tərtərçayın üzərindəki “Qarı körpüsü”dən Suqovuşandakı evlərinə qüssə ilə nəzər salan Qurbanov ötən günləri xatırlayır.
-Nəyə görə “Qarı körpüsü”?
-Qədimdən belə əfsanə var ki, bu körpünün tikintisi zamanı palçığa yumurta qatıblar. Və bu yumurtanı yerli müsəlman qarı gətirib. Hansı ki ömrünün sonuna qədər körpünü öz mülkiyyəti sayıb. “Qarı körpüsü” adı da belə yaranıb.
Ətrafda isə Azərbaycan hökuməti tərəfindən başladılan böyük abadlıq işləri gedir. Evlər və yollar bərpa edilir, yeni asfalt salnır, hakimiyyət Suqovuşandan köçkün düşən ilk 19 ailənin geri qaytarılmasına hazırlaşır.
-Biz diqqətlə seçim edirik,- Qurbanov danışır.- Bura kəndin sakinləri qayıdacaqlar. Hələlik biz qayıtmaq istəyən 19 ailə müəyyənləşdirmişik. Onların hamısını şəxsən tanıyıram.
-Ermənilər də qayıdacaqlar?,- qəsəbənin yeni başçısına birbaşa sual verirəm.
-Mən çox istərdim ki, onlar da qayıtsınlar. Axı müharibəni sadə adamlar başlamayıblar, bizim dinc həyatımızı pozan yaraqlılar və siyasətçilər günahkardır,- Qurbanov təəsüf hissi ilə etiraf edir.
Hansı daha əvvəl idi: Madagiz, yoxsa Suqovuşan? Bu sualla Qarabağ xanının iki yüz ilə yaxındır davam edən nəslinin nümayəndəsinə müraciət edirəm.
-Bizim qəsəbədə hələ Sovet dövründə ermənilərin Qarabağa köçürülməsinin 150 illiyinin şərəfinə ucaldılmış abidə var idi. Lakin işğal illərində onu dağıdıblar, Mardakertdə olduğu kimi.
Yağış və qatı duman altında sakit addımlarla Suqovuşanın köhnə rayonuna, həmin abidənin qoyulduğu yerə tərəf gedirik. Yağış tarixin izlərini yuyub aparır! Bizi buralarda yeni xidmətə başlayan polislər dayandırır. Və əmin edir ki, qəsəbənin köhnə məhəlləsinə tərəf getmək təhlükəlidir- hər tərəfdə minalar var! Və müharibənin alovlu nəfəsi yenidən hiss olunur, bütün Qarabağ ölümcül minaların və möhtəşəm təbiətdə məskən salmış bədheybət ruhların əsarətindədir. Mənzərəli təpələrin arasında yerləşən Tərtər su anbarının möhtəşəm mənzərəsi müharibə və zorakılıqlar haqda bütün düşüncələri qovur. Bu anbarda yığılan su Azərbaycanın illərdir başının üstünü domokl qılıncı kimi kəsdirmiş quraqlıqdan əziyyət çəkən yeddi rayonuna həyat verəcək. Deyəsən həyat geri qayıdır, o axar su ilə birlikdə axıb Qarabağın müharibələrdə yaralar alan torpaqlarına hopur.
Və mənim təsəvvürümdə olduğu kimi bu təmiz suda kəndin ətrafında, qayaların arasında ucalan Yelisey monastrının, böyük xristian missioneri, Qafqaz Albaniyasında xristianlığı ilk dəfə yayan Yeliseyin adını daşıyan orta əsrlər məbədinin bulanıq kölgəsi əks olunur.
Bir vaxtlar Qarabağ müharibələrinin birinin, ötən əsrin əvvəllərindəki həmin unudulmuş müharibənin qəhrəmanlarından biri, Qarabağ xanının nəticəsi, istedadlı dağ mühəndisi, Birinci respublikanın ilk daxili işlər naziri olmuş Behbud xan Cavanşir həmin bu kilsənin ətrafında erməni daşnakları ilə amansız döyüşə girmişdi. Cavanşir Qarabağın demoqrafik xəritəsini dəyişdirmək istəyən azğın daşnak başkəsənləri qarşısında sinə gərmişdi. Onun kəndi yaxınlıqdadır, Qaraqoyunludadır, Talışla üzbəüz deyil, yaxınlıqdakı Tərtərdə. Böyük Qara Yusufun törəmələri- oğuz türkləri Qarabağda yüzillərlə uzanan tarixə malikdir... Lakin bu günün özündə də Cavanşirin vətəni iti uclu dövlət terrorçuluğunun bir addımlığındadır.
Qanlı müharibə zamanı Tərtər adı ümumi ismə çevrildi. Yüksək ləyaqətin, sarsılmaz qorxmazlığın, mübahisəsiz şərəfin təntənəsinə. Bunlar təmtəraqlı sözlər deyil, Tərtərin qəhrəmanlığını təsvir edə biləcək doğru söz axtarışıdır. Tərtər birinci müharibədə dözüb dayandı və ikincisinə də sinə gəldi. Yaxud da dinc şəhərə qarşı birtərəfli dəhşətli zərbələrə amansız döyüşlər deyilə bilər. Ancaq Tərtər bir addım geri çəkilmədi. Ruhundakı sağalmaz yaralar və şəhərin üzündəki dərin cızıqlar isə uzun müddət qalacaq.
Bu, bir növ şəhər-muzeydir, dünənki müharibənin canlı təcəssümüdür: şəhərin hər yerində atılan qəlpələr, minlərlə mərmi, bomba və raket izləri var. Ağlasığmazdır - bu qədər ağır zərbəyə necə tab gətirmək olar?!
“Mən hər gün işə gedirdim. Çünki bilirdim ki, çətin anlarda Vətənimə bu cür xidmət edirəm”,- Aztelekom-un əməkdaşı, 50 yaşlı Könül Məmmədova deyir. Lakin işdən evə qayıtdıqdan sonra yorğun K.Məmmədova mənzilinin tamamilə dağılmış olduğunu görüb. Erməni mərmisi qəfildən Məmmədovanın evinə düşür və qadın ailəsi ilə birlikdə son sığınacağını itirir. Ancaq müharibənin bu amansız zərbəsi güclü qadının iradəli ruhunu sındıra bilmir. Könül xanım hər gün işə getməyə davam edir və cəbhə bölgəsində rabitəni təmin edirdi, sonra isə qayıdıb bomba sığınacağına sığınırdı.
-Bu cür amansız müharibə qarşısında necə dözdünüz?- qeyri-ixtiyari bu sözlər dilimdən çıxır. Qadının gözləri qaçılmaz kədər hissi keçirir.
-Bizim ürəyimizi bax bu bayraqlar isitdi -bax bunlar Azərbaycan və Türkiyəyə olan sevgimizin ifadəsidir- bunları deyərkən qürurlu qadının sifətində bir əzələ də tərpənmir.
İnsanlar evlərini tərk etmədi. Onlar sözün əsl mənasında zorla arxa cəbhəyə təxliyyə edilirdi. Şəhərdəki dağıntıların miqyası heyrətamizdir. Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin Tərtərdə olarkən yerindəcə qeyd etdiyi kimi, şəhər müharibənin ilk günlərindən ikinci Stalinqrada çevrildi, heç bir şişirtməsiz. Bizim qəhrəman şəhərimiz...
45 yaşlı Aqil Məmmədovun cəsarət və Vətən sevgisi böyük müharibə haqqında ən yaxşı bədii ədəbiyyatın əsasını təşkil edə bilər. Düşmənin atdığı mərmi səhər tezdən onun evini dağıdaraq yer üzündən sildi. Axşam isə dükanının yerində yalnız dərin çala qaldı. Aqilin yerinə başqası olsaydı həyatın istiqamətlərini itirmiş, pozulmuş, qarşısıalınmaz depressiyaya düşmüş olardı, ancaq Tərtərin bu qəhrəman sakini ailəsi ilə birlikdə itirdiklərini unudaraq yaralıları xəstəxanalara aparırdı.
"Həyatda hər şeyi qaytarmaq olar, ancaq alçaldılmış şərəf və itirilmiş Vətəni yox",- Aqil gözündəki yaşı silərək deyir. Bunlar ümidsiz göz yaşları deyil, Aqil və onun kimilərinin müdafiə etdikləri Tərtər üçün sevinc və qürur göz yaşlarıdır.
Şəhərin sağ tərəfində “Qrad” raketlərinin dağıtdığı apteklər var. Bu küçəni isə "Smerç" raketi ilə vurublar. “Allaha şükür ki, mərmi suya düşdü. Ancaq yenə də dəhşətli dalğa bir neçə evi dağıtdı”,- yaşlı Məmməd kişi danışır.
Ancaq həmin günlər düşmənin əsas bomba zərbələri, raket hücumları Kəlbəcər, Ağdərə, Laçından olan Qarabağ qaçqınları məhəlləsinə endirilirdi.
“Hamımızı öldürmək istəyirdilər. Əcdadlarımızın torpaqlarına qayıda bilməyək deyə”,- 82 yaşlı Səmayə xanım qəzəblə deyir. Taleyin işinə bax! 2018-ci ildə hökumət xüsusi layihənin icrasını şərəflə başa çatdırdı- Tərtərə sığınan Qarabağ məcburi köçkünlərinin mütləq əksəriyyətini rahat və gözəl Avropa mənzilləri ilə təmin etdi. İki il sonra isə ermənilər bu müasir şəhərciyə mərmi yağdırdı. "Yəni ermənilər burada da bizə dinc həyat yaşamağa imkan vermədilər",- Qarabağ bölgəsindən məcburi köçkün düşən sakinləri hamısı bir ağızdan deyir.
Bütün bina və evlərdə amansız müharibənin qəddar izləri qalır. Çətinliklər hesabına yenidən tikilən musiqi məktəbinin Azərbaycan tarı simvolları ilə bəzədilmiş bütün divarını raket zərbələri dağıdıb.
Yolda rastlaşdığımız hər ikinci şəxsdən soruşuram: əcdadlarının yurduna qayıdacaqlarmı? Yaxşı həyat şərtlərindən imtina edəcəklərmi? Bu lüks mənzillər necə, onları qoyub gedəcəklər?
Səmimi and içirəm və etiraf edirəm- insanların cavabları ürəkaçan idi. Qarabağ azərbaycanlıları tarixi qayıdış üçün geriyə qalan günləri sayırlar. “Oraları görsəydik, ölməzdik”, - deyə Səmayə xanım əllərini göyə açır, Allaha üz tutur.
-Bəs bu gözəl və rahat mənzil necə olacaq? Kəlbəcərdə belə şərait yoxdur. Ermənilər hər şeyi məhv ediblər, - nənəyə itirdiyi vətən haqqında danışıram. O bir sözü də qaçırmadan Kəlcəbərin hansısa kəndi, bulağı, dərəsi, çınqılı haqda danışdıqlarımı həsədlə dinləyir.
“Qoy bu mənzillər Qarabağ uğrunda şəhid olanların ailələrinə verilsin. Mən isə doğma xarabalığımı seçirəm. Ancaq Kəlbəcərdə yaşamaq istəyirəm", - dözülməz həsrətlə vətəninin bərpasını gözləyən nənə deyir.
Həyətdə xurmalara bürülmüş ağaclar var. Hadrutdakı kimi. Cazibədar şirəli Qafqaz xurmasını qoparmaq üçün əlimi uzadıram.
Ancaq Səmayə xanım məni dayandırır: “Ermənilər şəhərə zəhərli bomba atdılar. Əl vurmayın. Bu il bizə meyvələrə əl vurmaq qadağan edilib”.
Sadəcə qışqırmaq istəyirəm: niyə, axı niyə Qarabağ müharibəsi əlaməti ilə keçən bütün həyatımızı zəhərlədiniz!

Eynulla Fətullayev       virtualaz.org
шаблоны для dle 11.2
18-12-2020 04:20 Baxılıb: 940    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}