Qərbdə gözəl yaşayış barədə nağıllara inanmayın!

Alima Amal
 
 Norveçdə yaşayıram. Öz evim var. Sosial şəbəkələrdə elə adamlarla rastlaşıram ki, az qala əlinə qılınc-qalxan götürüb Avropanı müdafiə edir; nə bilim Avropadan yoxdu, Avropada hər şey düzdür, Avropada hər iş qaydasınca gedir... Mən də bu fikirlə gəldim və illər keçəndən sonra öyrəndiklərimdən şoka düşdüm. Sonra da qayıtmaq gec oldu. Gəldiyim nəticə isə budur: Azərbaycanda küçədə qal, amma gəlib Norveçdə yaşama!
 Sosial şəbəkələrdə reaksiya verənlərə baxıram, rəvayət, hekayət şəklində yazılanları daha çox sevirlər, nəinki qanuni, informasiya xarakterli olanları. Deməli qonşuluğumda bir norveçli ailə yaşayırdı. Kiçik yaşlı iki uşaqları vardı. Ata gündüz, ana xəstəxanada gecə növbəsində işləyirdi. Ana gecəni işləyir, gündüzlər gəlib yatırdı, yazıq uşaqlar demək olar ana üzü görmürdü, ana nəvazişi nə olduğunu bilmirdi. Nə vaxt qadını axşamtərəfi işə gedən görürdüm, gileylənirdi, deyirdi bu çətin işdə işlə, aldığını da götür ver evlər idarəsinə (hələ krediti demirdi). Ev pulu ayda 6-7 min kron gəlirdi. Deyirdim satın- amma axı bu ölkədə ev satmaq da problemdir! Hər adam ev satıb dəyişə bilməz, bunun da izahı üçün gərək bütün məlumatları sizə verim. Ona görə də deyirəm məni başa düşmək üçün bu ölkədə yaşamaq lazımdır… İndi eşidirəm ki, ailə bir-birindən ayrılıb. İkisi də abırlı, çox gözəl insanlardı…
 Norveçdə evlər beton və taxtadan tikilir, amma soyuq olmasın deyə izolyasiya edirlər, kupka-plastik kimi materialı evin hər yanına qoyurlar ki istilik versin, ona görə də evlərdən xoşagəlməz iy gəlir, köhnələndə isə lap çox gəlir... Mən 2008-dən 2014-ə qədər Norveçdə ev hərraclarında oldum, bircə evi də bəyənmədim, söz yox ki əlacsızlıqdan axırı aldım. Minlərlə evdə olmuşam, baxmışam, nə qədər təmiz saxla, yenə iy gəlir. Çoxu da 50-60 ilin evləridir.
 Norveçdə evlər hərraca qoyularaq satılır. Elə ev var 25 milyona ev satılır, amma türməyə oxşayır. Mən bir norveçliyə deyəndə ki yaşadığım ərazidə 2008-dən 2014-ə qədər hərraclarda olmuşam, bircə evi də bəyənməmişəm- gözləri kəlləsinə çıxır, axı o bizim Azərbaycanda, lap elə ucqar kəndlərimizdə camaatın yaşadığı evləri görməyib. Mən ta uşaqlıqdan bu yana vətənimdə elə evlər görmüşəm ki o evləri Norveçdə görmədim! Norveçdə hətta qiyməti on milyonlarla olan evə gedib baxmışam, inanın elə bil həbsxana-təcridxanadır! Ruslar da təsdiqləyirlər ki, bunların evləri Sovet türmələrini xatırladır...
 5 ildə evə verdiyimiz pulu hesablayıram, ən azı 1 milyon kron edir. Kreditə 30 il müddətinə almışıq. Hələ 30 ildir deyə alınan faiz daha çox edir, üstəlik də evi əlində saxlayan firmaya ayda ən azı min dollar gedir (ildən ilə də qiyməti qaldırır). Yəni mən giley edəndə bunları nəzərdə tuturam. Bu ömür-gün deyil, bu yaşayış deyil, bu həyat deyil! Sən işlə ki qazandığını yerli-dibli götürüb bir qurdlu (mən burda bütün evlərə belə deyirəm, əlbəttə ən çox da 50-60 ilin evlərinə) evə verəsən, nədi-nədi bir gecəni orda gecələyəcəksən. İnanın camaat yeməyini də çöldə yeyir, çünki evə yorğun-arğın gəlir; adamın nə yolda alış-veriş eləməyə halı olur, nə də gəlib evdə nazlı-nemətli yemək bişirməyə... Bax bu cəhətdən çox ailələr xoşbəxt deyil, ona görə də ayrılmalar çox olur.
 40-50 ilin evini azı 6-7 milyona satırlar, təxminən 100 kv metr. Ən ucuz ev 3 milyonadır, təxminən 40-50 kv metr, o da təzə yox, 30-40 ilin evi. İldə təxminən 300 000 kron maaşla nə çatacaq? İki nəfərin 100 faiz işi olmasa mümkün deyil vermək!
 Kredit və onun faizini demirəm, təkcə bina evində aldığımız bu ev üçün -işığı, bir çox xidməti bura aid deyil-, torpaq haqqı və bəzi kommunal xidmətlərə görə ayda 7 000 kron (700 yevro) pul ödəyirik. Bu pulu binanı illərdir əlində saxlayan firmaya veririk. Sovet adamları torpaq haqqının nə olduğunu bilməzlər. Torpaq haqqı bilirsiz nə deməkdir? Deməli sənin mənzilin bir binada yerləşir, o bina da müəyyən ərazidə torpaq üstündə tikilib, bu torpaq isə dövlətindir, sadəcə mənzil sənindir. Demək bu torpaq dövlətin olduğu üçün sən onu bir növ dövlətdən kirayələmiş olursan... Bax mən ona görə deyirəm ki, reallığa qalanda norveçlilərin heç birinin öz şəxsi evi yoxdur- ölənə kimi evin ödəmələri onların üstündə yüklüdür. Ömürlərinin son vaxtlarında da heç o evdə ölmürlər, qocalar evinin bir küncündə ölürlər.
 Bu 15 ildə Norveçdə hər gün ən azı 3-4 adamla (bəzən də çox) səmimi söhbətləşmişəm. Hamı kontorda oturmur, hamının işi yüngül deyil. Çoxları gecəni növbə çəkir, əsəbləri pozulur, dükanda hər gün yeşikləri boşaldır, çöldə şaxtada işləyir... hansını deyim… Aylıq bu cür ağır işlərdən aldığını götürüb 6-7 minini firmaya ev üçün verir, hələ kredit və faizini demirəm. Burda qiymətlər yüksək, ödəmələr isə ağırdır. Xəstəliklə çıxmışsa, ona verilən pul azlıq edir, ya boşanmışsa, ev pulunu ödəməyə pulu çatmır- nəticədə bank tutub evi əlindən alır və satdırır. Belə hallar çox olur və kütləvidir.
 Bir azərbaycanlı qadın norveçli kişi ilə evil idi. Kişinin evi yox idi, kirayədə qalırdılar. Qadın ərinə deyir ki, gəl torpaq alıb ev tikək. Yazıq kişi başını bulayır… Qadın bunu mənə danışdı, dedim sən elə bil Azərbaycanda yaşayırsan, burda torpaq alıb ev tikdirən gərək milyarder olsun. 10 il qabaq da maraqlanmışam: bir ev yeri 3 milyondur! Norveçdə də kredit illik ailə büdcəsi ən azı 800 000 min olana verilir. Podvalda yaşayanlar var, bilirsizmi, özü də norveçlilərdən- almaq elə ucuz olsaydı alardılar da!
 Rahatlıq yoxdu burda da, ancaq iş! Mənim öz müqayisələrim var, hər halda Azərbaycan burdan daha yaxşıdı. İllərlə istirahət etmədən işləyənləri tanıyıram. Həm də ki ildə bir həftə istirahətlə nə olasıdı ki? İlin yorğunluğu bir həftəyə çıxmir: o qədər stress, əsəb, gərginlik olur ki! Min zülmlə qazandığın pulsa yenə dövlətə qayıdır, arada canın əldən gedir. Yoldaşım çox ağır işdə işləyir, 8 ildir ki bircə gün də istirahəti yoxdur... İnsan robot deyil!
 Bizim köhnədən qalma Sovet sisteminin qədrini bilməyənlər nankorluq edirlər. Mənim 4 qardaşımın Azərbaycanda kənddə villası var, böyük həyətyanı sahələri var. Bir qəpik də bir yerə vermirlər. İkisinin işi var, ikisinin isə heç ömründə bir yerdə bircə gün də işi olmayıb- heyvandarlıqla, mal-qara ilə, təsərrüfatla ev tikiblər... Hansı ki o evi Norveçdə heç nazir tikə bilmir!
 Hal-hazırda Azərbaycanda insanlar bizdən yaxşı yaşayırlar. Qohumlarımız qız nişanlayıblar, qıza kənd yerində yaşayan oğlan nişan taxıb, işləmir də- 50 min manat qiyməti var o üzüyün... O gün bir norveçli qadın barmağında nazik üzüyü göstərir, deyir üstü gümüş, içi qızıldı, nişan üzüyümdü... Halbuki özü də, əri də uzun illər dövlət işində işləyiblər.
 Azərbaycan hökuməti hələ bunların hiyləsini tam öyrənməyib. Bunu mən həmişə deyirəm. Azərbaycan kəndlərində milyonlarla evlər var. Ev də yox, villalar, hansı ki bir insan bir qəpik də ödəmir dövlətə...
 Amma Avropasayağı təlimat tədricən gəlib Azərbaycana da çıxmaqdadır. Bakıdakı evimizin ev pulu hər il qalxır, -eyni Norveçdəki kimi- əvvəl bir tək ev pulu 15 manat idi, bu il getdim 17 manat olmuşdu və 33 manat suya, 35 manat da işığa aldılar bir ayda. Bəli, indi Azərbaycanda da Avropadakı kimi ev adı ilə əhalini soyurlar. İnteqrasiya olunuruq yavaş-yavaş. İş gedir.
 Mən Norveçdəki evimi satıram. Mənə Norveçdə ev lazım deyil. Başlarına dəysin onların evi də! Müxtəlif müvafiq yerlərə gedib bu barədə dedim, dedim siz insanların cibinə girirsiz ev adı ilə... Susurlar.
 Avropada bir yaxşısı o imiş ki işləmə, sosial yardim al dolan və dövlətin müvəqqəti verdiyi evdə yaşa… Amma sosialla da əcaib kökə qoyublar avam kütləni. Fransada sosial verdikləri gənclərin çoxunu tüfeyli, narkoman ediblər. Sosialla dolanan kəbinli arvad olur, ya da başına bir ip keçirib verir o idarənin əlinə... Mən heç vaxt almamışam, alanlardan da daha nələr eşidirəm... Narkoman ona görə olurlar ki bir çıxış yolu tapmırlar həyatda yaşamağa, narkoman olub həyatı unutmaq istəyirlər. Tam mənasızlığa qərq olurlar. Təsadüfi deyil ki, sosial alanların çoxu şimali Afrikadan gələnlərdir. Normal təhsil yox, öz köklərindən, doğma məkanlarından qopardılmış zavallılar tam başlarını itirib tüfeyliliyə qərq olurlar. Yığışıblar hamısı bir yerə, narkomanın milləti yox ki, olanlar olur...
 Öz ölkələrindəki sosial ədalətsizlikdən qaçıb, daha xoşbəxt həyata qovuşmaq həvəsi ilə Qərbin insan talelərini yemək kimi daha dəhşətli bir maşını ilə üz-üzə qalırlar. İnsan taleləri yeyilir burda.
 Nağıllara inanmayın: Avropadakı həyat heç də asan deyil. Valideyn uşağını saxlaya bilmir, 18 yaşdan ayrılırlar, oxumaq çətin olur, iş tapmaq çətin, ev almaq çətin... Elə bir sosial almaq həyatda yaşamaq deyil ki!
 Dövlət kreditlərlə insanların cibinə girir. Əgər mən bilsəydim kreditsiz ev almaq mümkün deyil, heç vaxt bura ayaq basmazdım. Mənə dedilər işləyirsən, ev alırsan, maşın alırsan… Yalnız bu iki həvəsə gəldim Norveçə və ilişib qaldım. Bəziləri mənə yazır xoşbəxt adamsan ki Norveçdə yaşayırsan- əslində mənə cavab vermək çox çətindir, çünki gərək tam olaraq yaşadıqlarını, mubarizə aparmanı oturub aydınlaşdırasan. Sonrası da hansı bir xoşbəxtlikdir ki, öz övladını başqa millətləşdirirsən; mümkün deyil, burda doğulan, böyüyən, yaşayan, təhsil alan elə yaşadığı ölkənin millətinin biri olur. Bunu norveçlilər də gözəl bilirlər; müəyyən yaşda gələnlərə yad kimi, burda doğulub böyüyən xarici əsilli birinə isə özününkü kimi baxırlar. Bizim millətin numayəndələri adətən iddia etməyə çalışırlar ki, uşağın tərbiyəsində valideyn əsasdir; müəyyən mənada bəlkə də doğrudur, amma mən bunu öz təcrübələrimlə gördüm ki, hər bir kəsin həyatında cəmiyyətin tərbiyəsi birinci yerdədir!
 Norveçdə dədə-babadan qalma evin də sənə heç bir köməyi yoxdur, çünki bunu miras kimi göturmək üçün müəyyən məbləğdə (həddindən artıq çoxdur, 10 il qabaq 60 min yevro idi, indi hər şeyin qiyməti qalxır) dövlətə vergi ödəməlisən. Digər tərəfdən o evlər köhnə olur, 40-50, bəzən 100 ilin evi olur- nə satmaq mümkündür, nə də təmir etmək! Təmir burda bir ev almaq qədər bahadır; yenə özün təmir etsən bir qədər ucuz başa gələr, amma buna da nə hamının bacarığı var, nə də vaxtı. Ümumiyyətlə mən bütün variantları araşdırmışam- bu ölkədə hökumət elə qanunlar qoyur ki, sanki sənin heç evin yoxdur, ömrü boyu kirayədə oturursan... Rosa Barbaris düzgün yazır: “Avropa vətəndaşlarının öz ölkələrində mülkiyyət hüququ xarici vətəndaşın Azərbaycanda mülkiyyət hüquqlarıyla eynidir”. İnanın, cəmiyyəti başa düşən hər kəs bu vəziyyətdən narazıdır, amma hərə bir cür ilişib qalıb, neyləsin! Mən uşağa görə ilişmişəm... Bir də biz başqa cəmiyyət görmüşük deyə bizə belə gəlir, amma burda yaşayanalar bunu dərk etmir! Avropa sistemi- qul sistemidir.
 90 yaşı gələn il tamam olacaq kişi gedib 3 milyon kredit götürdü. Niyə? Ögey övladlarına vermək üçün, evə görə. Çünki arvadı öldü, ögey övladlar kişidən ev istədi. Əlbəttə ki o öləndən sonra bank evi satıb pulu götürəcək, bu dəqiqdi, amma indi pensiyasından az-az verir…
 Norveçdə ailə üçün ən ucuz, ən balaca ev alsan, ən azı ayda onun xərcləri 15-20 min kron (1500-2000 yevro) edəcək. Orta səviyyəli maaş alan birinin aylığı heç bu qədər etmir. Deməli sən qazandığını evə verməlisən! Kirayə də ucuz deyil, eynilə bu qiymətədir. Bəzən podvallar ucuz olur, onlar da darısqal, iyli-qoxuludur. Ən ucuz podval 6-7 min krondan (600-700 yevro) başlayır. Mən ev almamışdan qabaq bu məlumatların birini də bilmirdim, sonra həm oxudum, həm eşitdim, həm də həyatımla yaşadım. Ev məsələsi bu ölkədə insanların canını alır. Ola bilər kimsə dədə-baba evini satıb üstünə azca qoyaraq alır, kiməsə müəyyən miqdarda ata-anası pul yardımı edir. Bu zaman ödəmələr bir qədər az olur. Amma onun da öz qanunları var. Əvvəla öləndən sonra ev uşaqlara qalır, uşaqlar arasında satılaraq pulu bölünür. Çox övladlar səbirsizliklə gözləyirlər ki, ata-ana nə vaxt öləcək və evin pulunu ələ keçirəcəklər.
 Ev kirayələmək istəsən də o dəqiqə götürə bilməzsən. Əvvəlcədən lazımi sövdələşmələr aparmaq lazımdır. Həm də nadir hallarda evi əlində qalan adam tapılır- hec krediti ölüncə verib qurtara bilir ki?! Kredit ömrü boyu uzanır, çünki gah maşın alır, gah mətbəx təmir edir, gah da hamam. Bu da çox ağır xərclərdir; qonşum bir hamamın təmiri üçün 30 min dollar götürdü.
 Bir tanışımız deyir axşamlar evdə işıq yandırmıram- pul çatdırmıram ödəyim. Digəri mənə zəng edib deyir ayda ən azı 2000 kron (200 yevro) işığa pul gedir, nə edim?..
 Norveçdə heç bir gözəllik yoxdur. Təkcə təbiəti gözəldirl, -mən bunu həmişə deyirəm-, amma ondan da istifadə etmək olmur. Mən çox haqsızlıq görmüşəm bu millətdən, mən belə bilmirdim, elə bilirdim haqsızlıq, ədalətsizlik ancaq bizim millətdədir, bura əsl cənnətdir (necə ki indi bizimkilərin çoxu belə baxır). Amma sən demə bura insanın qanını soran, enerjisini son anına qədər alan bir yermiş. Təsəvvür edirsiz, biz ayda 7 min kron ev ödəməsi veririk- bu hələ kommunal xərclərdən, kredit və onun faizindən əlavədir. Hesablamışam, ayda 20 min ev üçün gedir. Sən normal yemə, içmə, geymə, istədiyini alma, qazandığını ödə bunlara! Lənət olsun bunların quruluşuna! Özlərinə də deyirəm; sizin çox səhv sisteminiz var!
 Bizimkilər velosipeddən çox yazır, deyirlər Avropada velosiped sürürlər, ay idmandı, ay sağlamlıqdı... Amma mən statuslarımda izah etməyə çalışıram ki, tərifli Avropada camaat kefindən yox, əlacsızlıqdan işə velosiped sürür, yəni qənaət etmək üçün. Yoxsa idman edirsə gedib boş vaxtlarında, hava yaxşı olanda yarım saat sürsün də... Nazir velosiped sürür- məsələ idman deyil, bəli, qənaətdi! Kim deyirsə bu idmandır, tam səhv edir! Yüzlərlə velosiped sürənlərlə danışıqda olmuşam...
 Bir tanış qadın yoldan zəng eləyib mənə, az qalır ağlaya, deyir ki əlcək geyməyimə baxmayaraq əllərim donub. Necə donub? Deməli illərdir Norveçdə oturum gözləyən ali təhsilli xarici qadını indi kursa göndərirlər (çoxdan tanıyıram). Evindən ən azı 20 dəqiqəlik velosiped sürməlidir qatar dayanacağına, qatarla 45 dəqiqə yol getməlidir, qatardan düşəndən sonra da 15 dəqiqəlik məktəb yolu getməlidir, geri qayıdanda da həmin vəziyyət! Səhər 7-yə 15 dəqiqə qalmış evdən çıxan bu uşaqlı qadın evə ən tezi axşamçağı 5-6-da gəlib çıxır... Mənə velosiped sürə-sürə zəng edib ağlayır, qulaqcıqla, inanın ki ağlayır, yenə az qalmışdı aşsın, çünki gözü zəif görur. Düz 3 ildən çoxdu eynəyini itirib, yenisini almaq lazımdır. Deyir getdim dükana, dedi bir göz üçün 4 min kron (yəni 400 yevro), ikisi də 8 min kron edir! İşi yox, qazancı yox, 8 mini hardan tapıb eynəyə versin? İkinci səbəb odur ki stresdədir, evdə uşağı var, evə tez çatmaq, yemək bişirmək istəyir. Digər səbəb isə havanın qara olmasıdır, qış vaxtı Norveçdə hava gündüz saat 3-də qaralır. Daha bir səbəb: Həmin gün elə külək əsirdi ki qapını açıb çölə çıxa bilmirdin, az qalırdı adamı apara... Danışdığı yerdə qışqırdı, vaay, yıxıldım, dedi başıma bir iş gəlsə tez təcili yardıma zəng et; o elə yerlərdən keçir ki çöllük, meşəlikdir, bir insan ordan keçmir. Qatar stansiyası ilə onun evinin arası meşəlikdən keçir, məcburdur ən azı 20 dəqiqə velosiped surur bir yola... Sonra desinlər ki Avropada kefdədirlər, ya da velosipedi sağlamlığa, mədəniyyətə görə sürürlər...
 Bu qadının zənglər etməsi mənə çox pis təsir edir. Az qala hər gün zəng edib bu sözu deyir mənə, ağlayır hətta, gözum kordu deyir, görmürəm. Sosial yardım yerləri yoxdu burda, bircə işsizlər idarəsi var, o da əri işləyir deyə kömək etmirlər...
 Statusumda yazıram ki, bu ölkədə nazir yolpuluna qənaət etmək üçün velosiped sürür, biri yazıb ki bu qənaət yox, mədəniyyətdir. Budurmu mədəniyyət? Bu insanı yıxıb sürüməkdir! Qarda, yağışda, küləkdə, şaxtada velosiped sürənləri çox görmüşəm, burunlarından su sel kimi axır...
 Soyuldum uşağa eynək və linza almaqdan. Satış saytlarında hiylələr çoxdur, adi çərçivənin qiymətini yazırlar, elə bilirsən eynəkdi, amma gedirsən, şüşənin birini sənə ən azı 500 yevroya deyirlər bir göz üçün. Bu ölkədə az qalırlar mısmarın da qiymətini ayrı yazsınlar!
 Axı mən neyləyim ki, insanların çoxu savadlı və məlumatlı deyil, bu də mənə əziyyət verir. Yazırsan ki, görmə eynəkləri Norveçdə çox bahadır, bəziləri kor kimi gəzsə də ala bilmir, biri cavabında yazır ki orda 5 yevrodan eynəklər başlayır. Bəli var, amma bu görmə eynəyi sayılmaz, bu mənim kimi yaşlı və gözü zəifləyən adam üçün ola bilər, o da Çin malıdır deyə bu qiymətə. Amma gözündə müəyyən yaşlarda problem olan üçün görmə eynəkləri həddən artıq bahadır, hələ onun konsultasiyaları da var. Qaldı deyərsiz sığorta-filan, mən görmədim, 15 ildə nə özümə, nə uşağıma bir yerdən bir kron kömək edildiyini, ya pulsuz tibbi kömək olunduğunu görmədim! Bu 15 ildə olmayıb ki mən özümə, ya da uşağa görə hardasa ödəmə etməmiş keçim. Səhiyyədə bir dövlət ödəməsi var, bir də müştəri ödəməsi. Qiymət də ki həddən artıq yüksəkdir; bir həkim qəbulu 600-700 kron, yəni 70 yevro, o da ki sənin daimi həkimin, yəni mütəxəssis deyil, bir xəstəliyin olsa, hələ o da mütəxəssis yanına göndərir, bu da bir ödəmə! Belə bir “humanist” qanun da var: əgər il ərzində 2 000 kron, yəni 200 yevro ödəyirsənsə (dərman, müalicə üçün yox, həkimə), sonra frikart alırsan, həmin il ödəmə etmirsən, təzə ildən isə bu yenidən başlayır. Almaniyada son 4-5 ilə qədər həkimə nağd 10 yevro ödəməliydin, qalanını sığorta ödəyirdi, amma indi onu da aradan qaldırdılar. İşləyən adam sığortaya çox pul ödəyir- ayda 154 yevro. Həddən artıq çox puldur. Ayda 154 yevro ödəyir, amma bəlkə o adam heç ildə bir dəfə həkimə getmədi?.. Bir sözlə, camaatın cibinə girirlər.
 Sosial şəbəkədə yazdım ki, 2 dişin müalicəsinə 15 000 kron (1 500 yevro) vermişəm, heç kəs inanmadı. Dünən kolleqam deyir ki, 25 000 kron (2 500 yevro) diş həkiminə verəcəm. Kredit götürüb bununçün, ayda az-az verəcək... Sizlər ev almağa, toy etməyə, cehiz verməyə kredit götürürsünüz, avropalılar diş müalicəsinə! Hansı yüksək cəmiyyətdən danışırlar, bilmirəm... Norveçlilərin aldıqları belə məsələlərə gedir; kreditlər, ev üçün ödəmələr, yol pulu, maşın sürmək üçün, diş müalicəsi. Bizdə də tədricən belə olacaq; hələ Avropaya tam inteqrasiya olunmamışıq...
 Tibbi sığorta yoxdu burda. Təkcə həkimə dərdini söyləmək 1000 krondu. Diş həkiminə özün yerindəcə ödəyirsən. 15 ildir burdayam, hər zaman həkimə ödəmə etmişəm, hamıdan da eşidirəm ki, ödəmə edirlər. Heç adam var həkimə ödəmə dərdindən ağrısı da olsa getmir.
 Dediyim kimi, 15 000 kron (1 500 yevro) 2 dişin ətinin müalicəsinə verdim, o da heç bilmədim həkim bunu mənə yalan dedi, ya doğru ki sənin dişinin mualicəsinə spesialist lazımdır (burda da qazanmaq istəyirlər). Çünki sonrakı görüşlərdən hiss etdim ki, məqsədi qazanmaqdır, daimi həkimim ona işləyir, yəqin prosent də alır... Müalicə edəndən sonra deyir ki qarantiya vermirəm ömürlük gedəcək, müvəqqəti də üstünə bir şey qoydu, dedi get əvvəlki həkiminə, dişinin üstünə qapaq qoysun, o qoyduğu isə bir ay çəkmədi duşdu... Gördüyü işin məğzi bu imiş. Bu əti müalicə edib dişə müvəqqəti qapaq keçirməli imiş, əsl- birinci həkimim də onu götürüb daimi qapaq qoymalı imiş... Yəni bu diş mənə 4-5 min dollara başa gələcəkmiş! Elə də qalır hələ. Görüm Azərbaycana gedincə dözürəm?..
 Bəli, sonra desinlər ki Norveçdə problem yoxdu, millət xoşbəxt yaşayır- burda millətin o qədər sıxıntılari var ki! Amma di gəl ki demək, danışmaq guya neqativlik sayılır bunlarda... Dünən birini görürəm, qabaq dişi gah qabağa gəlir, gah dala, deyir daha yemək yeyə bilmirəm, deyirəm get həkimə, deyir necə gedim, axı pulum yoxdu...
 Norveçdə tibb pulsuzdur deyən bunu nə ilə iddia edir, bilmirəm. 15 ildir burda yaşayıram, yaşadığım illər ərzində demək olar ən azı ildə 3-4 dəfə həkimdə olmuşam, bəzən hər ay oluram- bütün həkim görüşmələrində və müayinələrdə hələ bir dəfə olmayıb ki mən ödəniş etməyim! Uşaqlar, bəli, pulsuzdur, 16 yaşına qədər, amma dava-dərman yox ki! Hamilə qadınlar da pulsuzdur, qocaları bilmirəm sözün düzü hansı situasiyada... Bir tanış qadın bir neçə dəfə mənə ağlaya-ağlaya deyib ki, ginekoloji problemim var, həkimə gedə bilmirəm, soruşuram niyə, deyir əvvəlla gərək daimi həkimimə gedim ki məni ginekoloq üstünə göndərsin və ona ödəniş edim, sonra ginekoloq ən azı 100 dollar istəyəcək, sonra isə dava-dərman... Bu həddindən artıq deməkdi. Əlbəttə ailədə 2 nəfər işləyirsə asan problemdi, amma tək yaşayan çatdıra bilmir. İndi nə vaxt pulu olar, onda gədər. Çox adam xarici ölkələrə səfərə çıxanda orda ginekoloqa gedir. Gündə 2-3 adamı dişinin ağrısından gileylənən görürəm, gedə bilmirlər diş həkiminə. Biri özüm; dişim oyuq, Azərbaycana getməyimi gözləyirəm...
 Oturub günlərlə danışa bilərəm, bunlar o qədər savadsız, bacarıqsızdılar ki! Daha bilmirəm necə izah edim. Bir kiçik dişimi çıxarmalı idi, nə qədər əlləşdi çıxara bilmədi, özü də kişi, axırı əngi əməliyyat edib dişi kötüyündən çıxardı. Yoldaşım ona baxmışdı, ürəyi getmişdi. Düz 10 gün ağır vəziyyətdə yatdım, öldüm o dünyadan qayıtdım... Sadəcə bunların aparatları yaxşıdı və məhsulları keyfiyyətlidi.
 Hər yerdə total soyğunçuluq gedir, amma qanuni şəkildə. Həkimə keçən həftə getmişəm, eyni şeydən, indi qız zəng edib deyir yenə gəl, heç bir səbəbsiz, deyirəm axı heç nə dəyişməyib, əvvəl hansı problem idi indi də odu, keçən həftə oldum da həkim qəbulunda, cavab verir nə bilim, həkim deyir gəlsin... Getdim heç nə yox, nə müalicə yazır, nə məsləhət verir, deyir gəl səni göndərim spesialist yanına- keçən dəfə də bunu demişdi!
 O da yalandır ki, guya Avropada tibb işsizə pulsuzdur. Qəti bu barədə düşünməyin!
 Azərbaycanda eşidirsən ki, biri gedib 20 min verib operasiya elətdirir. Sıravi bir adam, hətta işsiz-gücsüz. Lap tutaq ki işləmir, qohum-əqrəbası yığışıb kömək edir. Belələri on minlərlədir. Amma Norveçdə heç kim gedib 20 min verib operasiya elətdirə bilməz, bəlkə milyonerlər var edər, onu demirəm. O tərifli Norveçlə müqayisədə Azərbaycanda yüksək həyat tərzi var, mən bunu deyirəm və yenə deyəcəm! Azərbaycan Afrika deyil- hətta afrikalılar da Norveçi bəyənmir! 
 Norveçdə çoxdan Afrika vəziyyəti gedir. Bizim insanların bura haqda zərrə qədər də informasiyası yoxdur- lap belə aliminin də, professorunun da! Bir norveçli kişi ilə danışıram, deyir ki sən dönmürsən geri? Soruşuram niyə elə düşünürsən, deyir görürəm də, xaricilərin çoxu öz ölkəsinə geri dönur. Statistikanı araşdıran biri də mənə dedi ki, artıq gedənlərlə gələnlərin sayı bərabərdir…
 Bir əfqanıstanlı qadınla danışıram. Heç 50 yaşı yoxdur, baxıram gözü-başı şişib, halını soruşuram, deyir şəkərim var. Xəbər alıram ki, pensiyaya çıxmısan, deyir yox, vermirlər. Soruşuram ki bəs necə yaşayırsan, həm də xəstə halınla, deyir ki ərim işləyir deyə dövlət mənə heç bir kömək etmir, yalnız dərmanlarıma kömək var... İnsanın sosial müdafiəsi məsələsi burda ən azı 10 il qabaqda olub, 10 ildir ki bütün bu güzəştlərini də aradan götürüblər.
 Gələn ildən Norveçdə uşaqlara verilən pul da kəsiləcək. Bunun müzakirəsi çoxdan gedir; bəzi siyasətçilər təklif edir ki, uşaq bağçalarında yer pulsuz olsun, əvəzində uşaq pulu yığışdırılsın… Onu da deyim ki, yazıq uşağı olanlar bağçaya ayda 400 yevro ödəyirlər. Hələ orta məktəbin 4 sinfində də günüuzadılmış qrupa bu qədər verirlər.
 Camaatın başını elə aldadırlar ki! Ümumiyyətlə buralarda qanuna hər cür don geydirirlər. Norveçin siyasətçiləri ilə çox maraqlanıram, bəzən oturub parlamentdə gedən iclaslara baxıram; heç nə etmirlər, oturublar orda, qanunlar əvvəldən yazılıb qoyulub, bunlar da hərdənbir hansısa qanunda kiçik bir dəyişiklik edirlər ki, yəni biz də işləyirik! Maaşları da yüksək, yəqin hansısa güzəştləri də var.
 Məndən çox soruşurlar ki, heç oranın müsbət cəhəti yoxdur? Vallah yoxdur; mən görmədim, ictimai mühiti, qanunları anlayan adam üçün burda müsbət olan nəsə yoxdu, sadəcə hər kəs bir cür ilişib qalıb...
 Mən bir norveçlidən sizcə nə öyrənim, özünüz deyin, mən bunlardan nə öyrənə bilərəm?.. Nə qədər düşünürəm, bir yerə çıxara bilmirəm ki, mən bunlardan nə öyrəndim və nə öyrənə bilərəm. Mən başqalarının yolunu getmədim, mən oxumaq, işləmək, ev almaq, özümü təmin etmək istədim. Amma çox çətindir, çox.. Əlbəttə, dövlət soymasa...
 Bura gəlmək istəyənləri başa düşmürəm; Norveç kimi bahalı ölkədə ayda 600 yevro alan özünə nə gün ağlayacaq?.. Mən içimdəki arzularımla, cəmiyyəti hansı tərzdə görməyimlə müqayisə edirəm. Yazıq millət bankdan kredit götürüb ev almaq üçün dəridən-qabıqdan çıxır... Ən ucqar yerdə zirzəmini belə 800-1000 yevroya verirlər, hələ utanmaz-utanmaz ev satış reklamında yazırlar ki, evin zirzəmisi var, azı 800 yevroya kirayə vermək olar... Belə çıxır ki, Norveçdə hamı çarəsiz, hamı kasıbdır, çünki bu ölkədə nazir belə kreditsiz ev ala bilmir, 18 yaşdan yuxarı bir adam tapmazsan ki onun kredit borcu olmasın! Əsl Apokalipsisdir! Hələ kreditə nifrət edən mənəm, mənim 2 milyona yaxın kredit borcum var... Xərclər ağırdır, camaat kreditlə yaşayır. Kredit insanları soymaqdır. Mən 3 kredit üçün ayda ən azı 2 min yevro verirəm. Bəs elə bilirsiz qənaət etməsən, açıb başını xərcləsən bunu vermək olar?! Adi bir kurtka 500-600 yevrodur. Uzun məsələlərdir; yaşamayan bilməz!
 Dediyim kimi, Norveçdə 18 yaşdan yuxarı hamının krediti var. Banklar tərəfindən o qədər də yüksək olmayan (məsələn, 50 min kron) məbləğdə kredit kartı verilir. Çox adam bundan xarici ölkələrə səyahətə bilet alarkən istifadə edir; 40 gün ərzində geri verirsə, faiz tutulmur, çox vaxt keçirsə faizini ödəməlidir. İndi isə qərar çıxıb ki, həmin kredit kartı kimdə varsa, istifadə etsə də, etməsə də sahibindən faiz tutulacaq! Budur hökumətin insanlara verdiyi dəyər! Hər addımda sıxır, hər addımda istifadə edir, hər addımda soyur! Kim bu ölkənin siyasətini başa düşürsə, onunçün burda yaşamaq çətin olur.
 Yazıram ki, qoy hamı həqiqəti bilsin. Niyə camaata yalan təbliğat ötürürlər? Nə qədər insanlarla ünsiyyətdə olmuşam. Çoxu podvalda qalırlar, hava yox, üfunət, iyrənc… İnanın ki, onların içində norveçlilər də vardır və çoxdur. Mən burda təkcə öz həyatımdan yazmıram, ümumən millətin yaşayışını görürəm. Həmin birotaqlı podval ən azı min yevroya kirayəyə verilir.
 Onu da qeyd edim ki, Yeni il və ya başqa bayramları xaricdə- Avropada, Amerikada keçirənləri başa düşmürəm. Nə zövq alırlar bundan, bilmirəm. Burda hərə çəkilir öz bucağına, evində hinduşkasını yeyir. Bizdəki kimi təmtəraqlı Yeni il gecələri, cürbəcür tədbirlər keçirənlər yoxdur. Əgər bir restorana getməkdirsə, onu orada gedin də; yeməyi də gözəl, servisi də yüksək…
 Musiqi, incəsənət?!.. Konservatoriyanı qurtaran, 20 il musiqi məktəbində dərs deyən müəllimə var, 9 ildir burda yaşayır, özü də bəzi yerlərə gedib pulsuz çalır- onu bir adam bir yerə dəvət eləmir ki gəl çal 3-dən, 5-dən verək. Ya çaldığı yerlərdə bir qəpik də vermirlər, işə götürməkləri başlarına dəysin! 2 ər-arvad musiqiçi də vardı, yazıqlar süründülər, süründülər, axırda ayrıldılar da…
 Norveç öz səfirliyini Azərbaycanda bağlayıb. Çoxları bu fikirdədir ki, Norveç ona görə bu addımı atıb ki, o demokratik dəyərləri üstün tutur, yəni onun Azərbaycanda iqtisadi maraqları olsa da Azərbaycanda demokratiyanın olmadığını, korrupsiyanın hökm sürdüyünü görüb bu addımı atdı. Amma mən 15 illik təcrubəmdən bilirəm ki, norveçliləri, eyni zamanda Norveç hökumətini iqtisadiyyatdan başqa heç nə maraqlandırmır. Mən norveçlilərin xüsusiyyətini əlimin içi kimi bilirəm; bunlar xeyir gələn yerə üz çevirməzlər, qəpiklərini hesablayan xalqdı. Azərbaycanda öz səfirlliklərini bağlamaqla Statoili də geri çəkdilər. Statoil bir tək orda bağlanmadı, Norveçdə neftlə bağlı nə qədər şirkətlər işini dayandırdı. Elə şirkət oldu ki, 900 işçisi çöldə qaldı. Əslində Norveç kiçik bir ölkədir, bunu norveçlilərlə danışanda da hər vaxt vurğulayırlar, yəni beynəlxalq münasibətlərdən söz düşəndə deyirlər ki biz kiçik bir ölkəyik, nə edə bilərik ki... Neft bunları dünyaya tanıtmışdı, bununla az sayda vətəndaşı saxlamaq çətin deyildi. İndi isə bu ölkə dərin böhran içindədir- kiminlə danışırsan, bunu deyir.
 Norveçlilər xaricilərə ona görə əsəbidirlər ki, hökumət işləyən vətəndaşından alır işləməyən xaricilərə verir. 20 il təhsil alan, neçə diplomu, iş stajı olan norveçli ayda heç 35-40 min kron almır, olsa-olsa belə maaşı idarə müdirləri alır. Amma o gün birinə rast gəlmişəm, özünü xəstəliyə vuraraq (bəziləri dəliliyə vurur, başı işləmədiyini göstərir, ya da bəhanə edir ki dil öyrənə bilmirəm və s.) vaxtından qabaq təqaüdə çıxıb, deyir ki ayda 35 000 kron (3 500 yevro) alıram… Belə hallar çoxdur. Mən illərlə oxudum ki bu məbləğin yarısını ala bilim, ala bilmədim. Bax budur haqsızlıq! Məhz elə buna görə sizə nə qədər desək ki, Avropada həyat çətindir, çoxlarınız inanmır. Çünki… bir qaçqın bir vətəndaşdan yaxşı dolanır!
 Norveçdə çox haqsızlıq var. Eşitdiyim bir faktla izah edim. Cavan bir türk qadını ilə danışıram. Heç 30 yaşı olmaz, işləmir, amma (hələ özünün dediyinə görə, çünki burda hamı aldığını gizlədir) dövlətdən ayda 30 000 kron (3 000 yevro) alır. Necə alır? Guya xəstədir. Soruşuram xəstəliyin nədir, normal bir söz demədi, dedi halım yoxdur, çox gedə bilmirəm. Halın yoxdur bəs iki uşağı necə doğmusan, indi də saxlayırsan, evini idarə edirsən hər halda (Norveçdə kolyaskada oturanlar belə işləyir, neçəsini görmuşəm iş yerlərində- ayaqları işləmir, başı ki işləyir). Hələ qadının sonrakı sözlərindən şok oldum. Əri işləyir, yəqin o da ayda 30 min alır, böyük evi var, evinin zirzəmisini baha qiymətə kirayə verib (bəlkə də norveçli qalır), şəhərin mərkəzidir deyə bahadır… Hələ nə dedi bilirsiz? Deyir ki başqa ölkədən uşaq götürüb evində saxlayırsan, hökumət buna görə sənə pul verir (bu məbləğ də çoxdur, eşitmişəm tanışlardan). Deməli məqsədi var uşaq götürüb (bu uşaq hər yaşda ola bilər, lap 17 yaşlı da, oxumaq üçün gəlirlər bura) saxlasın pul üçün... Demək ki oxumaq lazım deyil, hər cür hiylə keçir bu ölkədə; mənsə 10 il orta, 5 il ali məktəb Azərbaycanda oxudum, burda oxuduqlarımı isə saymayım, çünki hələ də oxuyuram- təkcə dil öyrənmə demirəm, dili il yarıma bitirdim… Demək bu ailənin gəliri ayda 100 000-ə gedib çıxır- daha belələri dünyaya yayacaq da Norveçdə kefdir! Gedib 3 ayı da Türkiyədə qalır, nazirin yaşayışını yaşayır! İnanın 20 il oxuyan bir norveçli heç ayda 30 min maaş almır, yəni çoxu belədi, nadir hallarda kimsə 30 mindən yuxarı maaş alır...
 İş üçün başqa ölkələrə üz tutmaq istəyənlər üçün bir məsələni qeyd edim. Sənin öz ölkəndə tarixi, lap elə hüququ qurtarmağın başqa bir ölkənin nəyinə lazımdır, sən onlarçün əhəmiyyətli deyilsən, ta ki onların təhsilini almayınca. Bu ölkələrdə daha çox sənətkar işi keçir- dülgər, elektrik, bənna, santexnik, saç ustası, aşbaz… Bunu Avropada yaşayan digərlərindən də soruşun, deyəcəklər. Onlara praktiki iş görən lazımdı, gəlib onların siyasətini dəyişməcəksən ki!
 Skandinaviya ölkələrində işləyəsi obyekt ancaq xaşxana, qutabxana ola bilər. Onlar bahalı şey almaz; bir dilim çörək və pendir- yedikləri budur. Mən işə yaxşı yemək aparırdım- qınaq obyekti oldum; çəpəki baxırdılar, söz atırdılar. Yəni də bunlar baxır, pis çıxır- gərək yediyin də eyni olsun, hələ geyim bir yana!
 Bir norveçli ağır işdən evə gəlib sup bişirir, içinə də bir gilə sosiskanı doğrayıb töküb yeyir. Bir sosiska ki onun kilosu heç 1 yevro da deyil! Ətin kilosu 40 yevro olan ölkədə normal ətdən sosiska düzəldib kilosunu 1 yevroya satarlar sizcə?! Sosiska heç vaxt ətdən ucuz ola bilməz, firmalar ağılsız deyil qazanmaya. Norveçlilər heç də siz fikirləşdiyiniz kimi yağ-bal içində üzmürlər. Çoxusu iki yerdə işləyir ki, çatdıra bilsinlər. Hər şeyi yaza bilmirəm. Çox yerdə görürsən ki, zibil qutularında eşələnirlər, satmağa butulka yığırlar. Çoxu cüzi masala işlədiyinə görə çatdıra bilmir, ona görə də butulka yığmaqla dolanır. Real mənzərə belədir. Bəs bu ölkələri niyə bizə rifahı güclü ölkələr kimi təqdim edirlər? Bu ölkələrdə adam sayı azdır, amma yüksək qazananlar da çoxdur, biznesi olan varlılar da vardır ki, onların qazancını toplayıb camaatla bölürlər- adını da qoyurlar adam başına düşən gəlir!
 Mən Norveçdə yaşayıb gördüyüm faktları yazıram, amma ümumilikdə bütün Avropada vəziyyət eynidir; qanunlar eyni, yaşam tərzi də uyğun. Çünki əsrlər boyu bir-birlərinə baxıb götürüblər.
 Rosa Barbaris adlı facebook dostum görün nə yazır: “Azərbaycanda bir firmada işləyən ingilis gəncləri evləriylə danışanda “Burda hamının dostu var, hamının ailəsi var, burda insanlar çox xoşbəxtdi, heç kəs tək deyil” sözlərini böyük heyrət və qısqanclıqla deyirlərmiş... Və təbii ki geri qayıtmaq istəmədiklərini də dilə gətiriblər”.
 Doğrudur. Norveçlilər bizə deyirlər elə ölkədən niyə köc etmisiz, Norveçdə yaşamağımıza təəccüb edirlər. Onlar üçün yalnız afrikalılar belə edir.
 Kanadadan bir dostum da mənə məktub yazıb. Sevinirəm ki hardasa adamı başa düşən var, çünki gəlib buralarda bir az pul görənlər heç də ictimai-siyasi mühit haqqında səlis düşünüb nəticə çıxara bilmir. O yazır: “Salam. Sizin Norveçlə bağlı statuslarınız qarşıma gəldi. Mən də Kanadada yaşayıram, dedikləriniz sanki Kanadaya aiddir. Burda da sistem tamamilə eynidir. İnsanlara azadlıq vəd edib min oyunlarla onların azadlıqlarını qanun çərçivəsində əllərindən alırlar. 60-70 il əvvəl qul dövrü mövcud idi, indi deyirlər yoxdur, ancaq var. Və siz yazdıqlarınız bu yeni qul sisteminin əsl üzünü ortaya qoyur! Mənim də belə bir fikirim vardı insanları doğru məlumatlandırım, lakin gördüm adamlar dediklərimə inanmaq istəmirlər, mən də başını buraxdım, sonra deməsinlər gedib bəyənmir az tv və s.)) Nə isə, işinizdə uğurlar və yazmaya devam…”
 Onu da deyim ki, qonşu İsveçin də iqtisadiyyatı aşağı gedir. Bunu mən demirəm, faktlar deyir, ötən kvartalda 0,2 faiz azalma olub. İsveçdən nə qədər yerli isveçli Norveçə iş tapmağa gəlir, özü də dükan və kafelərdə...
 “İkea” dünyada böyük mebel satışı mərkəzidir. Onun qurucusu dünyada 4-cü varlı adam hesab olunurdu (bu ilin əvvəli öldü). İsveçdə doğulub, biznesə 5 yaşı olarkən kibrit satışından başlayıb. Amma biznesini genişləndirəndə vergilərin yüksəkliyi üzündən ölkəni tərk edib, işini Polşa və başqa ölkələrdə davam etdirib. Bu səhv etmirəmsə hələ 40-50 il qabaq olub- görün indi vəziyyət necədir! Vergi göyün üzündədir! Kim yüksək vergi ilə iş qurar və bir qarın çörək üçün dövlətə işləyər? Onun üçün də iş qurmaq bacarığı olanların hamısı Tailanda, Çinə, Vyetnama, Türkiyəyə üz tutur, hətta norveçlilər Azərbaycanı da məndən soruşurlar... Yoldaşım işlədiyi yerdə 45 faiz vergi ödəyir.
 Norveç hələ buranın varlı ölkəsidir, amma sahibkarları belə dindirirsən- ağlayırlar, heç yer pulunu güclə çatdırırlar. Dediyim kimi, Norveçdə ən çox iş yerləri dükanlardır, amma bu sahədə də son illərdə elə bil inqilab, çevriliş baş verir. 15 il əvvəl ilk gəlişimdə gördüyüm yerlərin çoxu qapandı, bəziləri adını və yerini dəyişib təzədən yaşamağa cəhd etdi ki, bəlkə bu yolla müştəriləri cəlb edə bilələr… O gün bu ayın sonu bağlanacaq bir dükanın şefi ilə danışıram, deyir bu dükan 1972-ci ildən prestijni olub, hamı lazım olanı burdan alıb, indi nə oldu… Sonra işini itirməyə təəssüf etdi, dedi indi mən bu yaşda nə edim, hara gedim, yeganə yol təqaüdə çıxmağımdır (o da baxıram ürəyindən deyil əlbəttə)... Bu ölkədə hamı bacardıqca, sağlamlığı imkan verincə, son ana kimi, ayağı yer tutunca işləmək istəyir, çünki bunun həm maddi, həm də mənəvi tərəfi var. Maddi tərəfi odur ki təqaüd götürsən işlədiyinin 60 faizini alırsan, mənəvi tərəfi də odur ki bu ölkədə hamı demək olar təkdir- baş qarışdırmağa, vaxt keçirməyə məşğuliyyət lazımdır. Ona görə də çox adam təqaüddən sonra könüllü işlərə gedir.
 Məşhur mağazalar şəbəkəsinin biri də bağlanır, 14 ildi fəaliyyətdəydi, Norveçdə 41 dükanı vardı. Keçən il təxminən yarısı konkursdan keçmədi, bağlandı, indi isə tam sonu gəlir, hamısı yığışdırılacaq.
 Bizdə olan qanunsuz rüşvətin Avropada başqa formaları var: tam qanuni!.. Axı nə bilirsiz, burda az qalıb hava da pulla olsun. Hər qəsəbədən qəsəbəyə maşın sürməyə görə də yol haqqı istəyirlər, evin damından yağış suyu küçəyə axır, ona da ödəmə istəyirlər. Burda yaşayan gənclər deyir ki, qanunlar, cərimələr bizi təngə gətirib. Nə etsən, ayağını hara əysən cərimədir. Deyirlər günümüz cərimə ödəməklə keçir. Nə qədər ödəmə olar, insan daha cana yığılıb, sel kimi axır üstünə hər gün. Siz kinayə edin, vallah elədir, hətta yer gəzirlər, neçəsini tanıyıram, maraqlanır Azərbaycanla, ya Türkiyə ilə ki birdəfəlik köcüb gedə, amma hələlik İspaniyaya köçənlər çoxdur. Burda bir azərbaycanlı yaşayır 9 ildir, deyir Norveçi ancaq Afrika ilə müqayisə etmək olar, Azərbaycanla yox!
 Avropa ölkələrindən yalan məlumat verməyin! Qanunları bilirsiz o başqa məsələ, qanunları bilmirsizsə ağızdan eşidilən sözlə insanları çaşdırmayın. Allah o adamın bəlasını versin ki vicdanı qarşısında yalan danşır!
 Hamı elə bilir Avropada qu tükünün üstündə yatırsan, huri-mələklər də qarşında. Amma mən bir tək özümdən danışmıram- burada insanların nə əziyyətlər çəkdiyinin şahidiyəm. Heç tükdən yastıq da yoxdu bir kəsdə...
 Məni yazdıqlarımda qınayanlar, diqqətlə oxuyun... Hər səhər gördüyüm mənzərəni sizə deyim. Hər gün əlində bir aparat kiminsə maşın dayanacaqlarında gəzdiyini, maşınları kontrol elədiyini görürəm. Norveçdə maşın dayanacaqları üçün o qədər sərt qanunlar var ki! Axı dayanacaqlarda bunlar nə iş görüb, hansı xərc qoyub; bircə xətt çəkiblər rənglə, vəssalam- axı buna görə camaat niyə stress yaşamalı, niyə cərimə verməlidir? Sürücülər, maşınla işə gedənlər bundan o qədər əziyyət çəkirlər ki! Sən harda istədin maşın saxlaya bilməzsən. Cəriməsi çox yüksəkdir. Axı bunlar yol üçün pul da alırlar, üstəlik keçən aydan həmin pulu artırdılar da, hələ hər qəsəbədə xüsusi aparat qoydular ki, maşın sürənlərdən hər qəsəbəni keçəndə pul alsinlar. İnsanları bu qədər sümürmək olmaz, nədi-nədi yüksək maaş verir başqa ölkələrə nisbətən... Yaxşı, uşaq bağçası pullu (ayda bir uşağa 400 yevro), məktəb pullu (1-4 siniflər üçün günüuzadılmış, ayda 400 yevro), tibb pullu, ictimai nəqliyyat ucuz deyil, gündən-günə də qalxır, maaşla ev ala bilməzsən, heç kredit götürmək də mümkün deyil, əgər sənin maaşın yüksək deyilsə və alacağın evin qiymətinin 15 faizi əlində yoxsa, yəni özünün kapitalın yoxsa (3 milyonluq ev alsan, ən azı əlində nağd 450 min kronun olmalıdır, yəni 50 min yevro- 3 milyondan da ucuz bu ölkədə ev yoxdur!) heç bir bank sənə kredit vermir... Hansını deyim, o qədər sıxıntı var ki bu ölkədə!
 3-4 min yevro maaş yazırsan, iqtisadiyyatı, başqa ölkələrin yaşam tərzini zəif bilənlərin gözü kəlləsinə çıxır, çünki bu məbləği Azərbaycan həyatı ilə müqayisə edib şöka düşürlər. Mən hələ də 15 il keçməsinə baxmayaraq burada bir şey alanda o dəqiqə onun Azərbaycandakı qiymətini fikirləşirəm. Göyərtinin dəstəsi 2 yevro, kilosu 20 yevro, 250 qram ispanaq 3,6 yevro... hansını deyim. Mən burda heç vaxt gilas almamışam, bircə dəfə olub illər öncə, o da endirimdə olduğundan yarım kılo aldım- təzə çıxanda 25 yevro olur! İndi bunu da yazacam, heç kim inanmayacaq. Açıq satışda, yəni çöldə, havada, deyək ki bazar kimi yerdə satılan kartof gördüm, təzə çıxan kartof idi, qiymətini soruşanda şok oldum; kilosunu 120 krona (12 yevro) dedi. Satıcı norveçli yaşlı kişi idi. Dedi özüm yetişdirmişəm, soruşdum bəs niyə belə baha, dedi bu dükanlarda satılandan deyil… Bizim Gədəbəy kartofuna oxşayır. 2-3 dənə aldım, gətirib qaynatdım ki baxım görüm bunun sirri nədir. Qaynayıb bişəndə qum kimi tökülür, qurudur. Bir də yuyulmamışdı; bu ölkədə yuyulmamış kartofu heç kim almır. Əslində yuyulmuş kartof tez xarab olur, göyərir- bunu başa düşən azdı. Amma inanmıram dərmansız burda nəsə yetişsin, hava üzündən mümkün deyil.
 Azərbaycanda yeni ildən marketlərdə sellofan torbalar pullu olacaq. Bu Norveçdə çoxdan belədir. Mən bu ölkəyə təzə gələndə bəzilərində pulsuz idi, bəzilərində heç 1 kron da deyildi, sonra yavaş-yavaş qiyməti qalxdı, bütün dükanlarda pullu oldu. İndi isə bir torbanın qiyməti 2-5 krondur, hətta yaxın ölkələrdə bundan da baha olduğunu bilirəm. Finlandiyada da o sistemə keçilib, adını da qoyublar guya ekologiyanı qorumaqçündü.
 O gün saçıma rəng qoymuşam, bəzi tanıyanlar görüb təəccüblə soruşur saçına rəng qoymusan, çünki burda saça rəng qoydurmaq ən azı 200-250 dollara başa gəlir və fikirləşir ki az maaşla bu necə çatdırır… Dedim arxayın olun, nə buradan rəng almışam, nə də rəng qoydurmuşam, Azərbaycandan 2-3 manata aldığım rəngdi, gətirib özüm qoymuşam. Burda da bəlaya duşdum))), indi üstümə gələnlər nə qədərdir ki, eyni o rəngdən bizə də al gətir… İndi qayıdım o 3-4 min yevroya. Bu maaşla sən heç ev xərclərini düz-əməlli çatdıra bilməzsən! Ayın sonuna əlin boş qalacaq, tək yaşasan isə lap ağır olacaq. Tam hüquqlu vətəndaş aldığı maaşdan ödəmələr etdikdən sonra ona heç 300-400 yevro pul qalmır. Bu da ki ancaq yeməyə gedir. Buranın yaşayışı onda normal olur ki, ailədə 2 nəfər yüksək maaş alsın.
 Avropada vəziyyətin belə olduğunu Azərbaycanda heç kəsə inandıra bilmirəm. Amma neçə illlərdir burda yaşayanlar yerli şəraiti az-çox düzgün başa düşürlər. Bir ölkədə ki gedib saç kəsdirəsən, rəng qoydurasan- sənə varlı adam kimi baxalar! Avropa ölkələrində əsasən bərabərliyə üstünlük verilir; sən kimsədən yuxarıda dayanmamalısan, yoxsa sənə o qədər qısqanclıq yaranır ki, bunun ziyanını müxtəlif formalarda çəkirsən... İldə bir dəfə Azərbaycana gedib gəlirəm, özümlə rəng alıb gətirirəm, ildə 1-2 dəfə özüm qoyuram, o da gözə girir. Bəli, burada geyimə, saça, dırnağa çox nəzər yetirirlər- yəni fərqləndinsə, vay halına! Gərək dırnaqların pis gündə, içi də qapqara olsun, saçın düzümsüz, daraqsız, paltar da qırış-qırış, çirkli, nə gəldi geyəsən; baxırsan ətəyi yerlə sürünür şalvarın, ayaqabının ipi yarım metr yerdə gedir… nə bilim e! Burda Rusiyadakı, ya da bizdə Azərbaycandakı kimi çox adam salona getmir. Sizə fotolar ataram, şoka düşərsiniz; çoxlu sayda qadın ordusu, birinin də saçında rəng yoxdur, hamısı ağarıb…
 Hələ etika, mədəniyyət, senzura xatirinə çox şeyi yazmıram. Mən ancaq bunların qəzet, tv və internetində deyiləni yazıram. Vallah burdakı qadınlar bir gündədi ki... Daha söz tapmıram yazmağa, nə yazım axı… Hər şeyi bəyəm yazmaq olur?.. Bunların heç nazirləri bizim kənddəki müəllimlərimiz qədər ola bilməz!
 Tv-də göstərirlər ki, sevgilisi 43 yaşlı qadını o qədər döyüb ki, ölümcül hala düşüb, xəstəxanada 2 gün sonra ölüb. Sonra deyirlər Norveçdə zorakılıq, kriminal hadisələri yoxdur. Burda qızğınlar çox!.. Dəlilər də!..
 Norveçdə dövlətin pulunun çoxu adam axtarmağa gedir -bəli bu doğrudan da belədir,- təsəvvür etməzsiniz ki bir adamın axtarışına nə qədər milyardlar gedir (polis, sıravi insanlar, helikopter, dənizdə üzgüçülər…). Hər gün kiminsə yoxa çıxdığını xəbər verirlər; mən bilmirəm bu necə olur, evdən çıxır qayıtmır, bəzən ölü tapılır, bəzən heç tapılmır, hər yaşdan da adamlar olur… 3-cü gün 24 yaşlı bir qız yoxa çıxıb, tapılmayıb, 5-ci gün isə 50 yaşlı bir qadın, bu gün meyidi tapılıb…
 Norveçlidən adama dost olmaz, dəfələrlə sınamışam. O qədər evə dəvət edib, gözəl, nazlı-nemətli süfrə açıb, oturub söhbət edib sonradan üzlərinin döndüyünü görmüşəm ki! Niyə, nədən? Çünki o mənim kültürümü mənə qaytara bilməz, mənim açdığım süfrəni aça bilməz... Özünü isə məndən aşağı görmək istəmir. Mən təkcə süfrə göstərirəm, əslində mənim məqsədim tam kültürümüzü fərq etmək idi, bir tək süfrə məsələsi deyil- onlar bizə çata bilməzlər!
 Aldanmışıq... Avropanın rahat məişətinə və şişirdilmiş öztəqdimatına. Məsələn, mən, əslində kredit məsələsini bilməmişəm: hökumət konkret olaraq kreditlə insanların cibinə girir.
 İndi durub Azərbaycandakı nöqsanları burda göstərsəm deyəcəklər ki, Azərbaycanın çörəyini yeyib ona təpik atanlardansan. Amma Norveçdə gördüklərimi qeyd edirəm, yenə deyirlər Norveçin çörəyini yeyib ona üz çevirirsən. Bəs nə edəsən, susasan? Mən belə cəmiyyətləri qəbul edə bilmirəm. Biz çox aqressiv, stressli bir periodda yaşayırıq. Kapitalizmdə başda dayananlar ancaq oturub durub insanları necə soymaq barədə düşünürlər. Bəli, harda olur olsun- düşünməyin ki Avropa insanlara şərait yaradır ki necə istəyirsən elə yaşa! Kapitalistlərin və dövlətin xalqı soyma məsələsində əlbir olmaları faktdır.
 Mümkün deyil Norveç kimi ölkələrdə xoşbəxt olmaq. Mən bütün tanıdıqlarımın yaşayışına nəzər salıram, həyatını dərindən bildiklərim çoxdur, ağır dolanışıq şərtləri, ekonomi sorunlar... insanları xoşbəxt olmağa qoymur bu ölkədə! 35 yaşlı qadın biri ilə bir neçə il yaşayıb ayrılıb, indi də özündən 12 yaş böyüklə sevgilidir, hələ də münasibətlərinin nə ilə bitəcəyini bilmir, özü də sıravi biri deyil... Qadın əslən pakistanldır, Norveçdə doğulub böyüyüb, gənc yaşından siyasət meydanına atılıb, hətta cavan yaşında mədəniyyət naziri də olub, indi də siyasətdən getməyib, müxalif partiyada yüksək vəzifədədir. İndi 35 yaşı var. Neçə il bir norveçli kişi ilə birgə yaşadı, sonra yolları ayrıldı, indi də özündən 11 yaş böyük norveçli ilə sevgili olub. Norveçlinin isə əvvəlki evlilikdən iki böyük uşağı var (17-19 yaş). İntervü götürürlər; qadına sual verirlər ki bir yerə yığışmaq, evlilik, birlikdə uşaq dünyaya gətirmək (qadının öz uşağı yoxdur) haqqında planlarınız var? Cavab verir ki, hələ tezdir... Bütün həyatı belə getdi. 35 yaş, bir neçə ili də bu kişi ilə keçər. Norveçdə demək olar ki hamı bu tərzdədir. Gündə biri ilə yaşayırlar, ayrılırlar.
 Avropada yaşayan xaricilərin ən böyük qorxusu uşağının əlindən alınması qorxusudur. İndi bilən də, bilməyən də hərə bir yerdən qalxacaq ki, elə narkomanın, alkaşın uşağını alıb düzgün tərbiyə etsələr yaxşıdır. Mən də bunun tərəfində olaram, amma 15 illik təcrübəmdən bilirəm ki, tamamilə belə deyil. Elə ki uşaq bağçada, məktəbdə bikef olur- vəssalam, qanın getdi, uşağı əlindən alırlar! Ya da ananın uşağa bir kəlmə acıqlanması, qışqırması yetir... Guya ki bunlar özgə uşağını doğmadan çox istəyirlər. Sizə bir təcrubədən söyləyim. Bir türk ana mənə uşaq məsələsində başına gələn hadisəni danışıb. Oğlan uşağını onun əlindən alıb bir norveçli ailəyə verirlər, norveçli isə uşağı illər uzunu əlində saxlayıb buraxmır. Yəni necə? Uşaq götürüb saxlamaq bunlarda işdir, hökumət buna görə külli miqdarda pul verir. Həmin uşaq 18 yaşına çatır, amma ailə onu buraxmır. Necə buraxmır? Onun ixtiyarını elə alır ki! Yəni adının üstünə qoyur ki, psixdir, dəlidir, özünü idarə edə bilmir. 25 yaşına çatır, hələ də cavan oğlanı kimsə idarə edir, çünki ailə bundan qazanır. Cavan oğlan tək bir yerə gedə bilməz, pul xərcləyə bilməz... O gün anasını ağlaya-ağlaya gördüm. Demək, bir gün həmin oğlan onu saxlayan qadınla gəzməyə çıxır və özünü dənizə atır... Meyidini tapıb çıxarırlar... Allah adamı nə zəif etməsin, nə də murdar adamlara tuş gətirməsin, Allah hər kəsi belə zülmlərdən qorusun!
 Bu ölkədə hər kəsi psixoloqa göndərib dəli kimi qələmə verirlər. Minlərlə adam tanıyıram ki, bu cür status alıb, amma normal adamdır, səndən, məndən ağıllıdır. Bir də ki əldən alınıb başqası yanında böyüyən uşaq necə normal olacaq- əlbəttə çatışmazlıqları olacaq. Amma burda adi adama da deyirlər ki, psixoloji problemi var; bir az bərkdən danışsın- deyəcəklər bu artıq normal deyil. Çox məsələlər var. Həm də uşaq balacalıqdan nadinc olur- belə şeyi bunlar anormal kimi qəbul edirlər. O qədər qanunsuzluğa qanun donu geydirirlər ki! Niyə uşağı buraxmır? Niyə o yaşda kiminsə qolu altında qalmalıdır ki?!
 Çoxları düzgün məlumat vermir. Ya da qaçqın kimi yaşayırlar, ömrü boyu qanunlardan, həyat şəraitindən xəbərləri olmur. Burda yaşayanlar bilirlər ki, Norveç dövlət və yaşayıs sarıdan yaxşı yer deyil. İstər havası, istərsə də yaşayış səviyyəsinə görə biz onlardan üstünük. Tək nəmişliyi bəs edir. Adicə torpaq alıb ev tikməyə milyon lazımdır, onu da burda qazanmaq qeyri-mümkündür.
 Azərbaycanda olan neqativ halların çoxu burda da hökm sürür; bizdə qanunsuzluqdursa, burda məhz qanunun əli ilə boğaz kəsirlər. Yaşayanlar məsələnin belə olduğunu bilirlər. Xırda bir yazı ilə heç kim heç vaxt heç nəyi başa düşməz. Elə oxumaqla başa düşən olsaydı, 10 il bir şeyi təkrar-təkrar oxuyurlar, sonunda yenə o məsələni dərk eləyə bilmirlər.
 İndiki vəziyyətdə Norveçdə 30 faiz bir dükanda iş tapanda elə bil prezident kürsüsündə oturursan. Bunu mən demirəm, elə o gun bir dükanda 40 faiz işi olan deyir. Amma o 10 ildən çoxdu işləyir. Norveç batır, millət ahu-zar edir. Hər gün nə qədər adamla söhbət edirəm, işləyən də ancaq ödəmələri çatdırır, heç ayın sonuna bir qəpiyi də qalmırr. İki gün qabaq 100 faiz işi olan biri mənə dedi ki, ayın sonudu, bir qəpiyim də yoxdu, dedim verim xərclə, alanda qaytararsan, etiraz etdi ki, kredit kartım var, ordan götürəcəm, tez qaytaracam. Burda pul olmayan kimi kredit kartından itifadə edirlər.
 Uşaq yaşlarında Norveçə gəlmiş, burda böyüyüb təhsil alan bir xarici qadınla danışıram. Bir kiçik uşağı var, əri yoxdur, işləmir, sosial yardımla dolanır. Deyir mənə həmişə nəzarət var; nə alıram, aldığımı necə xərcləyirəm… Deyir geyim-keçim bahalıdır deyə çatdırmaq olmur, o zaman kömək etmək istəyirlər, amma deyirlər get ikinci əldən (geyilmiş) al, çekini gətir, biz də ödəmə edək… Yəni bunlarda belə qənaətlə yaşamaq varmış, biz bilməmişik… İlk dəfə də təəccübüm onda oldu ki, burada şöbə müdirim olan qadın gec ərə getmişdi, az qalırdı 40 yaşı olsun, ilk hamiləliyi idi, məktəbdə uşağı balaca olanlar gətirib ona pal-paltar, uşaq üçün lazımi əşyalar verirdilər…
 Norveçə təzə gələndə rayondakı qohumlardan biri ilə danışırdım. İşlədiyimi bildi, soruşdu ki sürücün var? Daha bilmədim nə cavab verim... Heç vəziyyəti ona tam izah etsən də başa düşməzdi, çünki Norveçi dunyada elə tanıdıblar, sanki bu ölkədə kosmik bir yaşayış var, amma və lakin...
 Mənə “Norveç saxlayır da adamı” deyəndə çox təsir edir. Təkcə pul tapıb yaşamaq yaşamaq deyil. Norveç məni o qədər sıxdı, o qədər sıxdı ki, artıq sözlərim belə tükənib, yaşadıqlarımı sözlə ifadə edə bilmirəm. Bu ölkədə o qədər çətinliklərlə, problemlərlə qarşılaşdım ki! Amma yaxşı ki mübarizə aparmaq əzmim oldu. Mübarizə edə bilməyənlər susub oturur, uzaqbaşı xəstəliklə bir yaşamaq haqqı qazanır. Təkcə dil öyrənməyin elə insana necə təsir etdiyini düşünün, özü də 40 yaşdan sonra! Düşündüklərini öz dilində ifadə etmə, yad millət arasında yaşa; sənə çəpəki baxış, hər addımını izləmə, uşağını əlindən almaq istəmələri... Daha nələri deyim, yazmalı o qədərdir ki!
 Nə isə, mən yazdım, siz isə belə şeyləri çox paylaşıb bizim deputatları ayıltmayın...
09-12-2018 13:28 Baxılıb: 2810    
Şərh bildir