Məshəti türkləri Türkiyənin düşmən fəaliyyəti ucbatından deportasiya edilmişlər

Akşin Sultanov

Burjua mətbuatı üçün “obyektivlik” prinsipi var və ondan ibarətdir ki, özlərinə lazım olanda və sərf eliyəndə mövzuyla bağlı ekspert rəyinə, qarşı tərəfin fikrinə də müraciət edirlər. Heç olmasa bir şeydən yazanda axırda oxucu üçün məsələnin məzmununu az da olsa açıqlayırlar.
Amma nədənsə Stalin deportasiyaları barədə danışarkən ekspert rəyinə ehtiyac durmurlar. Bircə kəlmə də bu köçürülmələrin səbəbindən yazmırlar. Məlumatsız və kəmsavad oxucu da elə anlayır ki, Stalin bekarçılıqdan və illaki kiməsə, hansısa xalqa pislik etmək naminə, elə-belə, mırta, sadist həzzi almaq üçün günahsız insanlara əzab verib.
Əlbətdə, köçürülmüş xalqların hər bir fərdi günah sahibi olmayıb, aralarında günahsız insanlar da olub. Guya bunu sovet hökuməti bilməyib? Bilib.
Əvvəla onu bilin ki, xalqları müharibə vaxtı köçürüblər. Bunu bilməyiniz çox vacibdir. Müharibədən sonra heç bir xalqı köçürməyiblər. Çünki lüzum qalmayıb. Müharibə vaxtı isə vardı.
Müharibə başlayandan sonra səfərbərlik elan edilir. Çeçenlər və inquşlar kütləvi olaraq dağlara qaçdılar, əsgər getməkdən imtina etdilər. Əlbəttə ki, çeçen və inquş gənclərini yoldan çıxaran qüvvələr var idi. Stalin elə-belə xəbərdarlıq etmirdi ki, sosializm quruculuğunda sinfi mübarizə daha da şiddətlənəcək. 1930-cu illərdə hələ də bir sürü gizli burjua ünsürləri qalmaqda idi. Səfərbərlikdən boyun qaçırmaları azmış kimi, onlar dağlarda quldur dəstələri yaradıb dövlət orqanlarına hücum, evləri və dövlət obyektlərini qarət edirdilər. Bir neçə il! Müharibənin ən qızğın vaxtında bütün bu cinayətlərdə çeçen və inquş əhalisinin az sayılmayacaq qədər hissəsi iştirak etdi. Hər halda dağlardakı cani dəstələri özbaşına hərəkət etmirdilər, onlara məlumat ötürənlər, necə deyərlər, logistik dəstək verənlər vardı. Və bütün o quldur dəstələri yaxınlaşan işğalçı-faşist ordusuyla əlaqəyə girməyə və birləşməyə hazırlaşırdılar. Bütün dediklərimə dair kifayət qədər tarixi faktlar var, həqiqət axtaranlar internetdən hər şeyi tapıb oxuya bilərlər.
Krım tatarları haqda dəfələrlə səhifədən yazmışam.
Məshəti türkləri çeçenlərdən və inquşlardan fərqli səfərbərlikdən boyun qaçırmayıblar, krım tatarlarından fərqli işğalçıların tərəfinə keçməyiblər (işğal da görməyiblər, işğal edilsəydilər özlərini necə aparacaqlarını demək çətindir), kişi kimi sovet ordusunda işğalçılara qarşı vuruşublar, 26 min şəhid veriblər; 8 məshəti türkü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüblər. Bəs belə bir ləyaqətli insanları niyə köçürürlər?
Bu məsələdə Türkiyənin altdan nasist Almaniyasına yardım etməsi, SSRİ ilə Türkiyə münasibətlərinin həddən artıq soyuması böyük rol oynayır. İkinci dünya müharibəsinin sonunda SSRİ az qala Türkiyə ilə müharibəyə başlayacaqdı – bax bu səviyyədə ciddi idi məsələ.
İsmet İnönü Türkiyəsi nasist Almaniyası ilə (SSRİ-yə hücum etməsindən cəmi 4 gün əvvəl) iqtisadi əməkdaşlıq haqda saziş imzalayır. Bu, Almaniyanın Fransanı asanlıqla işğal etdiyindən sonra baş verir. Buna görə Türkiyəni qınamaq da olmur. Onsuz da bütün Avropa ölkələrinin, hətta SSRİ-nin özünün Almaniya ilə bənzər məzmunlu sazişləri vardı.
Türkiyə “neytralitet” elan edir, amma bəzi əməlləri onun neytral qalmaqdan uzaq olduğunu sübut edir. Əlbəttə ki, sovet kəşfiyyatı və Stalin çox şeydən məlumatlı idi.
1941-ci ilin payızında, işğalçılar Moskvanı artıq işğal edəcəklərini zənn edən ərəfədə, Türkiyə hərbi akademiyasının rəisi general Ali Fuad Erdenin başçılığı altında Türkiyə hərbi deleqasiyası Almaniya-SSRİ cəbhəsinə, alman hərbçiləri ilə görüşə yollanır. Bu, sovet rəhbərliyinin haqlı narazılığına səbəb olur (Məlumatı Vikipediyadan götürmüşəm- hələ bunu burjua, antisovetçi Vikipediyası yazır...)
Türkiyə ilə gərginlik 1942-ci ilin yayında, Avropa faşistlərinin Stalinqrada və Qafqaza hücumu başlayanda artır. Niyə?
Türkiyədə səfərbərlik edilir və ordunun sayı bir milyon nəfərə çatdırılır. Qafqaza və Stalinqrada hücum başlayan kimi həmin ordunun 750 min əsgər və zabiti (yanı 75%) Batum bölgəsində SSRİ-Türkiyə sərhədinə yığılır. (Söhbəti tutmağı unutmayın).
1942-ci ilin iyulundan başlayaraq SSRİ-nin 1 may 1942-ci ildə formalaşdırdığı Zaqafqaziya cəbhəsinə qarşı Türkiyə 4 ordu korpusu, 16 piyada diviziyası, 2 süvari diviziya, bir motoatıcı briqada cəmləyir. SSRİ qoşunlarının sayı isə sərhəddə cəmi 200 min olur, çoxu da gənc, təcrübəsiz əsgərlər olur. SSRİ rəhbərliyində olan məlumata görə Türkiyə Stalinqrad alınan kimi Almaniyanın tərəfində müharibəyə daxil olmağa hazırlaşırdı. Lakin Qızıl Ordunun əks-hücumu bütün bu planları alt-üst etdi.
Yeri düşmüşkən, Yaponiya da eyni şeyi gözləyirdi: Stalinqrad alınan kimi Yaponiya da müharibəyə Almaniya tərəfində daxil olacaqdı.
Almaniyadan qorxan və kimin qalib gələcəyini təxmin edə bilməyən Türkiyə formal olaraq neytralitet tətbiq etsə də Almaniyanı bəzi mallarla təmin edirdi, Almaniyanın hərbi iqtisadiyyatında müəyyən rol oynayırdı. Təkcə 1943-cü ildə Türkiyə nasist Almaniyasına 46,9 milyon ton xrom filizi, 17,9 milyon ton zeytun toxumu, 17,6 milyon ton balıq, 9,5 milyon ton çuqun, 7,4 milyon ton mis göndərir. Bu, SSRİ-ni bərk qıcıqlandırırdı. Xrom Almaniya üçün çox vacib idi. Xromdan tank (zirehinin) istehsalında istifadə edirlər. Xrom filizinin nə qədər vacib olduğunu anlamaq üçün SSRİ-də xromun ancaq Qazaxstanda olduğunu bilmək lazımdır.
Türkiyənin coğrafi mövqeyi çox əlverişli idi. Ona görə, müharibənin qızğın vaxtında SSRİ, ABŞ və Britaniya rəsmiləri dəfələrlə Türkiyədən Almaniyaya qarşı müharibəyə qatılmağı istəyirlər, hər dəfə də Ankaradan “Türkiyə müharibəyə hazır deyil” cavabını eşidirdilər. Açığı, ABŞ və Britaniyanın əslində vecinə də deyildi, onların öz maraqları var idi. İş orasındadır ki, SSRİ onlardan Almaniyaya qarşı “qərb cəbhəsi” açmağı tələb edirdi, onlar isə bunu etmirdilər... Əvəzində Türkiyədən tələb edirdilər. Elə onlar da gözləmə mövqeyində idilər... Elə onlar da SSRİ-nin Stalinqradda yıxılacağını gözləyirdilər. Ona görə də 1943-cü ilə qədər “lend-liz” “kömək” layihəsi çərçivəsndə SSRİ-yə 1945-ci ilə qədər edilən “köməyin” cəmi 3-4 faizini etmişdilər. Elə onlar da SSRİ əks-hücuma keçəndən sonra, müharibənin və Avropanın gələcək taleyini tək başına SSRİ-nin həll edəcəyini görəndən sonra qərbdə Almaniyaya qarşı cəbhə açdılar.
Bir sözlə, Stalinqradda qızğın döyüşlər gedəndə ölkələr gözləmə mövqeyi sərgiləyirdilər. Türkiyə və Yaponiya Stalinqrad alınandan sonra Almaniya tərəfdə SSRİ-yə qarşı vuruşmağa başlayacaqdılar.
“Belə şey olmaz” deyənlər üçün: onsuz da Almaniyanın tərəfində bir çox Avropa ölkəsinin qoşunları vuruşurdu. Stalinqrad uğrunda döyüşlərdə Rumıniya, Macarstan, İtaliya və s. ölkələrin ordu hissələri Almaniya tərəfdə vuruşurdu.
Türkiyə Almaniyanı xromla təmin etməyə yalnız 1944-cü ilin aprelində son qoydu. Və yalnız 1944-cü ilin avqustunda Türkiyə Almaniya ilə iqtisadi və diplomatik əlaqələri kəsdi. Və yalnız 23 fevral 1945-ci ildə Türkiyə Almaniyaya formal olaraq müharibə elan edir, ancaq hərbi əməliyyatlarda iştirak etmir (Ola bilsin, buna görə SSRİ Türkiyəni bağışlayır, cəzalandırmaqdan imtina edir).
Özümün və oxucunun vaxtını alıb hadisələrin tarixi fonunu sovet rəhbərliyinin aldığı qərarların məntiqini izah etmək üçün təsvir etdim. Yekunlaşdıraq. Müharibənin qızğın, SSRİ-nin məğlub vəziyyətə düşdüyü vaxtda Türkiyə Almaniya ilə diplomatik və iqtisadi müstəvidə əməkdaşlıq edir, SSRİ-nin istəklərinə məhəl qoymur, səfərbərlik edib bir milyonluq ordu yığır, həmin ordunun mühüm hissəsini SSRİ ilə sərhədə yığır, üstəlik tez-tez sərhəddə atışmalar olur...
İndi musavatçı tarixçilər deyərlər ki, bəs SSRİ Türkiyəyə hücum edəcəkdi, ona görə İsmet inönü ordunu SSRİ ilə sərhədə yığdı. Yalan! SSRİ-nin həmin bölgədə olan ordu sayını yazdım. 200 minlik orduyla, özü də əsgərliyə təzə çağırılmış, təcrübəsiz gənclərdən ibarət 200 minlik orduyla SSRİ necə Türkiyəyə hücum edəcəkdi? O biri tərəfdən, niyə Türkiyə bütün ordusunu SSRİ ilə sərhədə, Batum istiqamətinə yığmışdı? SSRİ-dən hücum gözləyirdisə, SSRİ elə İran, Cənubi Azərbaycan tərəfdən də hücum edə bilərdi. Orda SSRİ-nin zatən ordusu vardı.
Xeyr, SSRİ o vaxtlar Türkiyəyə hücum barəsində qətiyyən düşünməyib, başqa bir cəbhədə müharibə aparmağa SSRİ-nin gücü və resursları olmayıb. Bakını və Bakı neftini itirmək riski olub. Bu isə SSRİ üçün fəlakət demək idi. SSRİ Türkiyəyə yalnız müharibənin sonunda, Almaniyanın darmadağın edilməsinə şübhə qalmayanda müdaxilə etmək haqda düşünüb.
SSRİ üçün çox ağır vaxtlarda İnönü rəhbərliyinin hərəkətlərinə görə Türkiyəni cəzalandırmaq lazım idi. Bundan da imtina edilir. Baxmayaraq ki, Stalinin ətrafındakı müəyyən qüvvələr Türkiyəyə müdaxilə etməyi istəyirdilər. Mikoyan hər halda çox istəyirdi ki, Ermənistanın ərazisi Türkiyənin hesabına genişlənsin. İndi erməni millətçiləri də Stalinə Türkiyə ilə müharibə etmədiyinə görə söyürlər. Necə ki bizim musavatçılar Stalinin İrandan ordunu çıxartmaq qərarını “Stalin qoymadı Azərbaycanı birləşməyə” kimi təqdim edirlər. Bir sürü qanmaz, parabaş gədə-güdənin əlində qalıb inqilabçı Stalin. Əsl “dəhşət” budur.
Stalin qeosiyasi vəziyyəti nəzərə alaraq Türkiyəyə müdaxilə etmir və ABŞ-ın təzyiqi ilə İrandan çəkilir. Lakin Türkiyə ilə münasibətlər soyuyur, 1953-də isə Türkiyə NATO-ya qoşularaq birdəfəlik tərəfini tutur.
Nə isə... Məshəti türklərinin Türkiyənin güdazına getməsi söhbətinə qayıdaq.
Türkiyə Almaniya ilə əməkdaşlıq edir, SSRİ-nin bitdiyinin an məsələsi olduğuna inanır. Hitlerin komandası cənab Rəsulzadəgilə “müstəqil Azərbaycan”, Qareqin Njdeyə “müstəqil Ermənistan+Qarabağ+Naxçıvan” sözü vermişdisə, Ankaraya SSRİ-nin məğlub edildiyində nələrin vəd etdiyini anlamaq çətin deyil. Əslində belə məsələləri tarixçilər araşdırmalı, yazmalıdır. Mən tarixçi deyiləm, arxivlərlə işləmək imkanım da yoxdur. “SSRİ-də tarix ideologiyaya bağlı idi” gileyini eləyən tarixçilər hamısı bu gün tarix elmini musavat ideologiyasının sərəncamında saxlayır. Onlar heç vaxt Türkiyənin Qafqaz cəbhəsində Almaniya tərəfində SSRİ-yə qarşı vuruşmaq planı haqda yazmayacaqlar.
Almaniya Leninqradı blokadaya alıb, Moskvanın bir addımlığında, Stalinqradın içində, Kislovodskda, Şimali Qafqazda... Məqsəd Bakını işğal etmək... Və o şəraitdə Türkiyənin ordusu Batum istiqamətində yığışıb, özünü aqressiv aparır...
Müharibə haqda anlayışı olanlar bilir ki, kəşfiyyat və diversiya işləri müharibənin ayrılmaz hissəsidir. Ordusunu Batum istiqamətində cəmləyən Türkiyə əlbəttə ki, məshəti türkləri ilə əlaqə yaratmışdı, kəşviyyat şəbəkəsi yaratmışdı... Bunu ən azı Almaniya kəşfiyyatı üçün edirdi.
Hamı bilir ki, Stalinqrad döyüşü müharibədə dönüş nöqtəsi olur. Yüz minlərlə faşist əsgər və zabitinin əsir alınması həm də Almaniya və müttəfiqlərinə ağır mənəvi zərbə idi. Almaniyanın Stalinqradda aldığı ağır məğlubiyyət əlbəttə ki Türkiyənin mövqeyinə təsir edir. Stalinqraddan sonra Türkiyə Almaniya üçün Qafqazda ikinci cəbhə, Yaponiya isə öz istiqamətində üçüncü cəbhəni açmaq niyyətindən imtina edir. Cəbhə açılmasa da məshəti türklərinin yaşadığı bölgədə aparılmış işlər, işlərin nəticələri, kəşfiyyat və diversant şəbəkələri qalırdı.
Ərazisini işğalçıdan azad edən SSRİ bəzi xalqları köçürməyə qərar verir. Arxa cəbhədə, “kürəyinin ortasında” Almaniyanın yaratdığı kəşfiyyat və diversant şəbəkələrini zərərsizləşdirmək lazım idi. Əhalinin çox hissəsinin işğalçı qüvvələrlə əməkdaşlıq etdiyinə, işğalçıya simpatiya ilə baxdığına dair məlumatlar köçürülmə qərarlarına təsir edirdi.
Məshəti türkləri ilə bağlı qərara hər halda Gürcüstan rəhbərliyinin rəyləri, Gürcüstan kəşfiyyat orqanlarının məlumatları təsir göstərib. Bizim camaatın bütün diqqəti erməni millətçiliyinə mərkəzlənib, halbuki gürcü millətçiliyi daha qorxunc, daha təhlükəlidir. Gürcü millətçiləri də monoetnik Gürcüstan xəyalında olublar. 1990-larda onlar azərbaycanlıları da çıxartmaq istəyirdilər, abxaz və osetin separatizmi onların diqqətini yayındırdı, yoxsa dağ gürcülərini – svanları – azərbaycanlılar yaşadıqları bölgələrə köçürürdülər, onların vasitəsilə azərbaycanlılara təzyiq edirdilər. Yaxşı bəs sovet vaxtı gürcü millətçiliyi, gürcü millətçiləri varmıydı? Əlbəttə, gürcü millətçiliyi, gürcü millətçiləri o vaxtı da olub, sadəcə sovet beynəlmiləlçiliyi və sistemi onları bir çərçivəyə salmışdı, hərəkət etməyə qoymurdu. Amma necə ki erməni millətçiləri “bolşevik”, “kommunist” maskası ilə çirkin əməllərini altdan-altdan ediblər, çox guman ki, gürcü millətçiləri də sakit oturmayıblar.
Açığı, tarixçi olsaydım, maddi dəstəyim və arxivlərlə işləmək imkanım olsaydı, bütün bu mövzuları xırdalıqlarına qədər işləyərdim. Hələ ki, intuitiv səviyyədə onu deyə bilərəm ki, məshəti türklərinin düşdüyü vəziyyətdən Gürcüstan rəhbərliyindəki və xüsusi xidmət orqanlarındakı millətçilər öz istəklərinə uyğun sui-istifadə etdilər. Hər halda sovet rəhbərliyinin qarşısına məshəti türklərinin kütləvi şəkildə Türkiyəyə və Almaniyaya simpatiya bəsləməsinə dair məlumatlar, sənədlər, sübutlar qoyulub ki, köçürülmə qərarı verilir. Ciddi səbəblər olmadan müharibə vaxtı belə qərarlar verilməz. Ən azı ona görə ki on minlərlə əhalini köçürmək üçün qatarlar, icraçılar, başqa resurslar ayırmalısan, buna isə imkan yox idi. Xalqları Orta Asiya respublikalarına köçürürdülər, oralıq isə onsuz da Rusiyadan, Belorusiyadan, Ukraynadan evakuasiya edilmiş əhali ilə dolu idi.
Gürcüstan rəhbərliyi sovet rəhbərliyini məshəti türklərinin öz ölkəsinə sadiq qaldığına əmin edə bilərdi. Etmir, tam tərsi, türklərin köçürülməsinin vacibliyinə inandıra bilir.
Köçürülmələr (“repressiyalar”) 1944-cü ildə, yənı müharibənin qızğın, SSRİ-nin əks-hücuma keçdiyi vaxtda həyata keçirilir. O qədər insan, maddi və mənəvi itki vermiş SSRİ artıq risk edə bilməzdi. Mövzu on milyonlarla sovet insanının, onlarla başqa sovet xalqlarının həyatı və taleyi idisə, yüz minlik məshəti türklərinin köçürülməsi hansısa təhlükələri aradan qaldırırdısa, bunu etmək lazım idi.
Əlbəttə, bütün məshəti türkləri Almaniya və Türkiyəyə simpatiya ilə baxmırdılar, nə də onların xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmirdilər. Və bunu o vaxtın texnologiyası ilə (indi təkcə mobil telefon vasitəsilə adamın nə vaxt, kimlə, harda nəfəs alıb-verdiyini müəyyən etmək olur), o şəraitdə araşdırmağa nə vaxt var idi, nə də imkan.
O vaxtın şəraitini hələ də yaxşı anlamayanlara izah edim. Səfərbərliyin miqyasını 3,4 milyon əhalisi olan Azərbaycandan 681 min nəfərin Qızıl Ordu sıralarında olduğunu təsəvvür edin... Gürcüstanda da yəqin eyni vəziyyət olub. Demək olar ki, hər “başı papaqlı” cəbhədə idi. Qadınlar da bütün günü işləyirdilər ki, cəbhənin hər şeylə təmin etsinlər. 100 minlik məshəti türklərini qısa vaxtda bir-bir araşdırmaq üçün ən azı min nəfərlik istintaq qrupu lazım idi. Bu qədər istintaqçını ayırmağa SSRİ-nin resursu yox idi. Müharibə ölkəni və insanlarını taqətdən salmışdı... Uzun araşdırmağa vaxt yox idi, risk isə böyük idi. Hamı bilir ki, Bakının özündə neft sənayesinə zərbə vurmağa çalışan diversiya qrupları vardı. Xaricdəki musavatçıların köməyi ilə Bakıda diversiya və kəşfiyyat şəbəkəsi yaratmış Almaniya hər halda Türkiyə xüsusi xidmət orqanları vasitəsilə məshəti türklərinin arasında daha geniş və dərin iş aparmışdı.
(İstintaq aparılsaydı, bəlkə də minlərlə məshəti türk müharibə vaxtının sərt qanunlarına görə güllələnəcəkdi).
Yüz min məshəti türkünün SSRİ-nin bir bölgəsindən başqa bir bölgəsinə köçürülməsi dəhşətdirsə, yüz minlərlə sovet gəncinin, uşağının basabas dolu yük vaqonlarında Almaniyaya işləməyə, nasist konslaqerlərinə daşınması nədir?! Daha yüz minlərlə sovet gənc qızların, yeniyetmələrin yük vaqonlarına əşya kimi atılıb harasa aparılmasının qarşısını almağa kömək edəcəkdisə, yüz min məshəti türkünü Türkiyə ilə həmsərhəd bölgədən köçürməyə dəyərdi. Müharibə vaxtı işləyən qanun-qayda sərtliyi heç kimin göz yaşına baxmır.
шаблоны для dle 11.2
18-06-2020 19:10 Baxılıb: 5190    
Şərh bildir
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent
yenilə, əgər kod görünmürsə
{sape_links}{sape_article}