LUKAŞENKO – ANTİQLOBALİST CƏBHƏNİN AVANQARDI


Geopolitikada istənilən ərazinin öz təyinatı və geopolitik məzmununu aydınlaşdıran öz tarixi var. Belarusiya da istisna deyil. Sovet İttifaqının süqutundan və Şərqi Avropadakı Sovet ərazilərini amerikanların işğal etməsindən sonra Belarusiya nəinki Rusiyanın, bütün Avrasiya kontinentinin təhlükəsizliyi üçün birinci dərəcəli strateji əhəmiyyətli əraziyə çevrildi. Lakin çox vaxt qardaş xalqlara siyasətçilərin individual siyasi ambisiyaları və klanların maraqları ziyan vurur. Daha çox mənfəət gətirəcək maraqların təmin edilməsinə üstünlük verilir.
Rusiyaya xəyanət edib orientasiyasını Qərbə tərəf dəyişən, könüllü olaraq ABŞ-ın vassallığını qəbul edən xalqların taleyi heç də həsəd aparılası deyil. Hamıya məlumdur ki, yeni sahibləri satqınların qayğısına qalmırlar və onları ilk fürsətdəcə məsrəfə buraxırlar. Bu gün Şərqi Avropa “məsrəfə buraxılır”- amerikanlar həmişə olduğu kimi heç kəsin fikrini soruşmadan orda özlərinin raket əleyhinə sistemlərini quraşdırırlar. Bu sistemlərin guya Şimali Koreya və İrandan gözlənilən təhdidlərin qarşısını almaqdan ötrü quraşdırmaları haqqında nağıllarını da elə həvəslə, çox vaxt isə açıq ironiya ilə və ələ salırmışcasına danışırlar. Ancaq ən axırıncı axmağa da aydındır ki, bu sistemlər Rusiyaya qarşı yönəlmişdir və əsas məsələ amerikanın növbəti əzələ nümayişinə Rusiyanın necə cavab verməsidir. Moskvanın isə cavab olaraq Belarusiya ərazisində raket yerləşdirməkdən başqa yolu qalmır. Rusiyanın Belarusiyadakı səfiri özü də istəmədən meşədəki kirpiyə də aydın olan bəzi şeyləri dedi: “Vaşinqtonun planlarına qarşılıq olaraq Rusiya və Belarusiya yeni müştərək hərbi obyektlərin, o cümlədən nüvə obyektlərinin yaradılması barədə qərar verə bilərlər. Əlbəttə ki bu, qarşılıqlı etimad və inteqrasiyanın müəyyən səviyyəsində baş tuta bilər”.
Bu bəyanata sonradan Rusiya və Belarusiya tərəfinin hansı şərh verməsindən asılı olmayaraq, yaranmış vəziyyətdən ortaya belə nəticə çıxır: Amerikanın xain hərbi fəaliyyətinə qaçılmaz və təbii cavab olaraq rus raketləri artıq Belarusiyadadır. Gec və ya tez bu baş verəcək – bizim raketlər bütün ittifaq məkanını düşmən müdaxiləsindən qoruyacaq. Və nöqtə! Onsuz da Belarusiyada Rusiya hərbi obyektləri çoxdan fəaliyyətdədir. Vileykadakı “Antey” uzaqradiuslu radiotexnoloji mərkəzi, Qançeviçdəki “Volqa” RLS-i buna misaldır.
Belarusiyada raket bazalarının yaranması Moskvanın xarici siyasətində ciddi uğur, Belarusiyanın təhlükəsizliyində isə ciddi faktordur. Xatırladaq ki, Rusiya Belalarusiyadan öz raketlərini müqavilə əsasında 1992-ci ildə çıxarmağa başladı və 90-cı illərin ortalarında bu proses başa çatmışdı. Bu azmış kimi 1994-cü ildə Belarusiyada qəbul edilmiş yeni kostitusiyaya görə ölkə özünün hədəflərindən biri kimi nüvə silahına malik olmamağı görürdü. Lakin sonradan Lukaşenko dəfələrlə raketlərin Rusiyaya göndərilməsinə heyfsləndiyi barədə fikirlər səsləndirdi. Onun fikrinə görə, gərək nüvə başlıqlı raketlər əl altında qalaydı, onda hamı yerində sakit oturardı.
2007-ci ildə çoxdan ortalığa atılan “raket” mövzusu üzrə danışıqlar başlandı. Amerikanlar Polşada raket əleyhinə sistemlər, Çexiyada isə radar sistemləri qoymaq istəyirdilər. Rusiya əvvəlcə Azərbaycanda yerləşən Qəbələ RLS-i birgə istifadə etmək haqqında təklif irəli sürdü, sonra Kalininqradda öz qüvvələrimizi artırmaq barədə söhbətlər apardı, daha sonra isə söhbət Avropada adi silahlı qüvvələr barədə Müqavilədən çıxmaqdan getdi. Çıxdıq da. Deməli, başqa bütün nəzərdə tutulmuş planlar, o cümlədən Belarusiya ərazisində nüvə silahlarının yerləşdirilməsi də heç vaxt olmadığı qədər real göründü. Rusiya və Belarusiya müdafiə nazirliklərinin ümumi kollegiya iclasında Rusiya müdafiə naziri bəyan etdi ki, “NATO-nun genişləndirilməsi, raket əleyhinə sistemlərin yerləşdirilməsi, Yaxın Şərqdə vəziyyətin gərginləşməsi bizim hərbi-siyasi, xüsusən də hərbi sahədə fəaliyyətimizin sıx şəkildə koordinasiyaya ehtiyacı olduğundan xəbər verir”.
Belarusiya Rusiyanın qərb istiqamətində yeganə ardıcıl, dəyişməz müttəfiqi olub və indi də belədir. Moskva Minskin köməyi ilə hətta Qərbdə Avropa təhlükəsizliyinin təminatı adlandırılan yaxın və orta mənzilli raketlərin məhvi barədə Müqavilədən çıxmamaqla da amerikanların raket əleyhinə sistemlərinə layiqli cavab verə bilər. Ona görə də Rusiya özünün orta mənzilli raketlərini Belarusiya ərazisində problemsiz yerləşdirir. Axı məhz Rusiya Federasiyası SSRİ-nin hüquqi varisi olduğu üçün onun bağladığı müqavilələrə görə məsuliyyət daşıyır.
Rusiya ilə Belarusiya arasında hərbi ittifaqın möhkəmlənməsi üçün başlıca problem iki ölkə arasında qarşılıqlı siyasi fəaliyyətin zəif olmasıdır. Mütləq strateji birliyin və qarşılıqlı anlaşmanın olduğu təqdirdə Belarusiya ərazisində istənilən raket sistemlərini yerləşdirmək mümkündür. Bir balaca fikir ayrılığı raketlərin orda yerləşdirilməsini mümkünsüz edir. Belarusiya hal-hazırda amerikanların Rusiya ətrafında qurduğu sanitar kordonda yeganə “çatdır”. Əgər Belarusiyada bizim nüvə başlıqlı raketlərimiz peyda olarsa, bu ABŞ Dövlət Departamentinin qorxulu yuxularının çin olması deməkdir.
Belarusiyada Rus raketlərinin yerləşdirilməsi ilə bağlı mediada qaldırılmış hay-küylər isə sadəcə müxtəlif “oyunçuların” reaksiyasını yoxlamaq üçün qurulmuş səhnədir. Vəziyyət Rusiya rəhbərliyində geopolitik şüurun oyanmağa başlamasından xəbər verir. Burda qeyd etmək lazımdır ki, raketlərlə bağlı niyyətin həyata keçirilməsi həm Moskva, həm də Minsk üçün faydalı olardı- Rusiya köhnə mövqelərinə qayıdar, Belarusiya isə özü üçün başqa üstünlüklər, o cümlədən iqtisadi xarakterli üstünlüklər əldə edər.
Belə bir niyyəti həyata keçirmək üçün bütün mövcud qarşılıqlı maneələri aradan qaldırmaq lazımdır. Birinci növbədə enerji məsələsini həll etmək gərəkdir. Əgər Kreml həqiqətən raketləri ora yerləşdirmək istəyirsə, Minskə güzəştə getməlidir. Küsmüş, hiddətlənmiş yerli əhalinin mövcud olduğu bir ölkədə raket bazalarını qurmağı təsəvvür etmək belə çətindir. Və burda ancaq Belarusiyanın Rusiya tərkibinə daxil olmasından danışmaq hökmən deyil, aktiv hərbi-siyasi əməkdaşlıq zəminində olsa belə real ittifaq dövlətinin yaradılması da kifayətdir.
Belə bir dövlətin yaradılması üçün katalizator rolunda ölkələrin strateji maraqları oynayır ki, bu maraqlar özündə xalqlarımızın bütün sahələrdə yaxınlaşmasını ehtiva edir. Vahid geopolitik məkan yaratmaq lazımdır ki, bunsuz biz təklənib məhv olacağıq. Respublikanın Rusiya ilə yaxınlaşması onu ABŞ üçün əlçatmaz edir, Belarusiya timsalında Rusiyanın nüvə raketi çətirinin altına girməsi isə onun bütün təhlükəsizlik problemlərini həll etmiş olur. Burda da çox şey siyasi elitanın məsuliyyətindən asılıdır.
Tarix iki slavyan xalqın yaxınlaşmasına şahidlik edir. Belarusiya bu gün Rusiya üçün Avropaya açılan sonuncu pəncərədir. Belə bir vəziyyəti anlamamaq artıq adi bir səhv deyil, geopolitik cinayətdir.
***
Belarusiyanın xarici siyasət vektorlarından biri də Çin ilə hərbi əməkdaşlıqdır. Aleksandr Lukaşenko son zamanlar bu barədə dəfələrlə söyləmişdir. “Bizim Çin ilə əməkdaşlığımız strateji xarakter daşıyır və bunda Çin və Belarusiya hərbçilərinin xidmətləri böyükdür. Biz Çin ilə hərbi əməkdaşlıq sferasında 210 müqavilə bağlamışıq ki, onlardan 190-ı artıq icra edilib. Bu böyük həcmdə işdir və perspektivdə yaxşı olacağından xəbər verir”- deyə Lukaşenko bildirmişdir.
Belarusiyanın Çin ilə əməkdaşlığı artıq öz-özlüyündə Lukaşenko tərəfindən atılmış avrasiyaçı addımdır. O məhz bu formada Belarusiyanın Avrasiya inteqrasiyası istiqamətində hərəkət etdiyini nümayiş etdirir. Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində də bu istiqamətdə xeyli hərəkətlilik müşahidə olunur.
Bu böyük mənada simvolik bir addımdır. Axı Çinin hərbi münasibətlər baxımından partnyoru Rusiyadır. Çinə bütün silah-sursat və hərbi texnika Rusiyadan idxal edilir. Çinin masştabı və yeri də Rusiya ilə bağlıdır. Çin ŞƏT-də bu və ya digər formada Rusiyanın hərbi partnyoru qismində fəaliyyət göstərir. Belarusiya ilə Çin bu sahədə daha sıx əməkdaşlıq edirlərsə, bu elə həm də Rusiya ilə sıx əməkdaşlıq deməkdir.
Belarusiya-Çin əməkdaşlığının belə formada elan edilməsi öz bəhrəsini verdi və tezliklə azadlıq adası Kubanın paytaxtı Havanada Qoşulmama Hərəkatının 3 ən xarizmatik lideri Uqo Çaves, Fidel Kastro və Aleksandr Lukaşenko görüşdülər. Onlar Vaşinqtonun dünya ağalığına can atmasına qarşı çıxdıqlarını bəyan etdilər. Aleksandr Lukaşenko əsas beynəlxalq problemləri, Qoşulmama Hərəkatının müasir dünyadakı rolu və onun effektivliyinin artırılması üzrə öz mövqeyini, Belarusiya tərəfdən olan təşəbbüsləri diqqətə çatdırdı.
Məlum olduğu kimi ikiqütblü dünya dövründə, yəni Sovet periodunda Qoşulmama Hərəkatına o dövlətlər qoşulurdular ki, onlar nə Qərbin kapitalist sistemini, nə də Sovet sosialist sistemini dəstəkləmirdilər. Hal-hazırda biz birqütblü dünyada yaşayırıq ki, qütblərdən biri- sosialist qütbü özünü məhv etmişdir. Belə şərtlər altında Qoşulmama Hərəkatına qoşulmaq təkcə birqütblü dünyaya, yəni Qərb dünyasına qoşulmamaq mənasına gəlir. Ya da ABŞ-ın birqütblü dünya qurmaq cəhdində ona dəstək verməkdən imtina etmək demək olur. Yəni mahiyyətcə söhbət ABŞ-ın birqütblü hegemonluğuna qarşı alternativ yaratmaqdan gedir. Və Rusiya belə təşəbbüslərin həyata keçirilməsində çox maraqlıdır, çünki onun özü ABŞ-ın dünya hegemonluğuna qarşıdır.
Çaves, Kastro, Lukaşenki kimi liderlərin vaxtaşırı məlum çıxışları Amerikanın şəriksiz dünya hegemonluğu ilə razılaşmayan dövlətləri çox ilhamlandırmışdır. Onlar çoxqütblü gələcəyin əsasını təşkil edən blokların real qurulması epoxasını elan etməklə Amerikanın təkqütblü dünya modeli ilə razı olmayan hamını oyatmışlar. Və Rusiya bu vəziyyətdə çox maraqlıdır.
Aleksandr Lukaşenko da bu formada hətta Rusiyanı da qabaqlayıb, inamla və uzaqgörənliklə cəsarətli, lakin doğru və vaxtında yaradılan həmin layihəni dəstəklədi. Bu da ki tamamilə izaholunandır. Məsələ burasındadır ki, onun Rusiya ilə olduğu kimi Yeltsin dövründən miras qalan müxtəlif məhdudiyyətləri və Qərb qarşısında öhdəlikləri yoxdur. Lukaşenkonun əlləri bağlanmayıb, buna görə də daha qətiyyətli addımlar atır ki, bu da digər postsovet ölkələrinə də nümunə olur. Mahiyyətcə Çaves, Kastro və Lukaşenko amerikan təkqütblü qlobalizasiyasına qarşı çoxqütblü dünya modelinin yaradılması epoxasını açıq elan etmişlər. Biz belə addımları alqışlayırıq. Rusiya belə addımları təqdir edir və hərtərəfli dəstək verir.
Aleksandr Lukaşenko Qoşulmama Hərəkatına qoşulmaqla regional səviyyədən dünya siyasətçisi səviyyəsinə qalxır, real beynəlxalq təsir imkanları əldə edir. Bu, ittifaq dövlətinin mövqeyini möhkəmləndirir. Deməli, Rusiyanın da mövqeyini möhkəmləndirir.


Müəllif: Valeri Korovin


Tərcümə: Cəmil Şirvanov
22-07-2021 00:45 Baxılıb: 1990    
Şərh bildir