RUS KƏŞFİYYATI TÜRKİYƏNİ XİLAS ETDİ

 ABŞ-ın Türkiyədə çevriliş etmək planı barədə Rusiya kəşfiyyatının hələ 9 ay qabaq məlumatı vardı. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi əvvəlcə Ərdoğanın uçduğu təyyarəni vurmaq, bunu İŞİD-in boynuna yıxmaq, sonra isə Fətullahın adamlarını hakimiyyətə gətirmək istəyirdi. Amma Ərdoğan 2 həftə qabaq Rusiyadan vurulmuş təyyarəyə görə üzr istədi və münasibətlərin normallaşmasına çalışdı, buna görə də Rusiya Müdafiə Nazirliyi qərara gəldi ki, Ərdoğanı qorusun və çevrilişin qarşısını alsın. Bu məqsədlə QRU (Qlavnoe Razvedıvatelnoe Upravlenie – Baş Kəşfiyyat İdarəsi) speçnazının 25-ci polku təcili surətdə Ankaraya göndərildi.
 Ərdoğanın artıq Rus QRU-su tərəfindən qorunduğu haqda məlumat alan Mərkəzi Kəşfiyyat İdarəsi hadisələri tezləşdirmək qərarına gəldi. Türkiyə ordusu əsgərləri Mərkəzi Kəşfiyyat İdarəsi işçilərinin rəhbərliyi altında “Grand Yazici Club Turban” otelinə hücum edən zaman Ərdoğan artıq Rus speçnazı tərəfindən oteldən çıxarılıb başqa yerə aparılmışdı. Hücum zamanı oteli qoruyan polislər ilə əsgərlər arasında şiddətli döyüş oldu, çoxlu polis işçisi öldü, amma hücum edənlər bilmirdilər ki, Ərdoğan artıq oteldə yoxdur. QRU zabitləri Ərdoğanı “Casa De Maris” otelinə aparıb orda müdafiə mövqeyi tutmuşdular.
 Hücum zamanı Türkiyə ordusu əsgərlərinin çoxu məhv edildi, sağ qalanlar qaçaraq vertolyota doluşdular və təcili dənizin üstü ilə uçaraq özlərini Yunanıstana çatdırdılar. Amma yaxınlarda Putinlə dostluq münasibəti qurmuş Yunanıstanın baş naziri Aleksis Çipras onları həbs etdirib Türkiyəyə təhvil verdi.
 ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Türkiyədə 1960, 1971, 1980, 1997-ci illərdə də çevriliş törətmiş, qanuni hökuməti devirərək öz marionetkalarını hakimiyyyətə oturtmuşdur. Hər çevrilişdən sonra hərbi xunta 10 minlərlə türk aktivistini qətlə yetirmişdir. Odur ki öldürülən türk hərbçilərinin qanı halaldır. Onlar hakimiyyətə yiyələnsəydilər, heç kimə rəhm etməyəcəkdilər, arxayın olun, qan su yerinə axacaqdı.
 Türkiyə ordusunun idarəedici zabit heyəti ABŞ və İsrailin hazırladığı kadrlardan təşkil olunmuşdur. Hələ mühasirə altındakı Qəzzaya yardım aparan “Mavi Mərmərə” gəmisinə Aralıq dənizindəki hücumdan sonra Ərdoğan İsrail ilə əlaqələri kəsərkən ordu komandanlığının qəzəbinə tuş gəlmişdi. Türkiyə hərbçiləri üçün həm də millətçilik və şiəliyə qarşı düşmənçilik xarakterikdir. Türkiyənin yaxın qonşusu olan İranla münasibətləri normallaşdırmaq cəhdləri də Ərdoğanı NATO-çu generalların hədəfinə çevirmişdi. Ardınca Türkiyə hökuməti İncirlik bazasının ABŞ aviasiyası tərəfindən istifadəsindən imtina etdi. Vurulmuş təyyarəyə görə Ərdoğanın Rusiyadan üzr istəməsi isə xuntaçıların səbr kasasını dolduran son damla oldu.
 Ərdoğan fəaliyyəti dövründə get-gedə daha çox antiQərb mövqe tutmaqdaydı və bu tez-tez Ağ Evin narazılığını açıq-aşkar ifadə etməsinə səbəb olurdu. Ağ Evi narahat edən həm də o idi ki, Türkiyə Suriyada vuruşan təfkirçi qruplara kifayət qədər dəstək vermirdi. Yaxın Şərqi idarəolunan xaos vəziyyətinə sürükləmək üçün öz marionetkası Türkiyənin səylərini ABŞ yetərincə hesab etmirdi. Buna görə də Türkiyə hökuməti qarşısında Suriyada vuruşan vahhabi terrorçularına tam dəstək vermək tələbi qoyulmuşdu. Türkiyə tərəfi son zamanlar İŞİD terrorçularının maliyyələşdirilməsini tam dayandırmışdı.
 Çevrilişi həyata keçirməkdə məqsəd hakimiyyət başına sözəbaxan və müti ABŞ cəsuslarını gətirmək idi. Danışıqlar belə olmuşdu ki, çevrilişdən sonra ABŞ Türkiyə-Suriya sərhədində yeni hərbi baza açacaqdı ki, bu bazadan İŞİD-ə tutarlı dəstək verə bilsin. O cümlədən, çevrilişdən sonra Türkiyədən Rusiyaya qarşı iqtisadi və hərbi təcavüz meydanı kimi istifadə edilməsi planlaşdırılmışdı. ABŞ-a Rusiya-Türkiyə münasibətlərinin kəskin pisləşməsi lazımdır ki, regionda gözlənilən böyük müharibənin təməlini qoysun. İŞİD mövqelərini bombalayan Rus təyyarəsinin vurulması da məhz bu məqsədlə planlaşdırılmış provokasiya idi. Vaşinqton ümid edirdi ki, bu konflikt silahlı toqquşmaya gətirib çıxaracaq və regionda böyük müharibə başlayacaq. Ancaq Moskvanın səbrli siyasəti və ölçülü-biçili gedişatları region xalqlarını böyük fəlakətdən qurtardı.
 Həyatı təhlükə qarşısında qalan, ölüm-dirim dilemması qarşısında duran Ərdoğan Rusiyaya üz tutmalı oldu. Rusiya ilə münasibətlərin normallaşmasından narahatlıq keçirən ABŞ kəşfiyyatı riskə getdi və çevrilişi tezləşdirmək qərarına gəldi. Məlumdur ki, çevriliş baş verən gündən bir neçə gün sonra vacib bir hadisə gözlənilird. Ali Hərbi Şuranın toplantısında Ərdoğan ölkə prezidenti kimi Gülənlə əlaqədə şübhəli bilinən generalların hamısını öz vəzifəsindən azad etməyi planlaşdırmışdı. Bu barədə çevrilişdə iştirak edən generallar da məlumatlı idilər.
 Mətbuatın verdiyi məlumata görə, Amerika generallarının rəbhərliyi ilə İncirlikdə çevriliş üçün 12 həftəlik gizli təlim keçirilmişdir. “ABŞ qiyam baş tutmadığı halda türk generalları qaçırmağa söz vermişdi”- bu sözləri könüllü olaraq hökumət qüvvələrinə təslim olmuş Hatay bölgəsindəki ordu komandanı sorğu zamanı söyləmişdir. General bildirmişdir ki, qiyamın gələcək iştirakçıları çevrilişə rəhbərlik etmək məqsədilə xüsusi olaraq Vaşinqtondan gəlmiş generalların rəhbərliyi ilə 12 həftəlik məxfi instruktaj keçiblər. Yüksək rütbəli türk hərbçisi NATO-nun İncirlik hərbi-hava qüvvələri bazasında çevriliş planlaşdıran amerikalı həmkarlarının onu aldatmasından sonra MİT-in Killis şəhərindəki bölməsinə gəlmişdir. General deyir ki, Amerika nümayəndələri bazada çevrilişə hazırlıq keçən bütün türk generallara qiyamın baş tutmayacağı halda onları ailələri ilə birgə ABŞ-a qaçıracaqlarını vəd edibmişlər. Ancaq amerikalı generallar öz vədlərinə əməl etməyiblər. Öncədən razılaşdırıldığı kimi, baş tutmamış qiyamdan sonra mülki paltar geyinmiş general İncirlik bazasına gəlib. Lakin bütün cəhdlərinə rəğmən onu içəri buraxmayıblar. Yalnız bundan sonra general cəzasının yüngülləşdiriləcəyi ümidi ilə Türkiyə xüsusi xidmət orqanlarına müraciət edib. Qiyamın vacib fiqurlarından biri kimi onu dərhal Killisdən İstanbula gətiriblər. ABŞ hərbi çevriliş cəhdində şübhəli bilinən İncirlik bazasının komandanı general Bekir Erkan Vana da siyasi sığınacaq verməkdən imtina edib.
 Türkiyədə həyata keçirilən bu əməliyyat zamanı Rusiya Müdafiə Nazirliyinin əsas narahatlığı İncirlik hərbi bazası ilə əlaqədar idi. İncirlik hərbi bazasında 90 ədəd V61 tipli atom bombası vardır. Onlardan 50-si ABŞ təyyarələrinin, 40-ı isə Türkiyə təyyarələrinin atması üçün nəzərdə tutulmuşdur (bombalar 1980-ci illərdə SSRİ şəhərlərinə, o cümlədən biri Bakıya atılmaq üçün gətirilmişdir). Hadisələrdən bir müddət qabaq ABŞ hərbçiləri tam döyüş hazırlığı vəziyyətində bazanı qorusalar da, baza tez bir zamanda tam nəzarət altına alındı. İncirlik hərbi bazasına rəhbərlik edən general Bekir Erkan Van həbs edildi. İncirlik Rus speçnazının ixtiyarına keçdi.
 Beləliklə, Rusiyanın əfsanəvi QRU-sunun zabitləri Ərdoğanı qorudular. Ərdoğan həyatını xilas etdiyinə görə Rusiya Federasiyasına minnətdarlığını bildirdi. Türkiyə hökuməti Rus ordusunu ölkəyə dəvət etdi. Xarici İşlər Naziri Çavuşoğlu bildirdi ki, Türkiyə İncirlik hərbi bazasını Rusiyaya verir. Rusiya və Türkiyə Müdafiə Nazirlikləri İŞİD və Əl-Nusra terror quplaşmalarını məhv etmək üçün birgə plan hazırladılar. Türkiyədə amerikan hegemonluğuna son qoyuldu.
 Qedək ki, çevriliş zamanı Türkiyə və Azərbaycan nurçularının mənəvi atası, Fətullah Gülənin MKİ-dəki kuratoru Qrexem Fuller İstanbul yaxınlındakı Böyükadada yığışmış koordinasiya mərkəzinə rəhbərlik edirdi. ABŞ kəşfiyyatının Yaxın Şərq üzrə aparıcı simalarından ibarət olan həmin koordinasiya mərkəzinin işi həm də mətbuatı istiqamətləndirmək idi. Çevriliş cəhdinin ilk saatlarından ABŞ kəşfiyyatının nəzarətində olan media orqanları, o cümlədən ABŞ səfirliyi tərəfindən maliyyələşən Azərbaycan telekanalları Türkiyənin qanuni hökumətini qaralamağa çalışdılar. Elə indinin özündə də Qərbin ölkəmizdəki təsir agentləri çevrilişin guya Ərdoğanın özü tərəfindən təşkil olunduğu və şou xarakteri dağışdığı haqqında rəy formalaşdırmağa cəhd edirlər. ABŞ kəşfiyyatı bu yolla törətdiyi cinayəti ört-badır etmək və amerikan izini gizlətmək istəyir. Çevrilişin Ərdoğanın öz şousu olması mifini ABŞ kəşfiyyatı həm də ona görə tirajlayır ki, Ərdoğan ictimaiyyətə qara fonda göstərilsin, o cümlədən ona kömək etmiş Rusiya prezidenti Putinin mənfi obrazı yaradılsın.
 Türkiyə ordusunun neytrallaşdırılması NATO-nun Yaxın Şərqdə zəifləməsi deməkdir. Artıq baş tutmayan çevrilişə görə Türkiyədə 10 minlərlə agent həbs olunmuşdur. Onların arasında 126 general da vardır. Ölkədə NATO-nun agentura şəbəkəsi demək olar ki tamamilə sıradan çıxarılmışdır. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin Türkiyədəki vacib fiqurları olan polkovnik Ali Yazıcı (Ərdoğanın baş yavəri), general İshak Dayıoğlu (Balıkesir aviazasının komandiri) və general Akın Öztürk (hərbi hava qüvvələri komandanı) həbs edilmişlər.
 Çevrilişin başında ABŞ ordusunun generalı, Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələri komandanı Con Frensis Kempbell dururdu. Kempbell son 8 ay ərzində dəfələrlə Türkiyəyə gəlib getmiş, lazımi hazırlıqlar həyata keçirmişdi. Kempbellin rəhbərliyi altında Türkiyədə 80 MKİ agenti fəaliyyət göstərirdi. Onlar FETÖ üzvləri ilə birgə Türkiyə ordusunu ölkədə çevriliş etməyə yönəldirdilər. Maliyyə problemi də həll edilmişdi- ABŞ hökuməti çevriliş üçün 2 milyard dollar pul ayırmışdı. Qiyama bir neçə gün qalmış Mərkəzi Kəşfiyyat İdarəsinin göstərişi ilə Nigeriyada fəaliyyət göstərən “Yunayted Bank of Afrika” şöbəsindən Türkiyəyə külli miqdarda pul transfer edilmişdi. Pullar Mərkəzi Kəşfiyyat İdarəsində yaradılan kiçik qrup vasitəsi ilə 80 nəfərin hesabına yatırılmışdı.
 General Kempbell tez-tez Ərzurum və İncirlikdəki hərbi bazalarda gizli toplantılar keçirirdi. Ordudakı mənbələrin məlumatına görə, bu bazalardakı zabitlərə hərbi rütbə verilməsi və onların vəzifə pillələrində yüksəlmələri məsələləri şəxsən Kempbellin ixtiyarında olmuşdur. Gülənçi zabitlər karyerə pillələrində daha sürətlə irəli gedirmişlər, daha yüksək maaş alırmışlar və imtiyazlara sahiblənirmişlər. Kempbell türkiyəli generallarla söhbətində çevrilişin alınacağı təqdirdə qısa müddət ərzində Türkiyəyə yenidən gələcəyini deyirmiş. İncirlikdəki bazada axtarışlar zamanı gülənçilərin öz agentura üzvlərini siyahıya aldıqları arxiv də ələ keçdi. Kempbellin əsas icraçıları olan türk generalları Cahit Bakır və Şener Topçu ölkədən qaçmaq istəyərkən aeroportda yaxalandılar. Onlar Kempbellə NATO kontingentinin tərkibində Əfqanıstanda xidmət edərkən tanış olmuşdular. Üzə çıxdı ki, amerikanlar Əfqanıstanda türk hərbçiləri arasında aktiv iş aparırmışlar, onları Gülən örgütündə yer almağa dəvət edirmişlər, gülənçiliyi qəbul etmək istəməyən hərbçiləri isə öldürüb bu əməli taliblərin üzərinə yıxırmışlar.
 Vaxtilə “Ergenekonçu” adı altında həbs edilmiş, terrorçu Abdullah Öcalanı məhkəmə qarşısına çıxaran hərbçi kimi tanınmış polkovnik Hasan Atilla Uğur FETÖ-çuların Türkiyədə dövlət əhəmiyyətli qurumlara ABŞ-ın dəstəyi ilə 30-35 ildir yerləşdirildiyini bildirərək demişdir: “Çevrilişə cəhd edilən gün təyyarələr havaya qalxanda ordudakı dostlarımız mənə zəng edərək bildirdilər ki, bu ABŞ-ın əli ilə başlanmış bir işğal cəhdidir. İyulun 15-indən bir gün əvvəl Qaziantep və Kilisdəki sərhəddən ABŞ, İŞİD və PYD silahlılarının qərar tutduğu yerə keçən əsgərlər olub. Türkiyəyə girmək üçün Kiprə 10 min ingilis əsgəri gətirilmişdi. Məqsəd dövlət çevrilişi cəhdində Türkiyəni işğal etmək idi. Ölkəni işğal edərkən “Vətəndaş müharibəsinin qarşısını almaq üçün köməyə gəlmişik” deyəcəkdilər”. Xatırladaq ki, Kiprdə İngiltərəyə məxsus iki hərbi baza yerləşir: “Dikel” və “Akrotiri”. İngiltərə bazaları 1960-cı ildə qəbul edilmiş Kipr Respublikasının Konstitusiyasına və müqavilələrinə əsasən “Müstəqil Dövlət” statusundadır. Yaxın Şərq ölkələrinə qarşı həyata keçirilən hər bir hava hücumunda bu bazalar həm ABŞ, həm də İngiltərə tərəfindən istifadə edilir. Hərbi bazada 3 min nəfər əsgər daim hazır vəziyyətdə gözlədilir.
 Uğursuz çevriliş təşəbbüsü ilə Türkiyənin böyük faciəni geridə qoyduğunu bildirən Hasan Atilla Uğur Gülən camaatının pərdələnmək üçün Atatürkçülükdən geniş istifadə etdiyini də bildirmişdir: “1984-cü ildən üzü bəri hər yerə sızmağa başlayan FETÖ-çularla bağlı apardığımız kəşfiyyat işlərində çox çətinliklərimiz oldu. Evlərinə gedirik, qapıda Mustafa Kamal Atatürk portretləri var. Baxırsan spirtli içkilər qəbul edirlər. Bu halda isə fərq edilmələri çox çətin idi. İnanılmaz təhlükəli bir təşkilatdır”.
 Terror təşkilatları PKK və FETÖ-nun birgə hərəkət etdiyini vurğulayan Uğur ölkənin hazırki vəziyyətini analiz edərək demişdir: “PKK terrorçuları 15 iyulda hər hansı bir terror hadisəsi törətmədilər. PKK və FETÖ-nun eyni əl tərəfindən idarə edildiyini bilməliyik. FETÖ ilə mübarizə çərçivəsində elan edilmiş 3 aylıq fövqəladə vəziyyət sona çatanda nələr olduğunu daha yaxşı görəcəyik. Türk ordusunun genetikası pozulmaq üzrədir. İndiki vəziyyətdə əlbəttə ki müəyyən yanlışlıqlar olacaq, necə deyərlər, qurunun yanında yaş da yanacaq. Ancaq Türkiyə böyük təhlükə altındadır, xaotik vəziyyət yaranma ehtimalı var. FETÖ hələ ki bitməyib, ABŞ-ın ikinci bir planı da var. Bu mənada rus-türk münasibətlərinin yaxşılaşması çox əhəmiyyətlidir. Artıq NATO və ABŞ ilə münasibətləri müzakirə etməyin vaxtıdır”.
 Qiyamçıların PKK terror təşkilatı ilə bağlı olduğunu bildirən Hasan Atilla Uğur demişdir ki, onlar bir-biri ilə ən yüksək səviyyədə əlaqə saxlayırlar. Buna misal olaraq Abdullah Öcalanın “İmralı qeydləri” kitabındakı məlumatları göstərən Uğur bu iki təşkilatın strateji tərəfdaş olduğunu ifadə etmişdir. Polkovnik çevrilişçilərin PKK rəhbərliyinin oturduğu Kandil ilə əlaqə saxlaması və PKK-çıların Türkiyədə FETÖ-nu dəstəkləyən aksiyalar keçirməsini də söyləmişdir.
 Hərbi çevrilişin 16 iyul səhər saatlarında törədilməsinin planlaşdırıldığını, ancaq məlumat sızandan sonra erkən vaxta çəkmək məcburiyyətində qalındığını bildirən Uğur FETÖ-çuların hakimiyyəti ələ keçirəcəkləri təqdirdə Türkiyə-İran münasibələrinin mənfi məcraya yönələcəyini demişdir: “İranla qəti olaraq bütün diplomatik, iqtisadi, siyasi əlaqələri kəsəcəkdilər. O cümlədən Rusiya ilə də bənzər vəziyyət yaradacaqdılar. Tamamilə Qərb imperializminin əmri ilə hərəkət edəcəkdilər. Çünki Fətullah Gülən terror təşkilatının ən böyük məqsədlərindən biri Böyük Yaxın Şərq Layihəsinin reallaşdırılmasına yönəlik işlər aparmaq idi. Bu qlobal bir ağılın məhsuludur. Çevriliş uğurlu olsaydı, daxili siyasətdə də ciddi qırılmalar olacaqdı. İçəridə bir qırğın başladacaqdılar. Bu qırğının hədəfində növbə ilə dünyəvilər, Mustafa Kamal Atatürkün izindən gedənlər, millətçilər, ülkücülər də olacaqdı”.
 İyulun 18-ində Suruçda saxlanılan PKK-nın Suriya qolu PYD-yə aid bir terrorçu istintaqa verdiyi ifadəsində 15 iyul gecəsi PYD-nin Türkiyəyə girmək üçün hazırlıq gördüyünü, ancaq çevriliş cəhdi baş tutmadıqda bu planın fiaskoya uğradığını demişdir. Bu barədə Şanlıurfanın Ceylanpinar rayonunun bələdiyyə başqanı məlumat vermişdir. O çevriliş cəhdi gecəsi Şanlıurfa-Suriya sərhədinə PYD-yə aid zirehli maşınların cəmləşdiyini və silahlı terrorçuların hazırlıq gördüklərini sərhəddən müşahidə etdiklərini bildirmişdir: “Çevriliş cəhdinin olduğu gecə sərhəd xəttində PYD-yə aid çox sayda zirehli maşının sərhədə cəmləşdiyini müşahidə edirdik. O gecə PYD-nin hərbi qolu YPG-yə məxsus ağır silahlar daşıyan çox sayda maşın gözləyirdi. Bu məlumatı içəridəki mənbələr də təsdiq edir. 18 iyulda sərhəddə yaxalanan bir terrorçu da ifadəsində bu məlumatları təsdiqləyir. 15 iyul gecəsi hazırlıq aparıldığını və Türkiyəyə girmək istədiklərini deyən bu terrorçu yalnız polis və mülki vətəndaşlara atəş açacaqları, əsgərlərə isə atəş açılmaması istiqamətində tapşırıq aldıqlarını bildirir. Bundan başqa iyulun 22-sində yaxalanan Diyarbəkir qeydiyyatlı bir terrorçu da oxşar ifadələr verib. Əslində o gecə təkcə Resulayn və Kobani istiqamətindən deyil, PYD-nin nəzarətindəki bütün nöqtələrdə Türkiyəyə girmək üçün hazırlıqlar görülmüşdü. Ancaq çevriliş cəhdi uğurlu olmayınca bu planları fiaskoya uğradı”.
 Xatırladaq ki, bu açıqlamadan bir neçə gün qabaq əslən Şanlıurfadan olan Türkiyə hökumətində nazir vəzifəsi tutan F.Çelik də belə bir bəyanatla çıxış etmişdi. Türkiyəli siyasi şərhçilər diqqəti çevriliş cəhdindən bir müddət qabaq ABŞ-ın PYD-yə 50 min ton silah-sursat yardımı etməsinə yönəldirlər. Qeyd edək ki, region dövlətlərinin bütün narazılıqlarına baxmayaraq, ABŞ rəsmən PKK-nın Suriya qolunu hərtərəfli dəstəkləyirdi. ABŞ-ın kürdlərin əli ilə Türkiyəyə qarşı müharibəyə başlamaq istəyi barədə tanınmış “Rand” analitik mərkəzinin hesabatı da maraq doğurur. Mərkəzin “ABŞ-ın Yaxın Şərqdəki strateji mənfəəti və ABŞ ordusu üçün nəticələri” başlığı ilə dərc olunmuş hesabatında Türkiyənin PYD/YPG qruplaşmalarına qarşı hərbi əməliyyatları artıracağı halda bunun iki dövlət arasında silahlı qarşıdurmaya çevriləcəyi göstərilib. Hesabatda müharibə barədə “ehtimal edilməsə də, tamamilə imkansız da deyil” ifadələri yer alıb.
 Xarakterikdir ki, uğursuz çevrilişdən sonra PKK terror təşkilatının Türkiyə dövlətçiliyinə qarşı hücumlarının intensivləşdiyi müşahidə olundu. İstanbulda təhlükəsizlik qüvvələri tərəfindən böyük qətliama səbəb olacaq terror hücumun qarşısı alındı. Bahçelievlərdə park halında olan avtobusda 60 kiloqram bomba tapıldı. Məlum oldu ki, PKK terrorçuları bombanı E-5 avtomobil yolunda, polislərin olduğu avtobusun yanında partlatmağı planlaşdırmışdılar. Təhlükəsizlik qüvvələri terror aktları ilə bağlı Bağçılar və Esenyurt daxil olmaqla 4 ərazinin 5 nöqtəsində də əməliyyat keçirdilər, nəticədə 3-ü qadın olmaqla 8 terrorçu tutuldu. İlkin araşdırmalardan sonra bombaların RDX, PENT və HMX tipli olduğu müəyyən edildi. NATO arsenalında olan bu bombaların PKK-nın əlinə necə keçməsi suallar doğurdu.
20-07-2016 16:09 Baxılıb: 118530    
Şərh bildir