Rus əsgərlərinin və zabitlərinin Qarabağ müharibəsində Azərbaycan tərəfində iştirakı

Qəmlo Əsədullah
 
1993-cü ilin may ayına qədər Azərbaycanda Sovet İttifaqından qalan Sovet-Rusiya qoşunlarının Qarabağ müharibəsində Azərbaycan tərəfdə iştirakı haqqında məlumatlar hamıya maraqlı olar.
Azərbaycan o vaxtı Rusiyada olan vəziyyətdən istifadə edərək Qarabağ münaqişəsini öz xeyrinə həll edə bilərdi və bu istiqamətdə işlər görülmüşdür. Lakin Ayaz Mütəllibovu deviriləndən sonra Azərbaycanın tutduğu siyasi kurs dəyişməyə başladı. Biz bu mövzuya toxunmadan faktlara keçək.
Keçmiş Sovet-Rusiya qoşunlarını Azərbaycanın ölkə rəhbərliyi, o cümlədən cəbhəyani rayonların rəhbərliyi və ayrı-ayrı nüfuzlu şəxslər tərəfindən döyüş əməliyyatlarına cəlb edilirdi. Azərbaycandakı keçmiş Sovet hərbi hissələri və ayrı-ayrı hərbi qulluqçular müharibədə qeyri-rəsmi (muzdlu və yaxub başqa danışıqlar əsasında) iştirak edirdilər. İlk öncə Azərbaycanda yerləşən Quru Qoşunlara aid hərbi hisslər haqında qısa məlumat verim.
Azərbaycanda Sovetin 4-cü ordusu və 104-cü Hava Desant Diviziyası vardı (komandir V.V. Şerbak, sonra V.İ. Orlov). 4-cü ordunun tərkibinə əvvəl diviziya daxil idi, sonra onlardan biri sərhəd qoşunlarına verildi. Ölkəmizdə 295-ci motoatıcı diviziya (Bakı, komandir general-mayor Y.N. Antonov), 23-cü moto-atıcı qvardiya diviziyası (Gəncə, komandir A.P.Budeykin), 60-cı motoatıcı diviya (Lənkəran, komandir V.K. Muratov) və 75-ci moto-atıcı diviziya (Naxçıvan, komandir L.Y. Roxlin) yerləşirdi. Bundan başqa, Hərbi Dəniz Donanmasına, Hərbi Hava Qüvvələrinə və Hava Hücumundan Müdafiəsinə aid digər hərbi hissələr də var idi.
1. 1993-cü ili mart ayına Rusiyanın rəsmi məlumatına görə Azərbaycana təhvil verilən silah və texnika bunlardır: 415 tank, 1159 zirehli texnika (BMP, BTR və s.), 353 artilleriya vasitəsi (kalibri 100 mm çox), 53 döyüş təyyarəsi, 8 vertolyot. Başqa rəsmi mənbələrə görə Azərbaycana 286, yaxud 311 tank və 18 vertolyot qalmışdı. Onlarla L-29 və L-39 döyüş-təlim təyyarələri də Azərbaycan ordusuna təhvil verilmişdi. Bundan başqa Azərbaycana 100 min ədəd atıcı silahlar və 11 min vaqon hərbi sürsat qalmışdı. 1993-cü ilin may ayında 104-cü Hava-Desant Diviziyası Gəncədən çıxarkən 105 ədəd zirehli texnika (desantçıların döyüş maşını və BTR), 42 artilleriya sistemi, 36 ədəd özüyeriyən minaatan “Nona-SVK” Azərbaycana təhvil verilmişdi.
Müharibəyə aid faktlara keçək. Bu faktları mən müharibə veteranlarından, bu haqda araşdırma edən yazarlardan toplamışam.
2. İlk növbədə hələ Ayaz Mütəllibovun vaxtında 1991-ci ildə may-aprel aylarında Azərbaycan OMON-unun və Sovetin daxili qoşun və ordu hissələrinin ermənilərə qarşı birgə keçirdikləri “Həlqə”(“Koltso”) əməliyyatını qeyt etmək lazımdır. Bu əməliyyat sayəsində ermənilərin 21 kəndinə nəzarət bərpa edilmişdir, o cümlədən strateji əhəmiyyətli Çaykənd indiyədək Azərbaycanın nəzarətindədir.
3. Azərbaycan rəhbərliyinin Rusiya rəhbərliyi ilə razılaşdırılmış 15 fevral 1992-ci ildə Xocalıdan dinc əhalinin təhriyyəsi üçün blokadanı yarmaq və ordan Ağdama dəhliz yaratmaq məqsədilə 23-cü motoatıcı divizayanın komandiri general Budeykinin rəhbərliyi atında hərbi əməliyyatın keçirilməsi cəhdi barədə çoxları susur. Bu məqsədlə 23-cü diviziyanın bölmələri 15 fevralda Gəncədən Ağdama gəlmiş, lakin Ağdamın Əhmədavar və Şelli kəndləri arasında AXC fəalı Fəhmin Hacıyevin rəhbərlik etdiyi bir qrup adam tərəfindən kolonun qarşısı kəsilmiş, onlara Əsgəran-Xocalı istiqamətində hərəkət etməyə imkan verilməmişdi.
4. 28 fevral 1992-ci ildə A.Mütəllibov MDB BSQ baş komandanı marşal Şapoşnikova Xocalını qaytarmaq üçün müraciət etmişdi. Şapoşnikovun göstərişi ilə 5 mart 1992-ci ildə 23-cü diviziyanın bölmələri Ağdama gələrək, 6 mart saat 12-də Ağdamın yerli özünü müdafiə batalyonları ilə birgə Əsgəran istiqamətində hücuma keçmiş, Naxçivanik, Xanabad kəndlərini azad edərək Əsgərana daxil olmuşdu. Lakin 6 mart saat 18-də A.Mütəllibovun istefa verməsi xəbəri gəlir və rus qoşunları fəaliyyətlərini dayandırıb, geri- Gəncəyə qayıdırlar. Bu hücum müharibənin gedişini kökündən dəyişə bilərdi.
5. 14 may 1992-ci ildə Ağdamda Əsgəran, Xocalı və Xankəndini tutmaq, Şuşanı azad etmək məqsədilə 23-cü diviziyanın bölmələri cəmləşdirilmişdi. Lakin 15 may 1992-ci ildə A.Mütəllibovun vəzifəsindən yenidən uzaqlaşdırılması ilə qoşunlar da Gəncəyə qayıtmışdı.
6. Hələ 15 may 1992-ci il Daşkənd Sazişinə qədər, hansı ki bu sazişə uyğun olaraq Azərbaycanda yerləşən Sovet qoşunlarının döyüş texnikası, silah-sursat və ləvazimatının bir hissəsi Azərbaycana verilmişdi, aprelin sonlarında Rusiya müdafiə naziri P. Qraçovun göstərişilə Azərbaycana 15 min ədəd atıcı silah və 15 PDM verilmişdi.
7. 15 may 1992-ci ildə Daşkənd Sazişi keçmiş Sovet ordusu silah və texnikasının yeni müstəqil respublikalar arasında bölünməsini nəzərdə tuturdu. Saziş 15 mayda bağlansa da, R.Qazıyevin fəaliyyəti nəticəsində Azərbaycanın payına düşən silah-sursat və texnika, Ermənistandan fərqli olaraq Azərbaycana dərhal verildi. Bu, Azərbaycan Ordusunun Ermənistan Ordusundan iki ay daha tez silahlanıb, 1992-ci il yay hücumuna keçərək 91-ci ilin sonlarından ilk dəfə hücum təşəbbüsünə yiyələnməsinə şərait yaratdı. Bu isə özünü uğurlu yay-payız hücum kampaniyasında göstərdi.
8. Azərbaycan Prezidentinin səlahiyyətlərini icra edən Yaqub Məmmədovun və müdafiə naziri Rəhim Qazıyevin səyləri nəticəsində 1992-ci ilin aprel-iyun aylarında 104-cü Hava Desant Diviziyasının instruktorları Goranda 2500 Azərbaycan əsgəri hazırlamışlar.
9. Rəhim Qazıyev 1992-ci ildə iyul ayında Gəncədə yerləşən 104-cü diviziyadan pulla zabitlər gətirərək Azərbaycanın Hava-desant qüvvələrinin ilk taborunu yaratmışdı. Rus hərbçilərin rəhbərliyi altında 360 nəfər desantçı hazırlanmışdı. Məşqlər Goran qəsəbəsinin yaxınlığındakı poliqonda keçirilirdi. Həmin aylarda Perəkəşküldə yerləşən QRU-nun (Baş Kəşfiyyat İdarəsi) 22-ci xüsusi təyinatlı briqadasının instruktorları tərəfindən Şamaxıda 300-ə yaxın Azərbaycan kəşfiyyatçısı hazırlanmışdı. İkinci 300 nəfərlik kəşfiyyatçı qrupun hazırlığı isə briqadanın Azərbaycandan çıxarılması ilə əlaqədar sona çatdırılmamışdı.
11. 1992-ci ilin aprel-may aylarında rus hərbi instruktorları Mingəçevirdəki batalyona da döyüş hazırlığı keçmişdilər.
12. 1992-ci ilin aprel-may aylarında rus hərbi instruktorları Mingəçevirdəki batalyona da döyüş hazırlığı keçmişdilər. Həmin ilin may-avqust aylarında 60-cı diviziyanın instruktorları 820-ci alayın (sonra 704-cü Lənkəran briqadasının) bölmələrinə, o cümlədən Astarada 20-ci alaya, Göytəpədə 22-ci alayın bazalarında 704-cü briqadanın 3 batalyonuna, Port-İliçdə 1073-cü artilleriya alayının bazasında briqadanın artdivizionuna, 769-cu kəşfiyyat batalyonunun bazasında briqadanın kəşfiyyatçılarına və rabitəçilərinə döyüş məşqləri və xüsusi hazırlıq keçmişdilər.
13. 1992-ci ilin noyabr-dekabr aylarında Seyfəli təlim mərkəzində Rusiyanın 104-cü HDD-sinin instruktorları tərəfindən 2-ci Ordu Korpusunun 4500 nəfərlik döyüş ehtiyat qüvvəsi hazırlandı. Plana görə, 10 min nəfər hazırlanmalı idi, lakin hakimiyyətin apardığı xain siyasət nəticəsində bu iş başa çatdırılmadı. 10 minlik korpus 1993-cü ilin aprel-may aylarında irimiqyaslı hücumla Stepanakertə qədər irəliləməli idi. Lakin ətrafında olan qüvvələr Elçibəyə çatdırdı ki, Surət Hüseynov ruslarla birgə hakimiyyətə qarşı qoşun hazırlayır və hazır olan kimi hakimiyət deviriləcək. Buna görə də Elçibəy əmr verdi ki, həmin bu qüvvələr qış aylarında Ağdamda və Ağdərədə hücuma başlasın. Yarımçıq vəziyyətdə olan korpus qış şəraitinə hazırlıqsız hücum əməliyyatlarına göndərildi. 2-ci Ordu Korpusunun komandanlığı, bütün ağılı başında olan hərbçilər bu hücumun əleyhinə idi. Hətta Ali Baş Komandan olan Elçibəyə 2-сi Ordu Korpusunun komandiri Surət Hüseynov tərəfindən məktub yazılmışdır ki, bu hücum faciəli nəticələrə gətirib çıxaracaq. Qış vaxtı dağlarda hücum əməliyyatlarına ordu hazır deyildi. Amma Elçibəy göstərilən səbəblərə məhəl qoymadan inadkarcasına əmrindən dönmədi. Nəticədə qış əməliyyatları faciəli nəticələrlə bitdi. Ordu böyük itkilər verdi, hazırlanmış rezervlər isə döyüşlərdə məhv oldu. Kəlbəcərə olan hücumun qarşısını bu vəziyyətə düşmüş ordu artıq ala bilmədi. Çünki qüvvələr tükənmişdi. İndiki iqtidarın hakimiyyətə gəlməsnin kökləri bax bu faciədən başlanır. Sürət Hüseynova qarşı olan intriqaların nəticəsində Elçibəyin hakimiyəti gedir, bu hakimiyyət gəlir.
14. 4 aprel 1993-cü ildə (artıq Kəlbəcər işğal olunmuşdu) Rəhim Qazıyev Şəkidə idi. Pənah Hüseynov ona zəng elədi və təcili olaraq Binə aeroportuna gəlməyini xahiş etdi. Aeroportda R.Qazıyev Pənah Hüseynov və Abbas Abbasovla görüşdü. Onlar dedilər ki, ermənilər Füzuliyə hücuma keçiblər. Onlar Moskvada olublar, lakin Rusiyanın müdafiə naziri Pavel Qraçov onları qəbul etməyib, ona görə də Rəhim Qazıyevdən Qraçovla görüşmək üçün kömək istədilər. Elə həmin gün onlar Moskvaya uçdular. Azərbaycan və Rusiyanın rəsmi dövlət səviyyəsində Qarabağda gedən hərbi əməliyyatlara aid təmaslarından biri 5 aprel 1993-cü il tarixinə təsadüf edir. Həmin gün ermənilərin Füzuliyə davamlı hücumunu dayandırmaq məqsədilə Pənah Hüseynov, Abbas Abbasov və artıq müdafiə naziri vəzifəsindən ay yarım əvvəl azad edilmiş Rəhim Qazıyev Moskvada Rusiyanın müdafiə naziri P.Qraçovun yanında olmuşlar. Onlar Qraçovdan ermənilərin Füzuli istiqamətində hücumunu dayandırmaları üçün Ermənistan rəhbərliyinə təsir göstərməyi xahiş etmişlər. Qraçov onların yanında Ermənistan prezidenti L.Ter-Petrosyana zəng etmiş və ondan bu hücumu dayandırmağı tələb etmişdir. Bundan sonra ermənilər hücumu dayandırmışlar. Qeyd etmək lazımdır ki, əvvəlcə Pavel Qraçov Rəhim Qazıyevin yenidən öz vəzifəsinə qaytarılmasını tələb edir, deyir ki, Rəhim Qazıyev onun dostudur, ona görə də ancaq bu şərtlə kömək edəcək. Lakin Rəhim Qazıyev şəxsən yenidən israrla xahiş edir və yalnız bundan sonra Qraçov erməniləri durdurur. Elə ordaca Pəhah Hüseynov Rəhim Qazıyevdən xahiş edir ki, o 104-cü Hava Desant Diviziyasının vasitəsilə Kəlbəcəri geri qaytarmağa da kömək eləsin. Rəhim Qazıyev bu xahişi də edir və Qraçov razılıq verir. O Podkozlinə onların yanında zəng vurur və müvafiq əmr verir ki bu işdə yardımçı olsun. 20 aprel 1993-cü il tarixdə Podkozlin Gəncəyə uçur. Rəhim Qazıyev onunla görüşür. Podkozlin Pavel Qraçovun ona Kəlbəcərin geri qaytarılmasında kömək eləməklə bağlı əmr verməsini və işə başlamağa hazır olduğunu bildirir. Rəhim Qazıyev Pənah Hüseynova zəng vurur və deyir ki Podkozlin burdadı və gözləyir. Pənah isə cavabında deyir ki rusların köməyi artıq lazım deyil və onlar Kəlbəcəri sülh yolu ilə azad edəcəklər. Məsələ budur ki ermənilər danışıqlarda Sürət Hüseynovun müharibədən uzaqlaşdırılması məsələsini qoymuşdular və bunun əvəzində müəyyən şərtlərlə Kəlbəcəri azad edəcəkdilər. Elə bir aydan sonra Gəncə hadisələri başlandı. Ermənilərin fitnəsi məqsədə çatdı.
15. 1993-cü ilin mayında 104-cü HDD Azərbaycandan çıxarılan zaman Azərbaycana əlavə olaraq 105 ədəd DDM (desant döyüş maşını) və 42 müxtəlif artilleriya sistemi saxlamışdı. 1992-ci ilin avqustunda Rəhim Qaziyev Pavel Qraçovla danışır ki Gəncədə duran 104-cü Hava Desant Diviziyasının yarısı azərbaycanlılardan ibarət olacaq. 104-cü HDD-nın şəxsi heyəti 12 min nəfər əsgər olmalı idi. Lakin 1991-ci və 1992-ci il demobilizasiyasından sonra ora Rusiyadan çağırışçılar gəlmirdi. Ona görə də diviziyanın tərkibində cəmi 6 min nəfər qalmışdı. 1992-ci ilin iyul ayında diviziyanın tərkibindən 345-ci paraşut-desant alayı Abxaziyaya göndərlidiyinə görə 104-cü diviziyada 4500 əsgər qalmışdı. Rəhim Qazıyev Pavel Qraçova təklif edir ki diviziyaya 6 min azərbaycanlı çağırışçı göndərilsin ki hərbi hissə tamam olsun. Razılaşmaya görə, iki il ərzində ruslar Azərbaycan üçün 12 min desantçı hazırlamalı idi. Əvəzində isə Azərbaycan 104-cü diviziyanı yanacaq, ərzaq və s. təmin etməli idi. Bu təkliflə Rəhim Qazıyev prezident Əbülfəz Elçibəyin qəbuluna gedir. Lakin Elçibəy bu işə razılıq vermir və deyir ki müstəqil Azərbaycanın əsgəri Rusiya bayrağı altında xidmət edə bilməz. Beləliklə qələbəyə səbəb olacaq çox mühüm iş bir axmaqlığın nəticəsində pozulur.
16. Eynilə yuxarıda göstərilən sxemlə 1992-ci ilin avqustunda Ələkrəm Hümbətov da Lənkəranda duran 60-cı motoatıcı diviziyanın komandiri Bojko ilə və Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi Muratovla danışıqlar aparır. Azərbaycan 60-cı diviziyaya çağırışçılar verir, rus zabitləri onları hazırlayır, əvəzində isə diviziya ehtiyacı olan hər şeylə təmin olunur. Bu təkliflə Ələkrəm Hümbətov Rəhim Qazıyevə müraciət edir. Qazıyev razılıq verir, lakin yenə də prezident Elçibəy buna qarşı çıxır və tələb edir ki 60-cı diviziya Azərbaycandan çıxarılsın! Və yenə də qələbəyə səbəb olacaq işin qarşısı alınır.
17. 1992-ci ilin yay hücumu zamanı Rusiyanın 104-cü desant diviziyasının operativ qrupu polkovnik V.Selivanovun başçılığı altında Azərbaycan ordusuna böyük yardımlar göstərdi. Yay hücum planı rus desantçılarının iştirakı ilə işləndi. Onlar ordunun idarəçiliyində də kömək edirdilər. Bunun tarixçəsi belə idi. Rəhim Qazıyev 104-cü diviziyanın komandanı Şerbakla danışır ki ruslar yay hücumunda kömək etsinlər. Şerbak razılıq verir, lakin Rusiya müdafiə naziri Pavel Qraçovdan icazə lazım idi. 1992-ci il 1-2 iyunda Rəhim Qaziyev Qraçovla görüşür. Qraçov Şerbaka zəng edib deyir: “Onlara kömək et”. Bundan sonra Selivanovun qruppası avqust ayına kimi hücumlarda Azərbaycan ordusuna yardım etdi. Buna mane olan isə bozqurdçu İskəndər Həmidov oldu. O dedi ki rus zabitlərinin bizim qərargahda işləri yoxdur. Nəticədə Selivanovun qruppası geri çağırıldı.
104-cü HDD-nin bir qrup yüksək rütbəli zabitləri Şaumyan və Ağdərənin azad olunması üçün ümumi planın hazırlanmasında da iştirak etmişdilər. Plan Azərbaycan SQ Baş qərargahının 1-ci müavini, Milli Qəhraman (ölümündən sonra) polkovnik-leytenant Şikar Şikarov, o zaman 703-cü briqadanın komandiri olan Nəcməddin Sadıxov və 104-cü HDD-nın əməliyyat şöbəsinin rəisi polkovnik V.Selivanovun başçılığı ilə bir qrup rus zabitləri tərəfindən işlənmişdir. Əlavə edək ki, həmin planın xırda detallarının hazırlanmasında Azərbaycan HHQ-nin pilotu şəhid Vaqif Qurbanov, “Qatır Məmməd” adına batalyonun komandiri şəhid Yaqub Rzayev, Milli Qəhraman (ölümündən sonra) polkovnik-leytenant Şirin Mirzəyev, Milli Qəhraman (ölümündən sonra) Asif Məhərrəmov, Milli Qəhraman (ölümündən sonra) Allahverdi Bağırov, Milli Qəhraman Şahin Tağıyev, Milli Qəhraman Maşallah Abdullayev, Milli Qəhraman Məhəmməd Həsənov və 123-cü alayın qərargah rəsisi Nazim Bayramov da iştirak etmişlər.
18. Rus zabitləri Şaumyan və Ağdərənin azad edilməsində hücumları artilleriya atəşilə dəstəkləyirdilər. Şaumyan hücumunda rus zabitlərdən ibarət 5 tank ekipajı, Ağdərə əməliyyatında isə 1 tank ekipajı iştirak edirdi. Pilotumuz Vaqif Qurbanov həlak olandan sonra, iyun ayının sonlarından etibarən döyüş təyyarələrini rus zabitləri idarə edirdi. Həmin dövrdə demək olar ki bütün istiqamətlərdə hücumlarda rus əsgərləri vardı. Goranboyda və Ağdərədə hücumda Azərbaycan ordusuna 104-cü desant diviziyasının özüyeriyən artilleriya divizionları artilleriya dəstəyi verirdi.
19. 1992-ci ilin sentyabr-oktyabr aylarında 820-ci Lənkəran alayı Qubadlı tərəfdən Laçın istiqamətində hücum əməliyyatları keçirdi. 60-cı motoatıcı diviziyanın silahları təhvil veriləndə Lənkəran alayına 12 ədəd özüyeriyən “Qvozdika” artilleriya qurğusu verilmişdi. Azərbaycan ordusunda mütəxəssislər olmadığından bu qurğuları 60-cı diviziyanın rus zabitləri idarə edirdi. Onlar eyni zamanda azərbaycanlı əsgərlərə bu qurğuları idarə etməyi öyrədirdi. Həmin artilleriya qurğuları döyüşlərin gedişatında mühüm rol oynayırdı, ordunun Laçın istiqamətində irəliləməsini asanlaşdırırdı. Susuzdağ alınandan sonra “Qvozdika”lar Gorus-Laçın-Şuşa yolunu daim atəş altında saxlayırdılar. Lakin rusların bu döyüşlərdə iştirak etməsindən ölkə rəhbərliyi xəbər tutur və qeyzlənir. O vaxt Baş Qərargah rəisi olmuş naxçıvanlı general Nürəddin Sadıxov Laçına gələrək tələb edir ki strateji yolun atəşə tutulması dayandırlırsın, rus zabitləri isə ordan qovulsun. Özüyeriyən artilleriya qurğuları idarəsiz qaldığından Lənkərana göndərilir. Daha bu əməlin adını özünüz qoyun...
20. Azərbaycan Havadan Müdafiə Sistemi və radioelektron mübarizə vasitələri də 1992-ci ilin may-iyun aylarında Surət Hüseynov tərəfindən maaş verilən rus zabitləri tərəfindən bərpa edilib, bir müddət, yəni öz mütəxəssislərimiz hazırlanana qədər idarə olunmuşdur. Döyüş texnikasının təmirini də ruslar aparırdılar. Onların hərbi hissələrindən lazımi ehtiyat hissələri alınıb gətilirdi. Burada, 1993-cü ildə H.Əliyevin hakimiyyətə gəlişindən sonra Azərbaycanın Rusiya ilə hərbi sahədə əməkdaşlığına toxunulmayıb, bu əməkdaşlıq 1997-ci ilə qədər sürmüşdü.
Beləliklə, Azərbaycan tərəfində sovet-rus hərbiçiləri döyüş əməliyyatlarında geniş iştirak edirdilər. Yüksək rütbəli rus zabitləri döyüş əməliyyatları planlarının hazırlanmasında iştirak edirdilər və Azərbaycan hərbi hissələrinin şəxsi heyətinə döyüş hazırlığı keçirdilər. Onlar Havadan Müdafiə və radioelektron mübarizə sistemlərində xidmət edirdilər və döyüş texnikasının təmir edirdilər. Heç kəs deyə bilməz ki, Azərbaycanın silahı olmayıb deyə, ermənilərin yerinə ruslar döyüşüb deyə Qarabağ müharibəsi uğursuzluqla bitdi. Əksinə Azərbaycanın silahı da, sursatı da Ermənistandan çox idi, ruslar da kifayət qədər kömək edirdi. Rusiya ilə düzgün siyasət qurulsaydı, indi ərazi bütövlüyü də tam təmin olunacaqdı və 25 illik dağıdıcı siyasət də xalqın başına gəlməyəcəkdi. Qarabağ müharibəsində məğlubiyyətin sadə bir səbəbi var: hakimiyyət davası və bunun nəticəsində xəyanət. Xəyanət, xəyanət və yenə də xəyanət! Ortada olan ordu ilə, silah-sursatla Azərbaycan 1993-cü ilin yaz-yay aylarında məsələyə son qoyacaqdı. Bunun qarşısı alındı və faciəli məğlubiyyətlər başladı.
Qeyd: Araşdırmamda Birinci Qarabağ müharibəsi tarixinin təhqiqatçısı M. Vəliməmmədovun materiallarından və apardığım qeydlərdən istifadə etmişəm. Bundan başqa faktları müharibə veteranları ilə araşdırmışam və onların verdiyi məlumatlardan faydalanmışam.
13-04-2018 11:32 Baxılıb: 1870    
Şərh bildir