“MONQOL-TATARLAR” MƏNBƏ VƏ RƏSMLƏRDƏ SARIŞINDIRLAR

İbrahim Sel
 
 Yeni nəsil tədqiqatçıların gəldiyi nəticə budur ki, ümumiyyətlə tarixdə “monqol-tatar” adlı qövm olmamış, “moğol” və “tartar”lar isə monqolid yox, ağ irqin nümayəndələri olmuşlar. Hələlik ənənəvi tarixçilərin bunu etiraf etməyə cəsarətləri çatmır.
 Mənbələrdən aydınlaşır ki, “monqol-tatarlar” monqoloid yox, avropoid görünüşlü idilər. Tanınmış türkoloq və etnogenetik alim Lev Qumilyov “Qədim Rus və Böyük çöl” kitabında yazır: “Salnaməçilərin qeydlərindən və Mancuriyada tapılmış freskalardan qədim monqolların hündürboy, saqqallı, açıq saçlı və göygöz olduğu üzə çıxır”. Asiyaya səyahət etmiş məşhur italyan taciri Marko Polo (1254-1324) “monqol” imperiyasının paytaxtı Xanbalıkda 17 il yaşamış və xan sarayının naturadan çoxlu rəsmlərini çəkmişdir. Bu rəsmlərdə saray əhli monqol və ya çinli görünüşlü yox, üz cizgilərindən tutmuş geyimə kimi, saç-saqqaldan tutmuş yaraq-əsləhəyə kimi slavyan tiplidirlər.
 “Monqol-tatarlar” müasir dərsliklərdə qıyıqgöz göstərilsələr də, orta əsr qravürlərinin hamısında ağ insanlar kimi təsvir olunurlar. Avropalıların 17, 18 və 19-cu əsrlərdə çəkdikləri rəsmlərdə “monqol” və “tatar”lar qıyıqgöz yox, ağ irqin nümayəndələri kimi göstərilirlər. 1700-cü ilə aid qravürdə tartar şahzadəsi və onun xanımı avropoid görünüşlüdürlər. Fransız kartoqrafı və mühəndisi Allain Manesson Malletin 1719-cu ildə Frankfurtda nəşr olunmuş rəsmlərində mogol və tartarlar ağ irqin adamları kimi göstərilir. Tomas Cefrinin 1757-1772-ci illərdə Londonda 4 cilddə nəşr olunmuş “Müxtəlif qədim və müasir xalqların milli kostyumlarının kataloqu”nda, yezuit Antuan Fransua Prevostun öz səyahətlərinin bəhrəsi kimi hazırlayaraq 1760-cı ildə nəşr etdirdiyi kitabında əks olunan tartarlarda da monqoloidlik müşahidə olunmur. Holland nəşriyyatçısı və kartoqrafı İsaak Tirionun (1705-1769), şotland tarixçisi və coğrafiyaçısı Tomas Salmonun (1679-1767) rəsmlərində də tartarların “monqolluğundan” əsər-əlamət belə yoxdur. Bu rəsmlərdəki “monqol-tatar” hakimlərinin görünüş və geyimləri rus çar və boyarlarının görünüş və geyimlərini xatırladır. Avropa qravürlərinin çoxunda “monqollar” rus boyar, əsgər və kazakları obrazında təsvir edilirlər. Rus salnamələrindəki miniatürlərdən də aydın görünür ki, üz-üzə gələn rus və monqol əsgərləri arasında irqi fərqlər yoxdur; onların geyimlərində və silahlarında da kəskin fərqlər müşahidə olunmur. İvan Qroznının salnamələr külliyyatı kimi hazırlatdırdığı məşhur “Çar-kniqa”sındakı miniatürlərdə çarpışan rus və tatar əsgərləri eyni geyimdə, eyni papaqlı və eyni yaraq-əsləhə ilə silahlanmış göstərilir. Həmin miniatürlərdən kimin rus, kimin tatar olduğunu müəyyənləşdirmək çətindir. 1241-ci ilə aid tampliyerlərlə “monqol-tatarların” Leqnitsa yaxınlığında döyüşünü əks etdirən miniatürdə monqollar qıyıqgözlü yox, rus mujikləri tipində təsvir olunurlar və başlarında ənənəvi ucuşiş rus şlemləri var. 16-cı əsrə aid Buz döyüşünü əks etdirən miniatürdə də eyni mənzərənin şahidi oluruq. 17-ci əsrin ortalarında ərsəyə gəlmiş Sergey Radonejski ikonasının “Kulikov döyüşü” fraqmenti maraq doğurur. Fraqmentdən aydın görünür ki, hər iki tərəfdən eyni antropoloji tipli insanlar vuruşur, monqolluqdan burda əsər-əlamət yoxdur. Fraqmentdəki döyüş xarici təcavüzçülərlə savaşdan da çox vətəndaş müharibəsi təəssüratı yaradır. Henrix 2-ci Nabojnının (1192-1241) məqbərəsində rəsm olunmuş “tatar”ın da monqoloid görkəmi yoxdur, əksinə həm üzü, həm də geyim və silahı ilə rus kazakını xatırladır. 1240-1310-cu illərdə yaşamış erməni tarixçisi və dövlət xadimi Xetum Patmiçin “Şərq torpaqları hekayətləri toplusu”ndakı Girdxuk qalasının monqollar tərəfindən mühasirəsini əks etdirən miniatürdə qaladakılar qara rəngli göstərilsələr də, monqollar ağ xalqın nümayəndələri kimi təsvir olunmuşlar. 1488-ci ilə aid macar xronikasındakı miniatürlərdə monqollar kazak şapkası, topuğa kimi uzun kaftan və sapoqları ilə təsvir olunurlar. Onların sifətlərindən monqoloid yox, slavyan olduqları, kosa yox, sıx saqqallı olduqları aydın sezilir. Monqolların əsir aldıqları kütlə isə Qərbi Avropa geyimlərində- dizə kimi platyelərdə, başmaqlarda və s. təsvir olunurlar. Maraqlıdır ki, əsirlərin əsir götürənlərdən fərqli olaraq saqqalları yoxdur. Əlbəttə ki, həmin miniatür 1488-ci ildə yox, indi çəkilsəydi, hökmən əsir götürənlər qıyıqgöz monqollar kimi təsvir olunardı, çünki müasirlərimizə elə gəlir ki, ordaçılar qıyıqgözü olmuşlar.
 Çin mənbələri Çingizxanın “uca boylu, möhkəm bədənli, enli alınlı, sarı saçlı, uzun saqqallı, və göy gözlü” olduğunu bildirir ki, belə görünüş monqol üçün xarakterik deyildir. Atasının isə yaşıl gözlü olduğu bildirilir. 1603-1664-ci illərdə yaşamış özbək tarixçisi Abulqazi Bahadur xan yazır ki, Çingizxanın mənsub olduğu Bordjiqin tayfasının adamlarının gözləri yaşıl-mavi rəngli idi. Qızıl Orda dövründə yaşamış İran tarixçisi Rəşidəddin Fəzlullah yazır ki, Çingizxanın tayfasındakı uşaqlar “mavi gözlü və sarışın doğulurdu”. Qədim Avropa rəsmlərində, o cümlədən 13-14-cü əsrlərə aid Çin rəsmlərində Çingizxan monqollara xas cizgilərlə deyil, slavyanlara xas cizgilərlə təsvir olunur: ucaboylu, uzun saqqallı, yaşıl gözlü. Marko Polo da Çingizxanı slavyan görünüşlü çəkmişdir. Marko Polonun “Çingizxanın taclandırılması” məşhur rəsmində imperatorun əyan-əşrəfi şərqli yox, slavyan geyimindədir, onun əlində tutduğu qılınc isə adi rus qılıncıdır.
 19-cu əsrdən əvvəlki təsvirlərdə Çingizxan kimi Teymurləngin görünüşləri də monqoloidən çox slavyana uyğun gəlir. Orta əsrlərə aid italyan, holland və fransızların rəsmlərində, 16-cı əsrdə yaşamış İsveçrə rəssamı Tobias Ştimmerin qravüründə, 15-16-cı əsr İran miniatüründə Teymurləng-Timur-Tamerlan monqoloid kimi yox, rus, slavyan, kazak, ağ irqin nümayəndəsi kimi əsk olunmuşdur. Şərq mənbələrinin bir çoxunda Teymurləng slavyan görünüşlü və başında ariya-slavyan çarlarına məxsus tacla təsvir olunur. Teymurləngin qoşunları tərəfindən əsir götürülmüş, sonradan onun mədhinə şeirlər yazmış ərəb şairi İbn Ərəbşah yazır ki, Teymur monqol görünüşünə malik deyildi. Rus tarixçisi Timofey Qranovski bildirir ki, Teymurləng doğulanda qoca adamlardakı kimi ağ saçlarla doğulmuşdu. Dövrümüzə gəlib çatmış tarixi sənədlərdə Teymurləng uca boylu, göy göz, ağ dərili, kürən saçlı və sıx saqqallı göstərilir. Belə təsvir balacaboy və üzündən tük çıxmayan monqol genotipindən daha çox slavyan genotipinə uyğun gəlir. Teymurləngin mənbələrdə və rəsmlərdə təsvir edilən geyimi də rus çarlarının ənənəvi geyiminə olduqca oxşardır.
 Sovet alimləri 1941-ci ildə Teymurilər sülələsi üzvlərini dəfn olunduğu deyilən Qur-Əmirdə qazıntılar aparmışlar. Ekspedisiya üzvləri Teymurləngin, onun oğulları Şahrux və Miranşahın, nəvələri Uluqbəy və Sultan Məhəmmədin qəbirlərini açaraq tədqiq etmişlər. Teymurləngin qəbrinin tədqiqi maraqlı nüanslar üzə çıxarmışdır. Məlum olmuşdur ki, Teymurləng özbək əmirləri kimi yox, rus knyazları kimi geyinmişdir. Teymurləngin saç-saqqalının kürən, dərisinin isə bəyaz olmaşı tədqiqatçıları heyrətləndirmişdir. Teymurləng özbək və ya monqol olsaydı, saçları qara olmalı idi. Antropoloqlar Teymurləngin görünüşünü rekonstruksiya edərkən onun özbək yox, slavyan görünüşü alınmışdır. Teymurləngin qəbrini açıb antropologiyasını öyrənmiş antropoloq və skulptur, tarix elmləri doktoru Mixail Gerasimov bildirmişdir ki, Teymurləng monqollar kimi qıyıq gözə malik deyil və ucaboyludur. Alim imperatorun skulptur portretini bərpa edərkən Teymurləngin slavyan kişisi obrazı ortaya çıxmışdır. Təsüdüfi deyil ki, mənbələrdə Tamerlanın barlas (belorus) adlı slavyan tayfasından olduğu göstərilir.
 Müasir filmlərdə isə Teymurləng adətən asiyalı kimi göstərilir. Ənənəvi tarixşünaslıq Teymurləngi türk hesab edir. 1240-cı ildə naməlum müəllif tərəfindən qələmə alınmış “Gizli rəvayət” adlı əsərdə deyilir ki, Teymurləngin də, Çingizxanın da türkləri görməyə gözü olmayıb. Maraqlıdır ki, Teymurləng Rusiya torpaqlarını işğal etmiş monqolların Qızıl Ordasını süquta uğratmışdır. O İran xalqlarını zinhara gətirmiş Osmanlı ordusunu da darmadağın etmiş, Sultan Bəyazidi qəfəsə salaraq yanında gəzdirmişdir. Ərəb müəlliflərinin bəziləri onu müsəlman saysa da, bir çoxları xristian sayır. Mənbələrdə göstərilir ki, Teymurləng qəzəbinə tuş gəlmiş şəhər əhalisinin qırmaq əmri verərkən xristian əhalisinə toxunmamağı tapşırmışdı. İbn Ərəbşah yazırdı ki, Teymurləng islam dini qanunları ilə yox, Çingizxan qanunları ilə yaşayırdı. 1253-cü ildə Konstantinopoldan keçərək Qızıl Orda ərazisinə gəlmiş Fransa kralının səfiri Qiyom de Rubrik yazır ki, ordaçılar Moal dininə qaillik edirdilər. Məxəzlərin bir çoxunda qeyd olunur ki, Teymurləngin ordusunda çoxlu çaxır içilirdi, özü isə araq içirdi. 1403-1406-cı illərdə Teymurləngin iqamətgahına səyahət etmiş ispan diplomatı Rui Qonsales de Klavixo göstərir ki, onun çadırları boyunca çaxır çəlləkləri düzülmüşdü. Teymurləngin spirtli içki qəbul etməsi onu görmüş Avropa səyyahlarının çoxu tərəfindən göstərilmişdir. Teymurləng döyüşdə fərqlənmiş əsgərləri adətə uyğun olaraq müxtəlif ləziz yeməklərə və içkilərə qonaq edirmiş. O da maraqlıdır ki, Teymurləngin əsgərləri içdikləri içkini ruslarda olduğu kimi “vino” adlandırırmışlar.
 Monqol-tatar epoxasına aid olan digər sərkərdələrin antropologiyasını da araşdırarkən eyni müşahidələr üzə çıxır. Çingizxanın nəvəsi, Qızıl Orda hökmdarı Batı xan əlyazma illüstrasiyalarının çoxunda monqoloid kimi yox, slavyan kimi çəkilib. 16-cı əsrə aid “Batının 1238-ci ildə Suzdalı alması” miniatüründə onun, eləcə də əsgərlərinin sifəti monqoloid görünüşlü yox, slavyan görünüşlüdür. Batı xanın Türkiyədə qoyulmuş heykəlində belə o avropoid görünüşlüdür. Marko Polo Çingizxanın nəvəsi, “monqol” xanı Xubilayı avropoid görünüşlü rəsm edib. Polonun illüstrasiyalarında Xubilayın 4 zövcəsinin rəsmi də slavyan qadınlarını xatırladır. 13-cü əsrə aid yapon rəsmində Xubilay və əsgərləri slavyan görkəmli, qədim rus paltarında və çəkməsində əks olunub. İvan Qroznının “Çar-kniqa”sında Qızıl Orda hökmdarları Tinibəy, Canıbəy, Berdibəy xanlar monqoloid gözlü yox, slavyan sifətli və geyimli təsvir edilmişlər. 1375-ci ildə hazırlanmış Katalan atlasındakı rəsmdə də Canıbəy xan avropoid görünüşlü göstərilmişdir. 15-ci əsrdə yaşamış məşhur riyaziyyatçı, astronom, böyük alim və hökmdar Uluqbəy də babası Teymurləng, eləcə də atası Şahrux kimi özbək yox, rus görünüşünə malik idi. Mixail Gerasimov özünün “Kəllə sümüyünə əsasən üzün bərpa edilməsi” metodik əsərində Uluqbəyin üz cizgilərinin və antropoloji quruluşunun geniş təsvirini vermişdir. Termurləngin digər nəvəsi, Böyük Moğol İmperatoru Bahadur şah və onun həyat yoldaşı da qədim rəsmlərdə sarı və göygöz göstərilirlər.
 Beləliklə, monqol-tatar adı ilə tarix dərsliklərinə düşənlərin əslində avropoid irqinin tipik nümayəndələri olduğu üzə çıxır. “Monqol-tatar” elitasının bəyaz rusiçlər olduğu aydınlaşır. Avrasiya qitəsində at oynadan monqollar, eləcə də qıpçaqların antropoloji cəhətdən ruslardan fərqi olmamışdır. 
 Çingizxanın, Teymurləngin və digər  monqol-tatar hakimlərinin monqola oxşar rəsmləri 18-ci əsrə- ümumdünya tarxinin saxtalaşdırılmasının qızğın çağına təsadüf edir. Məhz həmin dövrdən Rusiya və Çində tarixin qlobal falsifikasiyasına start verilmişdir.
 
“Avrasiya tarixi” kitabından
19-06-2017 14:29 Baxılıb: 2230    
Şərh bildir