Naxçıvan hara gedir?

Qəmlo Əsədullah
 
Politoloq Elxan Şahinoğlunun Naxçıvan haqqında dedikləri sosial şəbəkələrdə və mətbuatda müzakirə obyektinə çevrildi. Kimsə razı oldu, kimsə tənqid elədi. Politoloqun yazdıqlarını diqqətlə oxuyun: “Zəngəzuru Azərbaycandan qopaqmaqla Naxçıvanın süni surətdə Azərbaycanın materik hissəsi ilə quru sərhəddi ortadan qaldırıldı. SSRİ dövründə əlaqə Ermənistan üzərindən idi, problem yox idi. Ancaq erməni separatizminin baş qaldırması və SSRİ-nin süqutu ilə Naxçıvanla əlaqədə ciddi problemlər yaşandı, indinin özündə də ancaq hava əlaqəsi var. Dağlıq Qarabağda müharibə təhlükəsi artdığından Naxçıvanın təhlükəsizliyinə diqqətin artırılmasına ehtiyac var. Buna görə də Naxçıvan hüququ baxımdan Azərbaycana, fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır. Bu Ermənistanı Naxçıvana qarşı hər hansı təxribatdan çəkindirməlidir. Azərbaycan ordusunun Türkiyə ordusuyla birgə Naxçıvanda hərbi təlimlərının ardından başqa xəbər gəldi. Türkiyə Naxçıvan Muxtar Respublikası ilə azad iqtisadi zona yaradır. Türkiyə İqtisadiyyat Nazirliyinin nümayəndələri artıq Naxçıvanda yerləşdirilib. Faktiki Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.
Mənə elə gəldi ki söhbət faktiki olaraq Naxçıvanın tədricən Türkiyəyə verlməsindən gedir. Axı deyir: “Naxçıvan fiziki baxımdan Türkiyəyə bağlı olmalıdır”; “Naxçıvan Türkiyə üçün onun bir əyaləti anlamına gəlir. Ticarət əməliyyatları zamanı türk lirəsindən istifadə ediləcək. Doğru siyasətdir”.
Burda deyərlər oğru elə qışqırdı ki, doğrunu bağrı çatdadı. Bu da pantürkizm siyasətinin bir istiqamətidir. Mənə elə gəlir ki Naxçıvanı Azərbaycandan tədricən ayırırlar. Boksda fənd var, sol göstərirsən sağdan vurursan, sağ göstərirsən soldan vurursan. Başqa məsələlərlə ictimaiyyətin başını qatıb, Naxçıvanı verirlər Türkiyənin nəzarətinə. Axı belə fikirlər də səsləndi ki, Naxçıvan Türkiyənin əyaləti ola bilər. Sual yaranır ki, bu necə ola bilər? Mümkündürmü? Buna görə tarixə və hüquqi sənədlərə baxaq.
Cənab politoloq bəzi məsələlərə toxunmadı. Ola bilsin xəbəri yoxdur, ya da demək istəmir.
Əslində Sovet vaxtı Naxçıvanı Azərbaycanla bir başa bağlayan ərazi var idi. Qars müqaviləsinə görə, Zəngəzurun Mehri-Nüvədi hissəsi Azərbaycanın tərkibində qaldı. Bu, Naxçıvanla Azərbaycanın digər əraziləri arasında quru sahənin saxlanılması demək idi. Türkiyə həmin istiqamətdə İranla ərazi mübadiləsi edib, Türkiyəni Azərbaycanla birləşdirən torpaq zolağını əldə etmək istəyirdi. Lakin Rusiyanın sonrakı addımları bu planı pozdu. Sual yaranır. Niyə Zəngəzurun böyük hissəsi Ermənistana veriləndə bu hissə elə o vaxt verilməmişdi? Fikrimcə səbəb budur ki o vaxt Türkiyə Naxçıvanla həmsərhədd deyildi. Türkiyə Naxçıvanla, yəni Azərbaycanla həmsərhəd olmasını özünə strateji bir hədəf kimi qoymuşdu. Buna görə də 1930-cu ildən əvvəl də İranla danışıqlar aparırdı və təkliflər edirdi. Rusiya bu haqda bilirdi və buna qarşı planı var idi. Naxçıvanın Türkiyə ilə birbaşa quru əlaqəsinin yaranması Atatürk İran şahı Rza Pəhləvi ilə Türkiyə ərazisinin Naxçıvana doğru uzadılaraq dəyişdirilməsi üçün ərazi dəyişikliyi barədə razılaşma əldə etdikdən sonra mümkün oldu. Dəyişiklik 1930-cu illərdə Türkiyə ilə Azərbaycan arasında 11 kilometrlik sərhəd xəttinin yaradılmasına imkan verdi. Bu məqsədlə Türkiyə kompensasiya olaraq özünün cənubdakı bəzi torpaqlarını İrana verdi. Ümumiyyətlə 1932-ci ildə Tehran konvensiyasına görə Türkiyə İranla dörd ərazini dəyişdi. İran burda Türkiyədən daha çox ərazilər aldı.
Azərbaycan üçün isə bu Mehri rayonunun ərazisini tam olaraq Ermənistana təhvil verilməsi ilə nəticələndi. Sovet dövləti bunu ona görə etdi ki Azərbaycanın Türkiyə ilə birbaşa quru sərhəddi olmasın. Türkiyənin Naxçıvanla həmsərhəd olması nəticəsində Azərbaycan Mehrini də, Naxçıvanla birbaşa əlaqəni də itirdi. Beləliklə Qars müqaviləsinə görə Azərbaycanın tərkibində olan Mehri, Nüvədi, Əldərə, Lehvaz, Astazur və digər kəndlərin Ermənistana verilməsi hesabına 1929-1931-ci illərdə Mehri rayonu yaradıldı.
Daha bir maraqlı məsələyə toxunaq. 1921-ci ildə Rusiya və Türkiyə arasında bağlanan Moskva müqaviləsində və ardıcıl olaraq o ildə Rusiya, Türkiyə, Azərbaycan, Ermənistan, Gürcüstan arasında bağlanan Qars müqaviləsində Naxçıvan heç də Azərbaycanın tərkibinə verilmədi. Və indi də həmin beynəlxalq müqavilələrə görə Naxçıvan Azərbaycanın tərkibində deyil, yalnız himayəsindədir, qəyyumluğundadır.
Azərbaycanda bu məsələni qabardılmır. Moskva (16.03.1921) və Qars (13.10.1921) müqavilələrinə görə Naxçıvan Azərbaycanın tərkibinə verilməyib. Bu müqavilələrdə Naxçıvan Azərbaycanın himayəsi altında muxtar ərazi kimi təsbit olunub. Qars müqaviləsindən iki bənd gətirirəm ki bunu daha aydın başa düşəsiniz:
“Maddə 5. Türkiyə hökuməti və Sovet Ermənistanı və Azərbaycanı hökumətləri razılığa gəlirlər ki, Naxçıvan vilayəti bu müqavilənin 3-cü əlavəsində müəyyən edilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi yaradır”.
Fikir verin, deyilir Naxçıvan Azərbaycanın “himayəsi altında muxtar ərazidir”. Kimsə soruşa bilər ki “nə fərqi var?”
Fərqi 6-cı maddəni oxuyub görəcəksiniz:
“Maddə 6. Türkiyə Batum şəhəri və limanı və bu müqavilənin 4-cü maddəsində göstərilən sərhədlərdən şimalda yerləşən və Batum dairəsinin bir hissəsini təşkil edən ərazilər üzərindəki suverenliyini bu şərtlə Gürcüstana güzəştə getməyə razılıq verir ki: 1) bu maddədə göstərilən yerlərin əhalisi hər icmaya onun mədəni və dini hüquqlarını təmin edən inzibati baxımdan geniş yerli muxtariyyətdən faydalanacaq və əhaliyə göstərilən yerlərdə onun istəyinə uyğun torpaq qanununu müəyyənləşdirmək imkanı veriləcək; ...”
Bundan sonra Gürcüstanın tərkibində Acariya Sovet Sosialist Respublikası yaradılır. Naxçıvana verilən muxtariyyət də orda yaşayan ermənilərə görə idi. Naxçıvanın muxtariyyəti heç də Azərbaycanla bir başa əlaqəsi olmamasına görə deyil. Çünki o vaxt Mehri hələ Azərbaycanın tərkibində idi. Kalininqrad vilayətinin də Rusiya ilə quru əlaqəsi yoxdur, amma muxtar respublika da deyil.
Baxın, Batumi dairəsi Gürcüstanın süverenliyinə verilir, yəni tərkibinə. Naxçıvan isə Azərbaycanın himayəsinə, qəyyumluğuna. Bir hüquqşünas kimi deyirəm ki “suverenlik”lə “himayə” arasında çox böyük fərq var. Himayədə olmaq tərkibdə olmaq demək deyil. Himayə, protektorat elə bir dövlətlərarası münasibətlərdir ki, bir dövlət öz üzərində beynəlxalq və digər müəyyən olunmuş məsələlərdə başqa dövlətin suverenliyini qəbul edir, lakin daxili məsələlərdə müstəqildir. Məsələn, təxminən Puert-Riko və ABŞ kimi. Puerto-Riko ABŞ-ın idarəçiliyindədir, amma ayrıca dövlət sayılır.
Qars müqaviləsindən öncə Moskva müqaviləsi imzalanmışdı. Eyni buna oxşar bəndlər orda da var. Moskva müqaviləsində deyilir:
“Maddə 2: Türkiyə bu Müqavilənin 1-ci maddəsində göstərilən sərhədin şimalında yerləşən və Batum dairəsinin tərkib hissəsini təşkil edən ərazilərə Batum şəhəri və limani üzərindəki suverenliyini Gürcüstana güzəştə getməyə razı olur bu şərtlə ki: “Birincisi: hazırki Müqavilənin bu maddəsində göstərilən yerlərin əhalisi inzibati cəhətdən hər bir icmanın mədəni və dini hüquqlarını təmin edən geniş yerli muxtariyyətdən istifadə edəcək və göstərilən yerlərdə əhali onun arzularına müvafiq olan torpaq qanunu müəyyən etmək imkanına malik olacaqdır”.
“Maddə 3: Razılığa gələn hər iki tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir”.
Maraqlıdır ki Moskva müqaviləsində Naxçıvana aid olan bəzi sözlər Qars müqaviləsində yoxdur. “Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir” sözləri sonra imzalanan Qars müqaviləsində artıq yoxdur. Yəni prinsipçə bu ərazilər üçüncü tərəfə güzəştə gedilə bilər. Elə bundan sonra Zaqafqaziya MİK Rəyasət Heyətinin 18 fevral 1927-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasına məxsus olan 657 kv.km ərazi- Qurdbulaq, Hörədiz, Oğbun, Almalı, İtqıran, Sultanbəy, Qarsevən, Kilid və digər kəndlər, həmçinin Zəngilan rayonunun Nüvədi kəndi, Qazax rayonunun 4400 hektarlıq meşə sahəsi Ermənistana verilir. Yenə də həmin qurumun 5 mart 1938-ci il tarixli qərarı ilə Şərurun Sədərək və Kərki kəndləri ətrafındakı ərazilər Ermənistana verilir. Bununla da Naxçıvan ərazisi Türkiyə tərəfindən qorunacaq kimi nağıllar qaldı kənarda.
Burdan keçək üstdə qeyt etdiyimiz məsələyə. Deməli Naxçıvan Moskva və Qars müqavilələrinə görə Azərbaycanın tərkibinə yox, himayəsinə, qəyyumluğuna verilib. 1922-ci il mayın 22-də AK(b)P MK Rəyasət Heyəti Naxçıvan diyarı haqqında Əsasnamənin və Naxçıvan SSR Konstitusiyasının layihələrinə baxdı. Əsasnamədə deyilirdi: “Naxçıvan diyarı ASSR-in qəyyumluğu altında muxtar respublika elan edilərək Naxçıvan Sovet Sosialist Respublikası adlandırılsın”.
1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK Naxçıvan diyarının Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsini elan etdi. Nəhayət, 1924-cü il fevralın 9-da Azərbaycan SSR MİK-in Rəyasət Heyəti Naxçıvan diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında dekret verdi. Dekretdə deyilirdi: “1. Naxçıvan ölkəsi Azərbaycan SSR-in protektoratlığında Naxçıvan SSR-ə çevrilsin”. Hələ Mehri ərazisi Azərbaycanın tərkibində idi.
Komissiyanın hazırladığı Əsasnamə 1924-cü il martın 23-də Azərbaycan MİK tərəfindən təsdiq olundu. Bununla bərabər, muxtar qurum kimi Naxçıvan Muxtar Respublikasının Konstitusiyası hazırlandı və 1926-cı il aprelin 18-də V Ümumnaxçıvan Sovetlər Qurultayında Naxçıvan Muxtar Respublikasının ilk Konstitusiyası qəbul edildi. Konstitusiyanın ikinci maddəsində deyilirdi: “Naxçıvan Sovet Sosialist Respublikası Azərbaycan Sovet Sosialist Respublikasının protektoratlığında olmaqla onun tərkib hissəsidir”. Fikir verin burda tərkibdə olmaq protektoratla, himayə ilə əsaslanır. Yəni tərkibə salınmanın əsası başqa bir əsasa bağlanıb. Burda şərt var.
Müasir dövrdə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra yeni Konstitusiyada “Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının tərkibində muxtar dövlət, Azərbaycan Respublikasının ayrılmaz hissəsi” hesab edilmişdir (Maddə 134). Azərbaycan Respublikasının Konstitusiyası əsasında Naxçıvan Muxtar Respublikasının yeni Konstitusiyası hazırlanmış və 1998-ci il dekabrın 29-da Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmişdir. Bu Kostitusiyada maddədə deyilir :
I. Naxçıvan Muxtar dövləti Azərbaycan Respublikası tərkibində demokratik, hüquqi, dünyəvi muxtar respublikadır.
II. Naxçıvan Muxtar Respublikasının statusunu Azərbaycan Respublikasının Konstitusiyası, 16 mart 1921-ci il tarixli Moskva və 13 oktyabr 1921-ci il tarixli Qars beynəlxalq müqavilələri müəyyən edir.
Gördüyünüz kimi Azərbaycan Konstitusiyasında Naxçıvan dövlətinin Azərbaycan tərkibində bir ayrılmaz hissə kimi salınıb və bu əslində Moskva və Qars müqavilələrinə ziddir, çünki himayədə olmaq tərkibə girmək deyil. Belə çıxır ki Azərbaycan beynəlxalq razılaşmaları pozub. Lakin bu məsələ hələ ki gündəmə gətirilmir. Həm də Naxçıvan Konstitusiyası deyir: “NMR-in statusunu Azərbaycan Respublikasının Konstitusiyası, Moskva və Qars beynəlxalq müqavilələri müəyyən edir”. Moskva və Qars müqavilələri isə nəyi müəyyən edir biz artıq yazdıq. Burda da ziddiyət var.
Amma bir tarixi hadisəyə nəzər salaq. 1990-cı il yanvarın 19-da Naxçıvan Muxtar Respublika SSRİ-nin və tərkibindən çıxdığını elan etmişdir. Yəni müstəqilliyini bəyan etmişdir, sonradan isə Azərbaycan tərkibinə öz xoşu ilə qayıtmışdır. SSRİ-nin tərkibindən çıxmaq isə Azərbaycan SSRİ-nin tərkibindən çıxmaqdır. Kiməsə görə bu bu addım separatizmdir, kiməsə görə isə buna Moskva və Qars müqaviləsi əsas verir. Çünki 1990-cı ildə Naxçıvan Muxtar Sovet Sosialist Respublikasının (NMSSR) Ali Soveti “Moskva və Qars müqavilə”lərini əsas götürərək SSRİ-nin tərkibindən çıxmaq barədə qərar qəbul etmişdir. Əgər Naxçıvan Azərbaycanın tərkibində yox, himayəsində idisə onda bu separatizm deyil. Lakin Azərbaycanın Konstirusiyasına görə bu separatizm sayılacaqmı? Belə çıxır ki Moskva və Qars müqavilələrinə zidd olaraq sayılacaq.
Belə çıxır ki bu beynəlxalq müqavilələr Naxçıvana o hüququ verir ki hətta SSRİ-nin tərkibindən çıxsın, nəinki Azərbaycan kimi respublikanın. Hər halda hansı xoşagəlməz vəziyyət yaransa büynəlxalq arenada məhz beynəlxalq müqaviləyə üstünlük veriləcək və xalqın rəyinə. Və Naxçıvan artıq bir dəfə öz qərarı ilə SSRİ-dən və Azərbaycandan ayrılmışdı. Sonra öz qərarı ilə də Azərbaycanın tərkibinə qayıtdı. Yəni bu hərəkətlə göstərdilər ki, bu işi görmək üçün beynəlxalq müqavilələrə görə əsasları var. Türkiyə bunu bilir. 
Türkiyə artıq bu istiqamətdə yavaş-yavaş işlər görür. Türkiyə prezidenti Ərdoğan demişdir axı “Türkiyənin təhlükəsizliyi Naxçıvandan başlayır”. Onun partiyadaşları da bu iddiadadırlar. Hələ 1918-ci ildə 4 iyun Batumi razılaşmasına görə Naxçıvan Osmanlının tərkibinə verilirdi. Azərbaycan Cumhuriyyəti ola-ola. Sonra 22 noyabr 1918-ci ildə Naxçıvanda Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı İmperiyasının dəstəyi ilə Araz Türk Cümhuriyyəti yaradılır və 26 iyun 1919-cu ilədək bu Respublika qalır. Demək olar ki Naxçıvan yeganə ərazidir ki xanlıq dövründən başlayaraq, indiyədək dövlətçiliyi və muxtariyyəti qorunub saxlanılıb və bu beynəlxalq razılşamalar ilə təmin olunub. Və bu razılaşmalara əsasən heç bir dövlətin tərkibinə də verilməyib. Yalnız himayəsinə verilib.
Yekunlaşdıraraq bir daha qeyd edirəm: 19 yanvar 1990-cu ildə Naxçıvanın Ali Sovetində "Naxçıvan Muxtar Sovet Sosialist Respublikasında yaranmış ictimai-siyasi vəziyyət haqqında" məsələ müzakirə edilmiş və sessiyada Naxçıvan MSSR-in SSRİ-nin tərkibindən çıxması barədə qərar qəbul olunanda orda göstərilmişdi ki, muxtar respublikanın ərazi bütövlüyü və vətəndaşlarının həyatı təhlükə qarşısında qaldığından, Qars müqaviləsinin şərtləri kobud surətdə pozulduğundan Naxçıvan MSSR SSRİ-nin tərkibindən çıxaraq özünü müstəqil respublika elan edir.
Belə çıxır, sabah Azərbaycanda vətəndaş qarşıdurması olsa və yaxud hansısa digər arzuolunmayan hadisələr baş versə və elə bir faciəli siyasi vəziyyət yaransa, Naxçıvan müəyyən qüvvələr tərəfindən idarə olunaraq tamamilə müstəqil mövqe tuta bilər. Məsələn, keçər Türkiyənin himayəsinə. Axı Qars müqaviləsində “Azərbaycan bu protektoratlığı (Naxçıvan üzərində) heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir” sözləri artıq yoxdur. Belə də ki hazır dövlətləri var, parlamenti, nazirləri, əlahiddə orduları da var. Belə bir himayədar dəyişikliyinin hüquqi tərəfdən mümkün olmaması haqqında biz qətiyyətlə heç nə deyə bilmərik. Qars müqaviləsinə görə bu qadağan olunmur. Hüqüqda isə heç nə qadağan olunmayıb o icazəlidir prinsipi var. Ortada beynəlxalq razılaşmalar var. Və faktiki olaraq bu artıq baş verir...
Hə, bir məqama toxunum, sonra keçərik əsas məsələyə. Yadınızdadırsa bir vaxt Naxçıvanda 5-ci ordu korpusu var idi. Sonra ona Əlahiddə Ordu statusu verdilər. 5-ci korpus oldu Ordu. Nə dəyişdi? Korpus ordu adını alandan sonra daha yaxşı vuruşur? Özü də bu ordu türk zabitlərinin himayəsindədir və hər il Naxçıvanda Türkiyə ordusu ilə birgə təlimlər keçirirlir. Deməli Naxçıvanın artıq öz ordusu da var, hansı ki Türkiyənin himayəsindədir.
Onu da deyim ki xaricdən alınan silahların ən müassirlərini Naxçıvana göndəriblər. Əlbəttə tankları, ağır texnikaları hava ilə yollamayıblar. Söydükləri İran Azərbaycana hərbi koridor verib və bu yol ilə Naxçıvana bütün lazım olan texnika və şəxsi heyyət gedir. Təsəvvür edin ki bir ruhani çıxıb deyə ki Naxçıvan fiziki baxımdan İrana bağlı olsun, alver İran rialı həyata keçirilsin, Naxçıvan İranın əyaləti olsun... Onu nə edərlər? Nə isə... “İran düşməndir” təbliğatının arxasında sən demə belə işlər də baş verirmiş... Necə deyərlər, sağı göstərib soldan vururlar... Ortaya belə politoloqları da atıb camaatın rəyini yoxlayırlar və camaatı buna hazırlayırlar. Demirəm ki yazdıqlarımın hamısı yüzə yüz həyata keçəcək. Mən sadəcə bunun mümükünlüyünü vurğuladım. Naxçıvan həm də bəzi insanlar üçün rus demişkən “zapasnoy aerodrom” da ola bilər...
24-06-2017 12:48 Baxılıb: 2190    
Şərh bildir